18px16px14px12px

Müxalifət düşərgəsi Əli Kərimliyə qarşı birləşir?

SİYASİ RAKURS
Səbəb AXCP sədrinin söyüş söyməsi və söydürməsidir
 
Son zamanlar AXCP sədri Ə.Kərimli və "REAL"-ın rəhbərlərindən olan, Natiq Cəfərli arasında söz savaşı səngimək bilmir. Hər şey hələ ötən il N.Cəfərlinin Ə.Kərimlini yazdığı məlum statusa görə tənqid etməsi ilə başlayıb.
Azərbaycanda insanlara şər-böhtan atmaqda, insanları qaralamaqda ad çıxarmış Ə.Kərimlinin ətrafında olanlar sosial şəbəkələrdə N.Cəfərli başda olmaqla, "REAL"-çıların üzərinə ən ağır küçə söyüşləri ilə hücuma keçiblər. Cəbhəçilər indiyə qədər istifadə etdikləri ən asan taktikaya yenə də üstünlük veriblər. Cəfərli və onu müdafiə edən "REAL"-çıları Ə.Kərimli dəstəsi "hakimiyyətə işləməkdə", "hakimiyyətin sifarişini yerinə yetirməkdə" suçlayırlar.  Maraqlıdır ki, "REAL"-çılar  savaşı aradan qaldırmağa çalışsalar da, kərimçilər dayanmaq bilmir. Səbəb isə, çox sadədir. AXCP sədrini tənqid edən istənilən şəxs cəbhəçilərin gözündə xain, satqın olur. Ən yaxın dostlar belə... 
 
Fazil Mustafanın Əli Kərimliyə el məsəlini xatırlatması: "Varlının fahişəsi, kasıbın da xəstəsi bilinməz"
 
Kərimli tərəfdarları, "nə edirsən et, bircə Kərimliyə toxunma", prizmasından çıxış edirlər. Çoxsaylı saxta profillər arxasında gizlənən cəbhəçilər sosial şəbəkələri söyüş məkanına çeviriblər.
Bu arada vaxtilə Ə.Kərimli ilə AXC-də eyni sıralarda təmsil olunmuş və hazırda BQP sədri olan millət vəkili Fazil Mustafa da facebook profilində məsələyə münasibət bildirib: "Bu debil, qaragüruh sürüsü adını qoyub ki, Natiq Cəfərli hakimiyyətə işləyir. Mən elə bilirdim ki, bunlar, əsasən, bizim haqqımızda belə böhtanları yaymaqla məşğuldurlar, sən demə, kim ki nəyəsə irad bildirirsə, o zaman dərhal hakimiyyətə işləmək versiyası gündəmə gəlir. Statuslarında İ.Qəmbərin də, Rauf Arifoğlunun da hakimiyyətə işləməsi barədə əminliklə yazılmış rəyləri oxuyuram. Ancaq ümumiləşdirmə aparanda, görürsən ki, "hakimiyyətə işləmək" meyarı kimi bu cahillər bizim üçün Milli Məclisdə təmsil olunmağı əsas götürürlər. İndiyədək nə N.Cəfərli, nə İ.Qəmbər, nə də Rauf Arifoğlu şəxsən Milli Məclisdə təmsil olunmayıblar. 1995-2000-ci illərdə AXCP adı ilə Milli Məclisdə təmsil olunanların hansı tamaşada hansı rol oynadığını bu yaxınlarda YAP iqtidarının təmsilçiləri (Burada YAP İcra katibinin müavini Siyavuş Novruzovun AXCP sədri Ə.Kərimlini ifşa edən məlum açıqlamaları nəzərtə tutulub-R.N.) yerinə və ünvanına qədər açıqladılar. 
Gözlənildiyi kimi, F.Mustafanın həmin statusu Ə.Kərimlinin başına sanki od yağdırdı və nəticədə, onun sosial şəbəkədəki söyüş qrupu -  cəbhəçilər hücum hədəfini dəyişərək, F.Mustafanın üzərinə gediblər. Deputat açıq şəkildə təhqirlərə məruz qaldı, hətta hədyanlar da baş verdi.
Təbii ki, zaman-zaman  AXCP barədə yazdıqlarımız hər keçən gün öz yerini tutmaqdadır. Yəni bu "zümrənin" hansı yuvanın quşu olması çoxlarına bəllidir.  Xüsusilə "REAL"-la yaranan qarşıdurma illər öncə dediklərimizi əyani şəkildə ortaya qoyub. Belə ki, vaxtilə "REAL"-la bəzi qurumlarda təmsil olunan, N.Cəfərli başda olmaqla, "REAL" rəhbərliyini hakimiyyəti tənqid edən tərəf kimi göstərən AXCP indi bu şəxsləri bir anda hakimiyyətlə əməkdaşlıqda ittiham edirlər. Necə deyərlər, mahiyyət ortadadır...
 
"Vicdan məhbusu"nun həyat yoldaşı: "Əli Kərimli hakimiyyətə gəlsə, mühacirət edərəm..."
 
Hətta ötən il Ə.Kərimlinin dəstəsindən olmuş və cinayət əməlinə görə həbs edilərək, sonradan AXCP tərəfindən "vicdan məhbusu" donu geyinririlmiş Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova twitter səhifəsində cəbhəçilərin iyrəncliklərindən bezdiyini belə dilə gətirib və yazıb: "Əli Kərimli hakimiyyətə gəlsə, mühacirət edərəm..."
Yeri gəlmişkən, alternativ AXCP-nin sədri Razi Nurullayev açıqlamasında Kərimli dəstəsi barəsində zamanında dediyi sözlərin nöqtəsindən vergülünə qədər həyata keçdiyini qeyd edib: "Azərbaycan siyasətində söyüşün yolverilməz olduğunu, belə halların başında Əli Kərimlinin dayandığını açıq şəkildə dediyimiz zamanlarda bizə haqq qazandıranlar olsa da, heç bir siyasətçi özündə cürət tapıb, fikrini ortaya qoymadı. Bizi açıq müdafiə edən də olmadı. Çünki onlar Kərimlinin ətrafına yığdığı "zombi"lərin söyüşündən çəkindilər. Bu gün bir partiya rəhbəri, iqtisadçı təhqir olunursa, sabah hər kəs bu halla üzləşə bilər. Ona görə də, Azərbaycan siyasətini bu cür insanlardan təmizləmək yolunu tutmuşuq. Hər kəsdən dəstək gözlədik, amma gəlmədi. Bizə dəstək olmayan şəxslər bu gün Kərimlinin "zombi"lərinin təhqirləri ilə üzləşirlər..."REAL"-a qarşı indiki çirkin kampaniyanı birbaşa Kərimli və ətrafı təşkil edir."     Beləliklə, uzun illərdir davam edən söyüş kampaniyası Ə.Kərimlinin əlində bu il də "rıçaq" kimi istifadə olunacaq. Lakin bu vəziyyət ona yaxşı heç nə vəd etmir. Çünki bütün müxalifət ona qarşı çıxmağa başlayıb.
 
Rövşən NURƏDDİNOĞLU
 



Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər