18px16px14px12px

Separatçı rejimdə keçiriləcək referendumun heç bir hüquqi əsası yoxdur

Bununla işğalçı Ermənistan sülh danışıqlarını pozmağa, status-kvonu saxlamağa cəhd göstərir
 
Məlum olduğu kimi, bir daha Ermənistan beynəlxalq hüquq normalarını və prinsiplərini pozaraq, qondarma Dağlıq Qarabağ rejimində konstitusiyada dəyişiklik həyata keçirmək üçün referendum keçirməyi planlaşdırır. Bununla da işğalçı Ermənistan sülh danışıqlarını pozmağa, status-kvonu saxlamağa cəhd göstərir. Söhbət etdiyimiz müsahiblərimiz separatçı rejimin planlaşdırdığı referendumun təxribatdan başqa bir şey olmadığını bildirdilər. 
 
Millət vəkili  Rövşən Rzayev:
 
- Ermənistanın qondarma Dağlıq Qarabağ rejimində konstitusiyada dəyişiklik həyata keçirmək adı altında referendum keçirməsinin heç bir hüququ əsası yoxdur. Bu, təxribat yönümlü addımdır. Özlərini beynəlxalq aləmdə bir qurum kimi göstərmək istəyirlər və konstitusiyalarının mövcud olduğunu bildirməyə cəhd edirlər. Bununla, Ermənistan dünyaya həm də, yalançı siyasətini sırımağa çalışır. Ona görə də, buna diqqət yetirməyə də dəyməz. Çünki bu cür təxribatları Ermənistan rəhbərliyi tərəfindən tez-tez müşahidə edirik. Bir sözlə, bu, əhəmiyyətsiz bir referendumdur. Dünyanın heç bir ölkəsi bunu qəbul etmir və etməyəcək də. 
Ermənistanın işğalçılıq siyasətinə güclü dövlətlərin göz yumması ikili standartların mövcud olduğu deməkdir. ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyət göstərən dövlətlərin bu məsələyə biganə qalmaqları danılmaz  reallıqdır. Yəni həmsədr dövlətlərin siyasətinə həmin dövlətlərdə yaşayan erməni lobbisinin güclü təsiri var. Amma MQ-yə üzv dövlətlər düşünməlidirlər ki, Azərbaycanla Ermənistan arasında nəzərdə tutulan sülh danışıqları bir anın içərisində müharibə ilə əvəzlənə bilər. Yəni Cənubi Qafqazda gözlənilməyən bir dəhşət baş verə bilər. Onun qarşısını almaqdan ötəri də ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri düşünməlidirlər ki, bu cür problemin qarşısını almaqdan ötəri yeganə yol dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq hüquq prinsiplərinə riayət etməkdir.
 
Millət vəkili Eldəniz Səlimov:  
 
- Azərbaycan Respublikasının əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağda başqa bir qurumun referendum keçirməsi beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, həm də beynəlxalq hüquqa "yenilik" gətirmək kimi başa düşülür. Azərbaycan dövləti Ermənistanın qanunazidd hərəkətlərinə beynəlxalq hüquq normalarına uyğun olaraq, adekvat tədbirlər görür, bəyanatlar verir və digər formada öz etirazını bildirir. Dünyanın aparıcı dövlətləri ikili standartlarla fəaliyyətlərini davam etdirdiklərinə görə, Ermənistanın qanunsuz hərəkətlərinə göz yumaraq, hətta onu müdafiə edirlər. Ermənistan Azərbaycan dövlətinə qarşı cinayət törətmiş Aleksandr Lapşinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycana gətirilməsini və Azərbaycan qanunlarına uyğun mühakimə olunmasını unutmasın.
 
Politoloq Cümşüd Nuriyevin:
 
- Qondarma "DQR"i heç Ermənistanın özü belə tanımayıb. Yəni qondarma Dağlıq Qarabağ rejimində konstitusiyada dəyişiklik həyata keçirmək üçün referendumun elə bir hüquqi gücü olmayacaq. Digər tərəfdən, Ermənistanın özü də parlament seçkilərinə hazırlaşır və həmin seçkilərdə, Sarkisyan Dağlıq Qarabağ ermənisi olduğuna görə, bir növ yenidən Qarabağ müstəvisində hansısa siyasi xallar əldə etmək istəyir. Bu məsələ buna hesablanıb. O cümlədən də, bunlar Azərbaycanın daxilində guya hansısa narazılıq dalğasının yaranmasını fikirləşirlər. Ümumiyyətlə, birinci dəfə deyil ki, qondarma Dağlıq Qarabağda bu tip qeyri-hüquqi addımlar atılır. İşğalçı ölkə olan Ermənistanın bu cür hərəkətlərə əl atması bir daha onların savadsızlığından xəbər verir. Çünki beynəlxalq hüququn hər hansı bir prinsipində tanınmayan qondarma bir qurumun keçirdiyi və yaxud da keçirmək istədiyi istənilən seçki və referendumun heç bir hüquqi gücü yoxdur. Əgər başa düşə-düşə buna gedirlərsə, deməli, ermənilər və onların başbilənləri bədbəxt adamlardır. Ümumiyyətlə, bütün dünya bilir ki, Ermənistan işğalçı bir ölkədir və Azərbaycan torpaqlarını işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı olan məsələlərə baxılmalıdır. Çünki işğalçı ölkə olan Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı olaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, həmin qətnamələr hələ də bu günə kimi icra olunmayıb. Ermənistanın rəhbəri Serj Sarkisyan BMT-nin hüquq normalarını pozduğuna görə, məsuliyyətə cəlb olunmalı, Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. 
 
Siyasi şərhçi Azər Həsrət:
 
- Ermənistanın bu əməli illərdir davam edən işğal siyasətinin tərkib hissəsidir. Bunun adını referendum qoyublar. Amma bəllidir ki, hansısa referendumdan söhbət gedə bilməz. Birincisi, ona görə ki, bu torpaqlar Azərbaycanın BMT tərəfindən tanınan əraziləridir. İkincisi isə, orada heç bir legitim hakimiyyət yoxdur ki, referendum keçirilə. Bu isə, o deməkdir ki, Ermənistanın dünyaya referendum kimi sırımaq istədiyi akt, sadəcə, fiksiyadır. Bunlar düşünürlər ki, bu yolla işğal altındakı torpaqlarda qurduqları oyuncaq rejimi təbliğ edəcəklər. Amma alınan deyil. Çünki manipulyasiya mümkün olsa da, dünyanı aldatmaq mümkün olan deyil.
 
GÜLYANƏ
 



Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər