18px16px14px12px

Almaniyada Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Andreas Peşke: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib və Xocalı hadisələri ən qəddar qırğınlardan biri, zorakılığın simvoludur" 
          
Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər "Alman Parlament Cəmiyyəti"ndə "Cənubi Qafqazda Təhlükəsizlik və Sabitlik. Almaniya-Azərbaycan Əməkdaşlığının Perspektivləri" adlı beşinci simpozium keçirilib. Ənənəvi olaraq, Xocalı soyqırımının ildönümü münasibətilə keçirilən simpozium səfirlik, Alman-Azərbaycan Forumu, Alman Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə təşkil olunub. Tədbirdə Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub Ermənistanın Azərbaycan əhalisinə qarşı törətdiyi ədalətsizliyi, Azərbaycan ərazilərini işğal etdiyini və dinc əhaliyə divan tutduğunu vurğulayıb və sözügedən tədbirin həm də Xocalı qurbanlarının anılması məqsədilə keçirildiyini bildirib. 
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə danışıb. Səfir ölkəmizin inkişafı, regionda aparıcı gücə çevrilməsi, regional inkişafa və sabitliyə töhfə verən böyük layihələr həyat keçirməsi barədə məlumat verib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bu proseslər üçün ciddi təhlükə yaratdığını qeyd edib. 
Daha sonra Boxum Rur Universitetinin professoru, beynəlxalq hüquq üzrə mütəxəssis Hans Yoaxim Hayntse "Beynəlxalq hüquqda dövlət ərazisinin işğalına reaksiya vermək imkanları" mövzusunda məruzə ilə çıxış edib. Alman mütəxəssis beynəlxalq hüquqda güc tətbiqinin qadağan olunduğunu və Ermənistanın Azərbaycan ərazilərini işğala məruz qoymaqla, bu prinsipi pozduğunu qeyd edib. H.Y.Hayntse Dağlıq Qarabağ və ətraf rayonların işğalını qanunsuz adlandırıb və yaranmış vəziyyətin davamlı olmasının mümkün olmadığını diqqətə çatdırıb. 
Müzakirəyə Azərbaycan Respublikasının Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer moderatorluq edib. Bundestaqın deputatı, ATƏT Parlament Assambleyasında alman nümayəndə heyətinin rəhbəri Doris Barnet Azərbaycanı Almaniyanın mühüm tərəfdaşı adlandırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan alman deputat Azərbaycanın münaqişənin həllində, həqiqətən də, çox maraqlı olduğunu vurğulayıb. D.Barnet ATƏT Parlament Assambleyası çərçivəsində münaqişənin həllinə dair müəyyən təşəbbüslərin olduğunu, ötən il alman nümayəndə heyətinin təşəbbüsü ilə ATƏT PA-nın Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyadan olan üzvlərinin iştirakı ilə Almaniyada görüş keçirildiyini və orada Cənubi Qafqazdakı münaqişələrin müzakirə edildiyini bildirib.
Bundestaqın İqtisadiyyat və Enerji Komitəsinin üzvü Mark Hauptman Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri vurğulayıb, "ASAN xidmət" vasitəsilə Azərbaycanın sosial xidmətlər sahəsində yaratdığı səmərəli və şəffaf sistemin Almaniya üçün nümunə ola biləcəyini qeyd edib. Almaniya-Cənubi Qafqaz Parlament Qrupunun sədr müavini Yohannes Kars Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, burada beynəlxalq hüquqi vəziyyətin tam aydın olduğunu, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğunu, münaqişənin həlli naminə ümumi maraqların tapılması üçün intensiv iş aparılmalı olduğunu qeyd edib.
Bundestaqın Xarici Siyasət Komitəsinin üzvü Karl-Georq Velman Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini vurğulayaraq, ölkəmizlə əməkdaşlığın Almaniyanın iqtisadi və təhlükəsizlik maraqlarında olduğunu qeyd edib. 
Daha sonra simpoziumda Berlin Azad Universiteti və Gissen Universitetinin müəllimi Mixael Hessin "Cənnətdə tanklar: Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi" adlı kitabının təqdimatı keçirilib. Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yəzdaninin aparıcılığı, müəllif və Berlin Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri prof. Eva-Maria Auxun iştirakı ilə sözügedən kitab barədə fikir mübadiləsi aparılıb.
Simpoziuma AFR Müdafiə Nazirliyində dövlət katibi Markus Qrübel, AFR XİN-in nümayəndələri ilə yanaşı, AFR hökumətinin digər yüksək rütbəli təmsilçiləri, Almaniya Bundestaqının deputatları, ictimai-siyasi və iqtisadi-mədəni dairələrin, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun və KİV-lərin nümayəndələri iştirak ediblər. 
           
Samir 
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər