18px16px14px12px

Türkiyə Səfirliyinin mətbuat üzrə müşaviri "SƏS" qəzetinin redkasiyasında oldu

Hamit Karadeniz: "Türkiyədə bu il iyulun 15-də həyata keçirilmiş dövlət çevrilişi cəhdi Azərbaycanın kütləvi informasiya vasitələrində, o cümlədən ölkə ictimaiyyəti tərəfindən qətiyyətlə pislənildi" 
 
Dünən Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz "SƏS" qəzetinin redaksiyasında olub. Görüşün məqsədi Azərbaycanla Türkiyə mediası arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparmaqdan, eləcə də, iki ölkə arasında mövcud olan qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsindən ibarət olub.
Hamit Karadeniz bildirib ki, Türkiyədə bu il iyulun 15-də həyata keçirilmiş dövlət çevrilişi cəhdi Azərbaycanın kütləvi informasiya vasitələrində, o cümlədən, ölkə ictimaiyyəti tərəfindən qətiyyətlə pislənildi. 
"Belə mövqenin nümayişi son dərəcə vacib əhəmiyyət daşıyır və bu, bir daha təsdiq etdi ki, qardaş Azərbaycan bütün zamanlarda Türkiyənin yanında olub"-deyən H.Karadeniz əlavə edib ki, Fətullah Gülən tərəfindən idarə olunan "FETÖ" terrorçu qruplaşmaların gerçəkləşdirmək istədikləri məkrli plan Türkiyənin dövlətçilik maraqlarına ciddi təhdid idi: "Bu planın Azərbaycana təsiri barədə müxtəlif fikirlər səsləndi, mülahizələr irəli sürüldü. Mövcud durum məsələyə qardaş ölkələrin dövlətçilik maraqları nöqteyi-nəzərdən yanaşmanı aktuallaşdırır. Həmçinin, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan güclü iradə nümayiş etdirərək, hadisələrin böyüməməsinin qarşısını almaqdan ötrü xalqa çağırış etdi və xalq çağırışa dəstək verərək, dövlətçiliyin müdafiəsinə qalxdı. O cümlədən, bir daha bəlli oldu ki, hadisələr zamanı olaylardan xəbərsiz bir çox insan Türkiyə dövlətçiliyinin təhlükədə olduğunu bildikdən sonra gecə-gündüz onun müdafiəsində dayandı".
Mətbuat müşaviri hadisələr ərəfəsində başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, Azərbaycan xalqının da narahatçılıq keçirdiyini, bunun isə ölkələr arasındakı sarsılmaz birliyin, ayrılmazlığın təcəssümü olduğunu bildirərək, əlavə edib ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin "Bir millət - iki dövlət" kəlamı burada öz təsdiqini tapmış oldu. O cümlədən, Türkiyə xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir" tarixi ifadəsi əbədi qardaşlığın bariz göstəricisidir. 
Hamit Karadeniz bir daha Azərbaycan mediasını həmin vaxtlarda hadisələrə dolğun və dəqiq yanaşdığına görə peşəkar adlandıraraq, bu yanaşmanı doğru və dürüst şəkildə cəmiyyətə çatdırıldığını vurğuladı.
"SƏS" qəzetinin baş redkatoru Bəhruz Quliyev də, öz növbəsində, Türkiyə səfirliyin mətbuat müşavirinə göstərdiyi diqqətinə görə təşəkkürlərini çatdırdı və hər iki ölkə mediasının Azərbaycan və Türkiyənin ortaq maraqlarından çıxış edərək, fəaliyyət göstərdiklərini bildirdi. Bu cəhət illərdən bəri həyata keçirilən işlərin ən böyük nəticəsidir. 
Bəhruz Quliyev Hamit Karadenizə tarixi faktlardan danışaraq nəzərə çatdırdı ki, Türkiyədə baş verən hadisələrin bənzəri ötən əsrin 93-94-cü illərində Azərbaycanda yaşanmışdı və onda də Türkiyədə olduğu kimi yüz minlərlə insan Bakıda Prezident Administrasiyasının qarşısına toplaşaraq Ulu Öndər Heydər Əliyevin ətrafında sıx biləşməklə dövlətçiliyin müdafiəsinə dəstəyini göstərmişdir. 
Görüşün sonunda Türkiyə Səfirliyinin mətbuat üzrə müşaviri Hamit Karadeniz 15 iyul hadisələri zamanı "FETÖ" terror təşkilatının xainləri tərəfindən Türkiyə Böyük Millət Məclisinin binasına hərbi helikopterlər və təyyarələrlə  edilən bombalı hücumdan sonra özündə binanın qalırlarını əks etdirən xatirə löhvəsini "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyevə təqdim edib. Qeyd olunub ki, bu xatirənin əbədiləşdirilməsi gələcəkdə bir daha bənzər hadisələrin yaşanmaması, yaddaşlarda saxlanılması üçün nəzərdə tutulub.
Görüşün sonunda xatirə fotoşəkilləri çəkilib. 
 



Xəbər lenti

16.01.2017

13.01.2017

12.01.2017

11.01.2017

Çox oxunan xəbərlər