18px16px14px12px

Bəzi televiziyalarda nə baş verir?- Ekspertlər danışır!

Bayağılıq, düşüklük, qeyri-peşəkarlıq, anti-azərbaycançılıq... 
 
Televiziya cəmiyyətin güzgüsü rolunu oynamalıdır. Ölkəmizdə baş verən bütün müsbət dəyişikliklər, cəmiyyətimizi inkişafa aparan problemlər, bir sözlə, millətimizin, dövlətimizin marağında olan mövzular müzakirəyə çıxarılmalıdır. İnsanlar televiziyalardan maariflənməli, yeni bilgilər əldə etməli, ayrı-ayrılıqda hər bir fərd efirdə müzakirə olunan hər hansı bir məsələnin iştirakçısı kimi özünü görməyi bacarmalıdır. 
Bu gün Azərbaycan televiziyalarında biz nə görürük? Telekanallarımızda nə baş verir? Hər hansı bir elmi məsələnin müzakirəsi təşkil olunur, ancaq qonaq qismində Ədalət Şükürov iştirak edir. Onun biznes fəaliyyəti haqqındakı fikirləri xalqımızın zövqünə dürtürlür. Ailə-məişət mövzularını efirə çıxarıb, ailə dəyərlərindən danışılır. Ekspert qismində isə 6 dəfə ərə gedib boşanan( hələ rəsmi), heç bir mənəvi dəyər sahibi olmayan, bütün günü sərxoş olan qadın müğənniləri qismində dəvət edilir. Faiq Ağayevi vətənpərvərlik verilişlərinə "komandir" kimi dəvət etmək, Elza Seyidcahanla ədəbiyyat problemlərini müzakirə etmək, Aygün Kazımova ilə ailə-məişət movzusunda millətə "öyüd-nəsihət" vermək bizim telekanalların adətidir. Rəqsanənin ailə məsələlərinə dair "məsləhət"lərindən faydalanan bir qadın, görəsən, neçə gün ər evində qalıb, gəlinlik edə biləcək? Telekanalların daimi sakinləri kimlərdir, biz "pultu" əlimizə alıb, düyməni basan kimi efirdə kimləri görürük? "Albert Eynşteyn kimdir?" sualına "şair" cavabını verən Nadir Qafarzadəni, "Koroğlu" üverturasını Azərbaycan himni kimi başa düşən Nüşabə Ələsgərlini, "Bayrağımızda neçə rəng var?" sualına "mavi, göy rəng, yaşıl" cavabı verən Almaz Ələsgərlini... Düşük aparıcıların xəbər proqramlarını "konduktor" kimi qışqıraraq, həyasız şəkildə təqdim etməsi, jurnalistlərin qeyri-peşəkarlığı ucbatından əndamsız sujetlərin hazırlanması, aparıcıların efirdə islanmış toyuq təsiri bağışlaması başqa problemdir. Hələ telekanalların çəkdikləri bayağı teleserialları demirik. Bu da baş verdi. Artıq kanallarımızın çəkdikləri seriallarda hər gün eşitdiyimiz ifadələr: "az, cıraram a səni", "rədd ol burdan, sırtıq köpək oğlu", "az, səni əski kimi ortadan cıraraam" və sairə. Bu artıq vulqarizm də deyil, birbaşa millətin üzünə söyməkdir. Kim tanınmaq, veriliş aparmaq istəyirsə, dərhal özünə sponsor tapır, efirdə "setka"dan vaxt alır və başlayır düşüklüyə. Ona görə də, bu gün Azərbaycan teleməkanında milli manatımız cırılır, ailələrimiz təhqir olunur, hər birimizi lağa qoyurlar. Cəbhədə şəhid verik, elə bu an iki bacılar efirdə şıllaq atırlar, Elarizi də efirə dəvət edərək, 2-3 mahnı ilə keçəlini parıldadıb, yola salırlar. Axı vaxtilə bu adama böyük sənətkar Habil Əliyev demişdi: "Elariz, sən toyda havayı da oxusan, yenə də bahadır...". Mətanətin "kamaz" xorultusu təsirini bağışlayan səsindən xilas olmuşuqsa, bu, hələ son demək deyil. Reklam, pul xatirinə milləti aşağılamaq doğrudurmu? Bəs dövlətin ayırdığı milyonlarla vəsaitin müqabilində nə üçün normal bir serial ortaya qoyulmur? 
 
"... televiziyaların aqibəti məlumdur və onlar mənəvi baxımdan iflas olacaqlar"
 
Bəs ekspertlər nə deyir? Millət vəkili Nizami Cəfərov deyir ki, televiziyalar düşünməsinlər ki, Azərbaycan cəmiyyətinin maraqları ancaq şit, yüngül, bayağı, dedi-qodu səviyyəsindədir: "Bu cür düşünən televiziyaların aqibəti məlumdur və onlar mənəvi müflis olacaqlar. Televiziyalarda ümumi səviyyəni qaldırmaq lazımdır. Bütün verilişlərin çox bərbad vəziyyətdə olduğunu deyə bilmərik. Əlbəttə, bəzən yaxşı verilişlər də olur. Ancaq ümumi götürdükdə, keyfiyyətsiz verilişlərin sayı daha çoxdur və bu artır. Bu isə daha çox müğənnilərin və özünü göstərməkdə xüsusi marağı olan müəyyən zümrələrin aparıcılığından qaynaqlanır. Məhz bunun qarşısını almaq lazımdır. Ona görə də, ictimai müzakirə vacibdir və bu proses gedir. Bu və ya digər televiziya, veriliş hər zaman ictimai müzakirə obyekti olur. Bundan imtina etmək lazım deyil, bu, bir inersiya, yəni təbii şəkildə gedən müzakirə prosesləridir. Çıxış yolu ondadır ki, hər bir televiziya öz veriliş və proqram siyasətini müzakirə etməli və peşəkarlıq səviyyəsini artırmalıdır. Bunun üçün hər cür şərait var. Televiziyalar bu gün Azərbaycan cəmiyyətinin səviyyəsi və maraqları ilə, eləcə də, dünya televiziyaları ilə müqayisələr apararaq, öz veriliş siyasətlərinin keyfiyyətinə nəzarət edə bilərlər. Televiziyalarda dilin səviyyəsi verilişlərin xarakteri ilə bağlıdır. Yəni verilişlərdə bayağılıq, yüngüllük olacaqsa, istər-istəməz dil də korlanacaq. Dil təfəkkür və ictimai şüurla bağlıdır." 
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı televiziya kanallarının çəkdiyi serialların səviyyəsindən öz narahatlığını dilə gətirib: "Ümumiyyətlə, mən bizim televiziların çəkdiyi seriallara baxmıram. Bunlar mənasız və sujet xətti olmayan seriallardır. Azərbaycan televiziyalarında çəkilən seriallarda Azərbaycan ədəbi dil qaydalarının gözlənilmir. Dövlət tərəfindən vəsait ayrıldı ki, insanlarımızın seriallara olan tələbatı ödənsin və xarici seriallara baxanların sayı azalsın. Ancaq qeyri-peşəkarlıq ucbatından bu tələbat ödənilmədi". 
Millət vəkili Aydın Mirzəzadə də bir-iki kanalı çıxmaqla, televiziyalarımızdan böyük narazılığını ifadə edib: "Çox təəssüf ki, toyxana əhval-ruhiyyəli verilişlərin sayı durmadan artır. Gənclərimizi tarix, mədəniyyət, elm və inkişafa səsləyən verilişlər əvəzinə, cəmiyyətdə nüfuzu olmayan insanlara saatlarla vaxt ayrılır. Çox bayağı mövzular ortaya atılır. Əgər bu, vəsait qazanmaq və yaşamaq uğrunda mübarizədirsə, həmin pullar cəmiyyətin mənəviyyatına vurulan zərbə nəticəsində əldə edilir. Yox əgər həyatı real olaraq göstərmək istəyirlərsə, niyə görkəmli ziyalı və tarixi şəxsiyyətləri və bəşəriyyəti inkişafa aparan mövzular barədə verilişlər görmürük? Hesab edirəm ki, hər bir telekanal müstəqil siyasət yeritmək hüququnu qorumaqla yanaşı, cəmiyyətin inkişafına kömək barədə də düşünməlidir."
Millət vəkili Fazil Mustafa bildirib ki, televiziyalarda tok-şouların sayı artırılarsa, müzakirə və siyasi debatlar çoxluq təşkil edərsə, bu gün efiri dolduran bayağı verilişlərin özü gündəmdən çıxar: "Məncə, problemin həlli üçün tamam başqa bir variant tapılmalıdır, alternativlər artmalıdır ki, bütövlükdə, televiziya məkanı hazırkı mənasız verilişlərdən azad olsun. Son zamanlar bir neçə maraqlı veriliş var ki, onları izləyirəm. İnsanların faydalana biləcəkləri bu cür verilişlərin sayı artırılmalıdır. Onda bazar iqtisadiyyatında necədirsə, televiziyaların da rəqabət mühitində mənasız verilişlər avtomatik olaraq gündəmdən çıxacaq". 
 
"Televiziyaları tənqid edəndə, səni düşmən elan edirlər" 
 
Uzun müddət televiziya sahəsində çalışan, millət vəkili Qənirə Paşayeva da televiziyalarımızın vəziyyəti ilə bağlı öz narahatlığını sosial şəbəkələrdə dilə gətirib: "Xeyli vaxt idi ki, televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir maraqlı verilişlə rastlaşmamağımdır. Bir az əvvəl açdım ki, bəlkə maraqlı bir şey olar. Televiziyanı açan kimi rayonlarımızdan birindən toy mərasimi verilirdi.  2-3 dəqiqə sonra verlişdə belə bir elan çıxdı.: "Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə, bizimlə əlaqə saxlasın" Bu bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrofona "xoşbəxt olsunlar, sənun üçün olsun" kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və.s. Televizoru söndürüb, növbəti dəfə nə yaxşı ki, vaxtında getdin televiziyadan dedim öz-özümə. Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb, indiki ən reytinqli verlişlərlə müqayisə edəndə, adamın ürəyi sıxılır. Bir çox insanlar tez-tez "Qənirə xanım niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı siz bu sahədən gəlibsiniz"- deyirlər. Bilmirlər ki, fikrinizi deyəndə, bölüşəndə televiziyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, "onu efirə çağırmayın",- deyə göstərişlər verirlər. Hətta eləsi var ki deyir: "Qənirə xanımın tədbirlərdən bir kadrı da bizim efirdə görsənməsin". Operatorlar da yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmirlər ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin." 
 
Samir 
 



Xəbər lenti

16.01.2017

13.01.2017

12.01.2017

11.01.2017

Çox oxunan xəbərlər