18px16px14px12px

Pənah Hüseyn yenidən İsa Qəmbərə yalmandı

AXP sədri Müsavatın sabiq başqanını özünə "lider" seçib?
 
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin zaman-zaman Müsavat partiyasının sabiq başqanı İ.Qəmbərin yanında görünməsi və demək olar ki, onu özünə "lider" seçməsi düşərgədə təmsil olunan digər müxalifət partiyaları tərəfindən birmənalı qarşılanmır. Bəziləri onu yaltaqlıqda, bəziləri isə P.Hüseynin İ.Qəmbərdən asılı vəziyyətdə qalmaqda ittiham edir. Lakin bununla yanaşı, bir çoxları AXP sədrinin Müsavatın sabiq başqanını insanlara zorla "lider" kimi sırımaq cəhdlərinə də təəccüblə baxırlar. Belə ki,  bir müddət əvvəl müxalifətin "vahid lideri"nin kim ola bilməsi məsələsi yenidən gündəmə gəlib və burada əsas olaraq, iki şəxsin - AXCP sədri Ə.Kərimlinin və Müsavatın sabiq başqanı İ.Qəmbərin adları hallanıb. Digər partiya sədrləri isə P.Hüseynin bu kimi oyunbazlıqlarından bezdiklərini dilə gətirirlər.  
 
 
ADP sədri: "Bu, mümkünsüzdür"
 
Məsələn, AXP sədrinin fikrincə, AXCP-nin keçmiş sədri Əbülfəz Elçibəy rəhmətə gedəndən sonra müxalifətin lideri ilə bağlı boşluq yaranıb. Onun sözlərinə görə, İ.Qəmbər də Müsavat partiyasının başqanlığından gedəndən sonra guya eyni hal yaşanmaqdadır. Məhz bu fikir partiya sədlrərini hiddədləndirib.
Hiddətlənən müxalifətçi partiya rəhbərlərindən biri də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. ADP sədri P.Hüseynin iddiasına cavab olaraq, bildirib ki, dünyanın heç bir ölkəsində çoxpartiyalı sistemdə "vahid lider" anlayışı yoxdur: "Çünki çoxpartiyalılıq çox liderlin olması deməkdir".
 
Onun sözlərinə görə, müxalifət bir qayda olaraq, müəyyən prosedurlarda uzlaşıb, bir adamı dəstəkləyərək "vahid namizəd" kimi irəli sürə bilər: "Təbii ki, bu ittifaqlar şəkilində həyata keçə bilər. Çoxpartiyalı sistemdə "vahid liderdən" danışmaq olmaz. Hər partiyanın öz ideoloji daşıyıcısı var. Hər sosial qrupun da öz mənfəətləri var. Bu fərqlər onların "vahid lider" olmasına icazə vermir".
 
 
"Bir dəfə də əməli iş tutub siyasi səhnədə rol almaq lazımdır"
 
Bu baxımdan, S.Cəlaloğlu P.Hüseynin İ.Qəmbəri müxalifətin "vahid lideri" kimi sırımaq cəhdlərinin qəbul edilməz olduğunu vurğulayıb. O bildirib ki, əgər müxalifət birləşsəydi, yaxud bir araya gəlməyi bacarsaydı, partiya sədrləri arasından "vahid lider" seçmək olardı, eləcə də, İ.Qəmbərin də adını oraya yazılardı. Lakin müxalifət, nəinki birləşə bilmir, hətta partiyaların özlərində ciddi parçalanmalar baş verir. O cümlədən, İ.Qəmbərin təmsil olunduğu Müsavatda da: "Ona görə də, hesab etmirəm ki, o gəlib müxalifətə liderlik etsin, bu, mümkünsüzdür".
ADP sədri bu kimi məsələləri gündəmə gətirməkdənsə, AXP sədri P.Hüseynə tövsiyə etməyi də unutmayıb. O bildirib ki, boş-boş danışmaqdansa, bir dəfə də əməli iş tutub, siyasi səhnədə rol almaq lazımdır.
 
Rövşən RƏSULOV
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər