18px16px14px12px

İlham Əliyev: “Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev iclasda giriş nitqi söyləyərək 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını dedi. Bildirdi ki, bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb. “Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir”, - deyən dövlətimizin başçısı ötən il qarşıda duran bütün vəzifələrin icra edildiyini, neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhranlı vəziyyətdən çıxış yolu tapıldığını bildirdi. 2016-cı ilin ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayan Prezident İlham Əliyev qəbul edilən qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını qeyd etdi. Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub:
“İqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmışdır. 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir. Əminəm ki, bu nəticələr bu il və bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək.
Ümumi daxili məhsul aşağı düşsə də, - bunun da əsas səbəbi neftin qiymətinin 3-4 dəfə aşağı düşməsidir və bundan irəli gələn investisiyaların, dövlət investisiyalarının azalmasıdır, - digər önəmli göstəricilər bizi sevindirir. Xüsusilə, ölkəmizdə qeyri-neft sənaye istehsalı bu il 5 faiz artmışdır. Bu, o deməkdir ki, bizim uzun illər ərzində apardığımız siyasət öz nəticəsini göstərir. Sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, bax, bu, gözəl nəticəni təmin edibdir. Böhranlı ildə qeyri-neft sənayemizin 5 faiz artması, hesab edirəm ki, çox böyük göstəricidir. 
Digər önəmli göstərici kənd təsərrüfatının inkişafıdır. Çünki hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən sənaye və kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır. 
Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik və artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək və əminəm ki, biz dediyim bütün hədəflərə çatacağıq. 
Baxmayaraq ki, gəlirlərimiz 3-4 dəfə aşağı düşüb, Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına biz ölkəmizə 8 milyard dollar xarici investisiya cəlb edə bilmişik. Bu da çox gözəl göstəricidir. Çünki bu gün bütün dünyada iqtisadi böhran yaşanır, maliyyə çətinlikləri müşahidə olunur və belə vəziyyətdə xaricdən investisiya gətirmək çox çətin məsələdir. Biz bunu təmin etmişik və ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulmuşdur. Daxili sərmayə isə 3,7 milyard dollar olmuşdur. Əvvəlki illərlə müqayisədə bu, daha aşağı rəqəmdir. Ancaq bu, başadüşüləndir, bunun səbəbi də bəllidir. Beləliklə, ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Bir daha demək istəyirəm ki, bu, çox gözəl göstəricidir. Bu göstəricinin mütləq rəqəmləri də çox böyükdür. Əgər bunu adambaşına hesablasaq görərik ki, biz bəlkə də dünya miqyasında ən qabaqcıl yerlərdən birini tuturuq. 
2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun vəsaitini qorumaq idi. Biz buna nail ola bilmişik. Mən indi dünyada gedən proseslərə xalqımızın diqqətini bir daha yönəltmək istəyirəm. Demək olar ki, neftlə zəngin olan bütün ölkələrin valyuta gəlirləri böyük dərəcədə aşağı düşüb. Neft fondları, suveren fondlar, digər fondlar, pensiya fondları, bunların müxtəlif adları var. Bu fondlarda yığılan vəsait kəskin şəkildə aşağı düşmüşdür. Azərbaycanda isə biz demək olar ki, Neft Fondunun gəlirlərini qoruya bildik. Neft Fondunun gəlirləri cəmi 4 faiz aşağı düşmüşdür. Çünki biz valyuta ehtiyatlarımızın şaxələndirilməsi istiqamətində vaxtilə addımlar atmışıq. Bizim valyutamız həm dollarda, həm avroda, həm Britaniya funtunda saxlanılır.
Dolların möhkəmlənməsi, avronun, funtun aşağı düşməsi nəticəsində bax, dollar ekvivalentində bizim Neft Fondumuzun valyuta ehtiyatları 4 faiz aşağı düşmüşdür. Əgər bu məzənnə fərqi olmasaydı, biz o az səviyyəli tənəzzülə də uğramazdıq. Yəni, bu gün Azərbaycan Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. Biz bunu qorumuşuq, qoruyacağıq və əminəm ki, bu il bunu daha da artıracağıq. 
Əlbəttə, böhrandan çıxmaq üçün ən asan yol valyuta ehtiyatlarını xərcləməkdir və biz bunu bəzi yerlərdə görürük. Ancaq biz gələcəyi düşünürük. Biz uzunmüddətli strategiyamızı qururuq. Biz illər boyu valyuta ehtiyatlarımızı qorumuşuq, yığmışıq, ölkə üçün lazım olan infrastruktur, sosial layihələrə yönəltmişik və bu gün də qoruyuruq, artırırıq və artırmalıyıq. 
Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu da çox vacibdir. Çünki biri var bunu biz özümüz deyirik, biri də var ki, bunu beynəlxalq qurumlar qeyd edir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdədir. Bu, yaxşı göstəricidir. Əlbəttə, biz çalışmalıyıq ki, daha yüksək pilləyə çıxaq. Ancaq indiki şəraitdə dediyim bütün o amilləri nəzərə alaraq hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxmışdır. Bu da hesab edirəm ki, rekord göstəricidir. Biz MDB məkanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq. Bax, budur, beynəlxalq aparıcı iqtisadi qurumların hesabatları.”
Prezident İlham Əliyev bildirdi ki, ötən il sosial məsələlərin həlli yenə də diqqət mərkəzində olub, maaşlar 7, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb. Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 yeni məktəb tikilib, 41 tibb müəssisəsi tikilib və ya təmir edilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bundan əlavə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub, göstərilən xidmətlərin sayı artırılıb. “ASAN Viza”nın fəaliyyətə başlaması ölkəmizə turist axınının daha da sürətlənməsinə geniş imkanlar açıb. 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb:
“2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. Eyni zamanda, sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılmışdır, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcəkdir. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik. Gəlirlərimiz azalır, ancaq insanların maaşları artır. Sosial infrastruktur layihələri icra edilmişdir. 485 məktəb təmir edilmişdir, 29 yeni məktəb tikilmişdir, 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir. Bax, biz bu layihələrə lazımi qədər vəsait ayırırıq və bu, bir daha bizim sosial siyasətimizi göstərir. 
Onu da qeyd etməliyəm ki, “ASAN Viza”nın fəaliyyəti nəticəsində ölkəmizə gələcək turistlərin sayı bundan sonra da artacaq. 2016-cı ildə biz bu istiqamətdə dönüş yarada bildik. Ümumiyyətlə, turistlərin axını dünyada mövcud olan iqtisadi durumla bağlıdır. Əgər vəziyyət yaxşıdırsa, daha çox insanlar xarici ölkələrə turist kimi gedirlər. Ancaq bu gün dünyada, dünyanın demək olar ki, bütün bölgələrində iqtisadi böhran yaşanır. Buna baxmayaraq, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 11 faiz artmışdır və əminəm ki, bu il daha da artacaq.  Keçən il ölkəmizdə 35 mehmanxana tikilmişdir, 25 mehmanxana tikilməkdədir, ümumiyyətlə, mehmanxanaların sayı Azərbaycanda 500-dən çoxdur. Amma tələbat daha da artır, daxili turizm inkişaf edir. Mən çox şadam ki, Azərbaycan vətəndaşları daha çox Azərbaycanda istirahət etməyə üstünlük verirlər. Bizdə gözəl təbiət, gözəl şərait, gözəl mehmanxanalar, istirahət zonaları var. Bu gün bütün dünyadan turistlər Azərbaycana axışırlar. Bu da ölkə iqtisadiyyatına böyük mənfəət gətirir. Biz gələcəkdə turizmdən milyardlarla dollar vəsait qazanacağıq və bu, bizim iqtisadi vəziyyətimizə çox böyük dəstək olacaqdır.”
Ötən il beynəlxalq əlaqələrimizin daha da genişləndiyini deyən Prezident İlham Əliyev 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısının səfər etdiyini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini bildirdi, Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz qaldığını vurğuladı. 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunan Prezident İlham Əliyev əks-hücum əməliyyatı nəticəsində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağın işğaldan azad edildiyini bildirdi:
“Keçən il bizim beynəlxalq əlaqələrimiz daha da genişləndi. Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır. Xüsusilə son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə bizim nümunəmiz əlbəttə ki, daha çox diqqət cəlb edir və bizə daha böyük rəğbətlə yanaşırlar.
Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaratdı. Bu qrup artıq fəaliyyətə başlayır. Bu, bizim böyük uğurumuzdur. Son illər ərzində bizim fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul etmişdir. 
Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir - status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq. 2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır.
Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf - Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik.”
2016-cı ilin vacib hadisələrindən danışarkən Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin və “Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını, TANAP layihəsinin böyük hissəsinin icra edildiyini, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü bildirdi. 2016-cı ildə idmançılarımızın Rio Olimpiadasında tarixi nailiyyətə imza atdığını deyən dövlətimizin başçısı sentyabrda baş tutan referendumun nəticələrindən də danışdı, onun xalqımızın iradəsini əks etdirdiyini diqqətə çatdırdı. Ötən ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən Prezident İlham Əliyev bu il çərçivəsində Bakıda bir neçə mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Roma Papasının ölkəmizə səfəri zamanı verdiyi bəyanatların bir daha Azərbaycanın önəmini təsdiqlədiyini qeyd etdi.
Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.
Prezident İlham Əliyev yekun nitqində inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini dedi, bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirdi. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan dövlətimizin başçısı qarşıdakı illərdə paytaxtda iki minə yaxın sosial mənzilin inşa olunacağını və Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə start verildiyini, “Ağ şəhər” layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzə Pir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını, ictimai yerlərin yaradılacağını bildirdi.
2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsinin, inflyasiyanın birrəqəmli olmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini dedi. Dövlətimizin başçısı sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə də taxıl, pambıq, çay, barama və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışdı, istehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğuladı.
Ölkədə infrastrukturun yaradılması, qazlaşdırılmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev hərbi potensialın gücləndirilməsinə dair əlavə tədbirlərin görüləcəyini bildirdi, ekoloji tədbirlərin, ölkəyə turist axınının stimullaşdırılmasının, “ASAN xidmət”in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasının diqqət mərkəzində saxlanıldığını vurğuladı.
Prezident İlham Əliyev 2017-ci ildə Bakının bir sıra beynəlxalq tədbirlərə, həmçinin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini dedi. Dövlətimizin başçısı 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etdi.
SES QEZETI


Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər