18px16px14px12px

Çağdaş mətbuatımızda qürurla səhifələdiyimiz QƏZET

"Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı"
Ümummilli Lider Heydər Əliyev
 
Müstəqil Azərbaycanın demokratik inkişaf yolunda müstəsna xidmətləri olan "Səs" qəzeti bu gün 26 illik tarixini qeyd edir. Bu gün qəzetin 5235-ci nömrəsi oxucularımızın ixtiyarındadır. Çap olunmağa başladığı ilk gündən elə ölkənin həyatında tanınan, Azərbaycan həqiqətlərinin xalqa çatdırılmasında obyektivliyi ilə seçilən "Səs" bir mətbu orqan kimi maraqla oxunub. İlk nömərəsindən bu günə qədər tutduğu yolu davam etdirərək, amalının müdafiəçisi tək zamanın səsini bəyan edib. Azərbaycanın 26 illik tarixi səhifələrinə həkk olunub. "Səs" ictimai-siyasi qəzeti yaşadığı zamanın hesabatında qürürla, dəyanətlə dayanıb çağdaş dünyamıza həqiqətləri çatdırıb. 26 ildə saxta tarixdən deyil, zamanın həqiqətlərindən, burulğanlı, təlatümlü, mübarizəli, mücadilə ilə dolu bir dövründən - müstəqilliymizdən söz açıb. Zamanımız üçün fəxarətlə səhifələdiyimiz səhifələrdə milli düşüncə, milli qeyrət, heysiyyət, qəhrəmanlıq, azadlıq kimi məfhumlarla qarşılaşırıq. Milli mətbuatımızda çəkisi, yeri olan "Səs" qəzetinin çağdaş dünyamızın aynası və tərəzisidir. 
Yarandığı zamandan xalqın səsini səsində birləşdirərək, dünyaya Azərbaycanın səsini çatdırdı. Bu səs ədalətə, haqqa səslədi milyonlarla insanları. Təlatümlü zamanda xalqın səsini ucaltdı. Müstəqilliyə gedən yolda, "Qoy ədalət zəfər çalsın" prinsipini əsas götürərək qısa zaman məsafəsində Azərbaycanda bu qələbənin təntənəsini səhifələrində dərc etdirdi.
REAL MƏNZƏRƏNİ GENİŞ İCTİMAİYYƏTƏ ÇATDIRAN YEGANƏ MƏTBU ORQAN  
Tarixə səyahət edərək bildirək ki, "Səs" qəzetinin yaranması 1990-cı illərin hadisələri ilə, Azərbaycanda milli-azadlıq hərəkatının başlaması ilə bağlıdır. Hərəkatın ilk dövrlərində ermənilər tərəfindən dağıntılara məruz qalan sərhədyanı rayonlara, kəndlərə kömək etmək və insanların yurd-yuvalarını tərk etmələrinin qarşısını almaq üçün Azərbaycanın bir qrup ziyalısı akademik Fərəməz Maqsudovun rəhbərliyi ilə "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətini yaratdılar. "Səs" ictimai-siyasi qəzeti də "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq, dərc olunmağa başladı. Həmin illərdə Azərbaycanda yaşanılan ictimai-siyasi böhran, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və soyqırımı siyasəti, olduqca ağır  sosial-iqtisadi durum, insanların üzləşdikləri çətinliklər qəzet səhifələrində işıqlandırıldı. Gerçəklik qəzetin səhifələrinə yol açdı. Real mənzərəni geniş ictimaiyyətə çatdıran yeganə mətbu orqan "Səs" qəzeti idi. "Səs"  qəzeti o zaman Azərbaycanda daha çox oxunan, əldən-ələ gəzən mətbu orqana çevrilmişdir. Ölkədə gedən ictimai-siyasi proseslər qərəzsiz şəkildə qələmə alınırdı. "Səs" üçün yaşanılan illər hamar olmayıb. Elə ilk addımından təzyiqlə üz-üzə qalıb, sonralar qəzetə dəfələrlə hücumlar edilib. Lakin bu hərəkətlər vətəni sevən, həqiqətən, Vətən keşiyində duran qəzetin fədakar kollektivini haqq-ədalət yolundan, milli mücadilədən çəkindirməyib.
Ümummilli Liderimiz Heydər Əliyevin çıxışlarını, ideyalarını təbliğ etməkdə vuruş meydanına çevrilən qəzet geri çəkilmədi. Bu prinsipiallıq olmasa idi, 1992-ci ilin oktyabrında ölkə ziyalılarının xalqın iradəsini ifadə edən Ümummilli Lider Heydər Əliyevə ünvanlanan müraciəti "Səs" qəzetində dərc olunmazdı. Ulu Öndərimiz, əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı və bu cavab da "Səs" qəzetində yer aldı. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra "Səs" qəzetini özü üçün doğma qəzet adlandırması da, məhz bu mübarizliyə verilən qiyməti idi. Ulu Öndər Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında "Səs" qəzetini xarakterizə edərək, qəzetin xidmətlərini xüsusi qiymətləndirir: "O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə, çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. "Səs" qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində, məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş qəzetdir".
"SƏS"İN YOLU AZƏRBAYCAN MƏTBUATI ÜÇÜN NÜMUNƏVİ MƏKTƏBDİR
1991-ci ilin 11 yanvar tarixində ilk sayı işıq görən qəzet elə həmin zamandan bu günə qədər əqidə və prinsinini rəhbər tutaraq, dövlətimizin qarşısında duran çətin sınaqları dəf etmək üçün silahlanıb. Azərbaycanın müstəqilliyinin yaşıdı olan qəzet bu çətin dövrdə azadlıq istiqlalçısı kimi tarixi zamanla bərabər addımladı, şərəfli bir yola körpü saldı və fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrildi. Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılması, təbliği, Azərbaycana xidmət idi xalqda bu sevgini oyadan. 
Mövcudluğunu qoruyub-saxlamağa çalışan o zamankı siyasi hakimiyyət çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. Hərbi senzuranın tətbiqi adı altında işıq üzü görən qəzetin üzərində nəzarət daha da gücləndirilmişdi. Tarixi faktlardan bizə bəllidir ki, 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün silahlı çevriliş yolu ilə hakimiyyətə gəlməsi isə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyəti daha da pisləşdirdi. O zamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirdi. Bu da qəzetdə çalışan əməkdaşların sərbəst fəaliyyətinə təsirini göstərməkdə idi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlandı. Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın əsasını qoymuş lider kimi böyük ehtiramla anılır. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması "Səs"in vətəndaş cəmiyyəti quruculuğunda rolunu daha da fəallaşdırdı. "Səs" mövcud proseslərdən kənarda qalmadı.
YAP-IN FƏALİYYƏTİNİN TƏBLİĞİNDƏ VƏ İŞIQLANDIRILMASINDA QƏZETİN ÖZÜNƏMƏXSUS ROLU
"Səs" qəzetinin keçdiyi tarixi yolu, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. YAP-ın yarandığı ilk illərdə "Səs" qəzeti, bilavasitə partiyanın mətbu orqanı kimi fəaliyyət göstərib, onun fəal təbliğatı ilə məşğul olub, məram və məqsədlərini ardıcıl, məqsədyönlü, məzmunlu və uğurlu şəkildə təbliğ edib. "Səs" qəzeti bu gün də bu şərəfli missiyanın daşıyıcısıdır. Belə ki, YAP-ın ideyalarının ən fəal təbliğatçısı kimi çıxış edir. Partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında qəzetin özünəməxsus rolu var. YAP-ın mövqeyini, siyasi kursunu müdafiə edən qəzetlər sırasında "Səs" qəzeti öz ardıcıllığı, mübarizliyi və məqsədyönlülüyü ilə seçilir. "Səs"in yolu Azərbaycan mətbuatı üçün nümunəvi məktəbdir. Bu gün təvazökarlıqdan uzaq olsa da, bildirək ki, "Səs" qəzetinin milli mətbuatımızda özünəməxsus yeri var.
"Səs" bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-ın  Sədri İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə  müdafiə edir. Qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri səhifələrində işıqlandırır. Obyektiv, peşəkar qələm cəmiyyətin maraqlarına, vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Bu da öz ədalətli mövqeyində dönməz olan "Səs"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin oxucu auditoriyasını bir qədər də genişləndirir.
Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında "Səs" qəzeti öz yolunu davam etdirir.
O illərdə olduğu kimi, hazırda  da respublikamızın həyatında mühüm hadisələrin işıqlandırılmasında vətəndaş cəmiyyətində mühüm rola malikdir. Keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında cəmiyyət qarşısındakı məsuliyyətini dərk edərək fəaliyyətdədir. Mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi qəzetin mövqeyində özünü göstərir. Hər zaman qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümummilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli məqalələrini çap etdirməklə  ənənəsinə sadiqliyini nümayiş etdirir.
Bu gün dövlətə, dövlətçilik ənənələrinə sadiq qalan "Səs" qəzeti bir sıra mətbu orqanlar kimi dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun həyata keçirdiyi layihələrdən bəhrələnir və bu da jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsirini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Səs"in bir neçə jurnalisti fəxri adlara layiq görülüb, mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə evlə təmin olunublar. Dövlət tərəfindən bu qiymət hər zaman hiss olunur. Yaradıcı insanların əməyi yüksək qiymətləndirilir.
"Səs" qəzeti bu gün də dövlətə, YAP-ın siyasi kursuna, daşıdığı dəyərlərə sadiqdir və daim bu amal uğrunda çalışır. Zamanla ayaqlaşan qəzet dövrün tələblərinə cavab verir, yenilənir, müasir texnologiyalara yiyələnir. Bu gün qəzetin bazasında yaradılan "Səs" İnformasiya Agentliyi (SİA), SəsTV fəaliyyət göstərir.
Bu gün "Səs" qəzeti 26 yaşını qeyd edir. Tarix üçün böyük olmayan bu rəqəm uğurlara imza atan qəzet üçün böyük tarixdir. Mətbu orqan hər zaman olduğu kimi, heç şübhəsiz ki, bundan sonrakı dövrdə də öz missiyasını yerinə yetirəcək. Sağlam əqidə, milli özünüdərk ruhunda köklənmiş insanları ətrafında birləşdirən "Səs" qəzeti Ümummilli Lider Heydər Əliyevin ideyalarını qətiyyətlə təbliğ edib, müasir Azərbaycanın inkişafından, onun müasirləşməsindən, əhalinin sosial rifahının yüksəlməsindən söz açır. 
Bəli, "Səs" qəzeti müstəqil mətbuat tariximizdə özünəməxsus yeri, dəst-xətti, eləcə də, şərəfli tarixçəsi olan mətbuat orqanıdır. Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə sədaqət amalıdır ki, şərəfli yolunda neçə-neçə onillikləri yaşayacaq. 
    
Nəzakət ƏLƏDDİNQIZI 
 



Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər