18px16px14px12px

AMEA-da görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan musiqili lektoriya keçirilib

Dünən AMEA-da bu qurumun Alimlər Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi məbədindən elm məbədinə" adlı birgə layihəsi çərçivəsində "Üzeyir Hacıbəyli - görkəmli bəstəkar, alim, şəxsiyyət" mövzusunda musiqili lektoriya təşkil olunub.Lektoriyada tanınmış mədəniyyət və incəsənət xadimləri, elm adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Alimlər Evinin direktoru Nuridə Quliyeva görkəmli bəstəkar Ü.Hacıbəyliyə həsr olunan lektoriyanın əhəmiyyətindən söz açaraq, bildirib ki, əsas məqsəd musiqi sahəsində fəaliyyət göstərən alimlərin və musiqiçilərin təcrübəsini paylaşmaq, bu sahəyə marağı olan insanların biliklərini daha da zənginləşdirməkdir. Musiqili lektoriyanın AMEA-da ilk dəfə təşkil olunduğunu söyləyən N.Quliyeva bu kimi tədbirlərin keçirilməsinin milli musiqimizlə yanaşı, görkəmli bəstəkarlarımıza da olan hörmət və sevginin təcəssümü olduğunu bildirib.
Sonra Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova "Üzeyir Hacıbəyli-görkəmli bəstəkar, alim, şəxsiyyət" mövzusunda mühazirəsi dinlənilib. O, Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, mədəniyyətimizə verdiyi misilsiz töhfələrdən danışıb. Bildirilib ki, Üzeyir Hacıbəyli, yüz illik dövr keçsə də, hələ də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Görkəmli bəstəkar, müəllim-ustad, Azərbaycanın ən məşhur musiqiçi, ictimaiyyətçi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində ən böyük simalardan biri kimi yaşayır və yaşayacaq.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Azərbaycanın görkəmli pianoçusu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək, dahi bəstəkarın əsərlərinin Azərbaycan və dünya musiqisi xəzinəsini zənginləşdirdiyini söylədilər, bu cür musiqili lektoriyaların ictimaiyyət üçün vacibliyini vurğulayıblar.
Tədbirin sonunda Bakı Musiqi Akademiyasının tələbə və məzunlarının ifasında ölməz bəstəkarın əsərlərindən nümunələr səsləndirilib.
ZÜMRÜD
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər