18px16px14px12px

Qondarma referendum heç nəyi həll etməyəcək

Bu, Sarkisyana arxadan vurulan zərbə olacaq
 
Məlum olduğu kimi, fevralın 20-də Ermənistan Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma qeyri-qanuni rejimdə "konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum" keçirilməsini planlaşdırır. Ermənistanda baş verən siyasi və iqtisadi gərginlik planlaşdırılan "referendum"un Sarkisyan rejiminə növbəti zərbəsi olacağını təsdiqləyir.
 
 
Ermənistanın absurd iddiaları və gerçəkliyi 
 
Keçiriləcək referendum bir daha göstərəcək ki, Ermənistanın, Sarkisyan rejiminin Dağlıq Qarabağ münaqişəsini siyasi yolla həll etmək niyyəti yoxdur və  sadəcə, bəzən danışıqlara getməklə beynəlxalq ictimaiyyətin gözünə kül üfürür, onu aldatmaq istəyirlər. Reallıqda isə, əsas məqsəd status-kvo vəziyyətini qoruyub-saxlamaqdan ibarətdir.
Bu da, real faktdır ki, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma "DQR"-də "konstitusiya islahatları" ilə bağlı keçirəcəyi referendumun hüququ əsasları yoxdur. Çünki Ermənistan özü qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırsa və tanısa belə, onun hüququ statusu yoxdur və  Ermənistanın bu addımı beynəlxalq hüquqa ziddir. 
Digər ən maraqlı bir məqam isə, Ermənistanın özünün belə tanımadığı qondarma "DQR"-də referendum keçirilməsi "prezident institutunun güclənməsi"nə hesablanıb. Erməni politoloqları da "DQR"-də keçiriləcək referendumu müharibə hazırlığı ilə əlaqələndirirlər. Politoloq Aleksandar İskandaryan deyir ki, Qarabağda yeni müharibə gözləniləndir: "Buna görə də, təhlükəsizliyin gücləndirilməsi və cəmiyyətin birləşməsi lazımdır. Aprel müharibəsi bizə böyük dərs oldu".
Stepan Safaryan da referendumda hakimiyyətin, daha doğrusu, rejimin  güclənməsi və müharibə şəraitində daha çevik hərəkət edə bilməsi məsələsinin həll ediləcəyini deyib.
 
 
Kiro Manoyan: "Münaqişənin həlli üçün danışıqlar masasına qayıtmaqdır"
 
Qeyd edək ki, Qarabağdakı ermənilər də referenduma şübhəli yanaşırlar və əsasən, İrəvan hakimiyyətini tənqid edirlər. Erməni millətçiliyini dəstəkləyən "Daşnaksütyun" partiyasının nümayəndəsi Kiro Manoyan hesab edir ki, keçiriləcək referendum "DQR" rejiminin güclənməsinə hesablanıb: "Bu hakimiyyətin bir əldə cəmlənməsi və istədiyini etməyə hesablanmış addımdır". 
O, hesab edir ki, "DQR"-də "siyasi idarəçilik" dəyişikliyi münaqişənin həllini çətinləşdirəcək: "Bu daxili çaxnaşmalara da səbəb olacaq. Daxili çaxnaşma isə Qarabağın itirilməsinə gətirib çıxara bilər. Ona görə də, münaqişənin həlli üçün ən vacib məsələ danışıqlar masasına qayıtmaqdır." 
 
Cümşüd Nuriyev: "Ermənistanın sözügedən "konstitusiya islahatları" savadsız siyasi addımdır"
 
Sözügedən məsələ ilə bağlı politoloq Cümşüd Nuriyev "Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma "DQR"-də "konstitusiya islahatları" ilə bağlı keçirəcəyi referendumun hüququ əsasları yoxdur: "Çünki Ermənistan özü qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır, tanısa belə, onun hüququ statusu yoxdur. Ermənistanı bu addımı beynəlxalq hüquqa ziddir. Münaqişə olan yerdə, ümumiyyətlə, bu məsələlər müzakirə olunmur. Bu baxımdan,  düşmən ölkənin qondarma "DQR"da referendum keçirmək istəyi daxili auditorioyaya hesablanıb". 
 
 
Qabil Hüseynli: "Ermənistanın təxribatçı addımının arxasında bəzi Qərb dövlətləri dayanır"
 
Politoloq Qabil Hüseynli isə bildirib ki, bu təxribatçı addımın arxasında bəzi Qərb dövlətlərinin özü dayanır deyə, bu məsələyə, Gürcüstanda olduğu kimi, etiraz etmirlər, ayrı-seçkilik yaranır: "Son dövrlərdə dəfələrlə şahidi olduq ki, bir sıra Qərb ölkəsi Ermənistana arxa olduğunu göstərən bəyanatlar yaydı, hətta Ermənistan rəhbərliyi ilə bəzi görüşlər keçirərək, işğalçı ölkənin tək olmadığını göstərdilər. İndi birdən-birə danışıqlar prosesini alt-üst edən bir addımın atılması-referenduma cəhd təkcə Ermənistanın istəyi, arzusu ola bilməzdi. Bu, o deməkdir ki, mən heç kimi saymıram, Minsk prosesi də tamamilə pozulur. Halbuki bu referendum məsələləri, Madrid prinsipləri, Kazan və ya Sankt-Peterburq razılaşmalarında son etap kimi qəbul edilib. Qərbdə də gözəl bilirlər ki, Dağlıq Qarabağın statusunu müəyyən edən referendumun keçirilməsi son etap idi. Azərbaycan isə işğal olunmuş ərazilərində, indiki halda, hər hansı referendumu heç vaxt qəbul etməyib. İndi birdən-birə, nəinki referendumun son etapa salınması, onun önə çəkilməsi ortaya çıxıb. Guya aparıcı dünya ölkələrində bilmirlər ki, işğalçı işğal olunmuş torpaqları qaytarmadan orada hər hansı referendum keçirmək hüququna malik deyil?".
Qabil Hüseynli onu da vurğulayıb ki, Qərb dövlətlərinin bu məsələdə ikili standart nümayiş etdirməsi bizim üçün, əslində, qeyri-adi hal da deyil: "Məsələn, həmsədr dövlətlərdən olan Fransanın indiki halda prinsipsizliyi, susqun mövqeyi heç də təəccüblü deyil. Bu, müharibəyə çağırışdır, Cənubi Qafqazda müharibə alovunun yenidən körüklənməsidir. Buna göz yuman beynəlxalq təşkilatlar da tarix qarşısında cavab verəcəklər. Sən işğalçıya "qoşunlarını geri çək" demirsən, hələ bir burada hansısa referendum keçirilməsinə də göz yumursansa, bu, artıq siyasət, diplomatiya yox, aşkar şəkildə qara niyyətdir! "Görünür, bölgəni qarışdırmağa çalışanlar var, müharibəyə təhrik edən Ermənistanın əməlinə qarşı susanlar sonradan peşman olacaqlar. Azərbaycan dəfələrlə bəyan edib ki, onsuz da, bu torpaqlar Azərbaycanın müvəqqəti işğal altında olan əraziləri sayılır. Bu işğal müvəqqətidir. Bu, bir daha göstərir ki, Ermənistan silahlı münaqişənin siyasi həllində, həqiqətən, maraqlı deyil. Qeyri-qanuni "referendum" Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də, hər hansı bir hüquqi qüvvəsi ola bilməz. 
A.SƏMƏDOVA
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər