18px16px14px12px

Sədaqət Vəliyeva: "Prezident İlham Əliyevin Sərəncamı dövlət orqanları üçün "yol xəritəsi" olacaq"

"Bu gün Azərbaycanda hərtərəfli transformasiya prosesi gedir və zamanın çağırışlarına, tələblərinə əsasən, ölkəmizdə bütün sahələrdə yeniləşmə, təkmilləşmə gedir. Penitensiar sahənin inkişafı və cəza siyasətinin humanistləşdirilməsi prosesi də ümumi reformalar siyasətinin tərkib hissəsidir. Ona görə də, Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixində imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı yüksək dəyərləndirilir". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamı ölkə başçısının humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir: "Bu, eyni zamanda, cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsinin başlanğıcıdır. Çünki sözügedən Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün "yol xəritəsi" olacaq".
"Hazırkı dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması və səmərəli idarəetmənin təşkili zərurətə çevrilib" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, haqqında danışılan sahədəki bütün problemlərin aradan qaldırılması üçün kompleks institusional, qanunverici və praktiki tədbirlər görüləcək: "Sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətlərin dekriminallaşdırılmasıdır. Eyni zamanda, burada böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə, həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması da nəzərdə tutulur. Sərəncamdan irəli gələn məsələlərdən biri də penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, həmçinin, cinayət təqibi və cəzaların icrası sahəsində müasir texnoloji vasitələrin tətbiq edilməsidir. Eyni zamanda, Sərəncama əsasən, Ədliyyə Nazirliyi qarşısında müvafiq vəzifələr müəyyən edilib, habelə, Baş Prokurorluğa və məhkəmələrə tövsiyələr verilib".
 



Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər