18px16px14px12px

Mixay Emineskunun şeirləri ana dilimizdə

Rumın ədəbiyyatının korifeylərindən sayılan Mixay Emineskunun doğum günü ilə (1850-1889) əlaqədar hər il yanvarın 15-də Rumın Mədəniyyət Günləri keçirilir. Artıq neçə illərdir ki, bu tədbir Azərbaycanda da geniş səpkidə qeyd olunur. Demək olar ki, bizim vətənimizdə Mixay Eminesku yaradıcılığı ana dilimizdə oxucular tərəfindən oxunur, tanınır və sevilir. Hər il olduğu kimi, bu il də yanvarın 15-də Rumıniya Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri cənab Dan İankunun təşəbbüsü ilə Rumın  Mədəniyyət Günləri ilə bağlı "Poeziya gecəsi" adlı tədbir  keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fəxri Mədəniyyət İşçisi, şairə Fəridə Hacıyevanın Mixay Eminesku yaradıcılığından tərcümə etdiyi nümunələrdən bir neçəsini oxucularımıza təqdim edirik: 
 
MƏNİM TƏNQİDÇİLƏRİMƏ
 
Güllər çoxdur yer üzündə,
Gül var ətri könül sökür.
Doğulmamış, mənfur ölüm,
Bu gülləri qırıb tökür.
 
Qafiyəni qırmaq asan,
Nə məntiq var, nə həyəcan.
Boş sözləri düzüb elə,
Mən də nəğmələr qoşacam.
 
Kədərlə, ehtirasla,
Ürək oda dönəcək.
Onların lal səsindən,
Ağlım qiyam edəcək.
 
Fikirlərim qapı döyür,
Gen dünyaya yol axtarır.
Ömrün astanasında
Yeni ruhla söz axtarır.
 
Sirlə dolu ömrün üçün,
Qəmlə birgə çılğınlığın.
Varmı görən bir məhkəmə?
Görə bilək baxışında
Buza dönmüş soyuqluğu.
 
Göylər üstümə gəlir,
İlahi! Bəlaya bax.
Haqqı görməyə gəlir,
Hardan o sözü tapaq.
 
Tənqidçim, dediyin nə?
Sən sonsuzsan, canın yox.
Qafiyəyə nə var ki,
Fikrin, həyacanın yox.
 
LEUTARIN NƏĞMƏSİ
 
Gedə-gedə inam itib,
Qəm yuxulu zamanda.
İllər boyu kafir kimi,
Mən gedirəm nağılların
Anlaşılmaz ahında.
 
Səhralıqda moizəyəm,
Sınan saz fəryadıyam.
Ölə-ölə mən gedirəm,
Hayın-küyün yanındayam.
 
Müqəddəs yağın ətri
Əzabla, əziyyətlə
Dodağımı dondurur.
Qu quşuna oxşaram.
Çaydan bum-buz su içib,
Dodağını dondurur.
 
Arzular yorğunlaşıb,
Fikrim susub başımda.
Qartal idim qayalarda.
Elə, elə xaç olaydım,
Qara günlü baş daşımda.
 
Əməlimin mənası nə?
Görücülük deyil asan.
Dünyam məni eşitmirsə,
Alınarmı ulduzları
Mən oxusam.
 
YENƏ HƏMİN DALANDA
 
Yenə həmin dalanda,
Pəncərəyə ay düşüb.
Pərdə arxasında sən,
İstəmirsən görüşüb.
 
Güllənib almalıqlar,
Budaqlar ağırlaşıb.
O keçən günlərim də,
Bil, qayıtmaz, korlaşıb.
 
Qəlbin o deyil daha,
Baxışın da başqadı.
Mənsə elə yollarda,
Dolanıram baş qatıb.
 
Vaxt vardı kölgə kimi
Qorxub, yaxınlaşardın.
Sirli-sehirli, incə,
Kolluqda baxışardıq.
 
Səni bağrıma basıb,
Unudardım dünyanı.
Sözümüz, söhbətimiz,
Oyadardı hər yanı.
 
Suallar həyacanlı,
Cavabım o öpüşlər.
Sözlər yoxa çıxırdı,
Nə yamanmış görüşlər?!
 
Görə bilmirdim daha,
Sevənlər gözü kormuş.
İnanımmı bu qadına,
Yoxsa yalan məni yormuş?!
 
Pərdələri oynatdı
Külək, o illər kimi.
Pəncərədən bir daha
Gülüm, baxan deyilsən,  
O keçən günlər kimi.
 
ULDUZLARDAN PAY İSTƏDİM
 
O əlçatmaz ulduzlardan
Pay istədim qismətimə.
Qıvırcıqlı, qızılı saç,
Yaqut dodaq, öz təbiylə.
 
Əllərin ilan tək çevik,
Göy gözlərin işım-işım,
Arzulanan o görüşdə
Qolun boynuma dolaşsın.
 
Sən özün gəldin, çağrışsız,
İstəyim sən, sən də gəldin.
Xoşbəxtliyim sovqatındı,
Sən olmasan mən neylərdim.
 
Sən özün gəldin, dinməzcə,
Başını qoydun çiynimə.
Heç özüm də baş açmıram.
Bəxtimə bax!
Heyran qaldım hədiyyəmə.
 
AH NECƏ QƏMGİN KÖNÜL
 
Ah necə qəmgin könül,
Ömrümə nəsib oldu.
Haqsızlıq əzablarla,
Günüm əzəldən doldu.
 
Ruhu qapalı könlüm,
Min yalanla üzləşib.
Eləcə gözü yolda,
Ümidiylə sözləşib.
 
Əzablamı sürünmək,
Lənətliyəm, bəxti kəm.
Gecənin dalğaları
Aç qoynunu, quc məni,
Mən də deyim xoşbəxtəm.
 
İLHAM PƏRİM
 
Gecə yarı, ürəyimdə yorğunluq,
Mənim ilham pərim, müqəddəsliyim.
Əynində libası nurlu, kölgəli,
Qanadı uzanmış incə mələyin.
 
Sənin libasını görüncə o da,
Kədəri arzuyla qatılmış gördü.
Özünü uduzmuş saydı eləcə.
Ürəksiz, qorxaraq yel tək götrüldü.
 
Bəlkə sən iblissən, yanılmıram mən,
Zəhərə bələnib dilbər baxışın.
Cəhənnəm odundan gizlənir könül,
Nə vaxtsa.., nə vaxtsa.., nə vaxtsa inan
Məni qoruyardı sənin baxışın.
 
Bircə an gözünü qalxız, mənə bax,
O bəyaz üzləri tutuşdurum mən.
Bəlkə də, bəlkə də, bəlkə də elə,
O sənsən.., o sənsən,sənsə elə mən.
 
ELƏ TƏRAVƏTLİSƏN 
Elə təravətlisən,
Nəyə bənzədim səni.
Albalı çiçəyisən.
Mələksən, zühr olmusan.
Həyatımın yolunda
Qəlbimin göyçəyisən.
 
Gəzinirsən xalça üstə,
İpəkdəndi arqacı da.
Ayağından başa qədər,
Sən üzürsən
Yuxuların qucağında.
 
Ağ mərmərdən mələyi
Ötüb, bəzək-düzəyin.
Qəlbimi dəlib keçir,
Göz yaşın, səadətli
Baxışının süzməyi.
 
Yuxudakı məhəbbətim,
Oynaq, şuxdu, ləpəlidi,
Arzularımın pərisi
Gülümsəmə, sən güləndə
Elə bil ki, gözəlliyin
Bünövrədən kölgəlidir.
 
Gecənin şövqü sənsən,
Kor olacam qəfildən.
Odlu pıçıltıların,
Həyacanlı ağuşun,
Məni salacaq əldən. 
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər