18px16px14px12px

Azərbaycan multikulturalizmi dini həmrəyliyin ünvanı Qaxda

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: islam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 15-də fəaliyyətini Qaxda davam etdirib.
Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev rayondakı Heydər Əliyev Mərkəzində qış məktəbinin iştirakçılarını müxtəlif dini və etnik qrupların həmrəylik və qardaşlıq şəraitində yaşadığı bir məkanda salamlamaqdan məmnun olduğunu bildirib. O, tələbələrə Heydər Əliyev Mərkəzinin yaranması və fəaliyyəti ilə bağlı məlumat verib.
Qaxdakı Heydər Əliyev Mərkəzində tarix elmləri üzrə fəlsəfə doktoru, arxeoloq alim Ceyhun Eminli tələbələrə "Qafqaz Albaniyasının tarixi və irsi" mövzusunda mühazirə oxuyub. Yerli Qax gənclərinin də qatıldığı mühazirədə alim vurğulayıb ki, çoxsaylı yunan-Roma yazılı tarixi mənbələrində -Strabon, Ptolomey, Elian və Böyük Plininin əsərlərində öz əksini tapdığına görə, Qafqaz Albaniyası eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından Şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edən ölkəmizdəki ilk dövlət quruluşudur.
Sonda alim tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.
Günün ikinci yarısında qış məktəbi iştirakçılarının Qaxa ekskursiyası təşkil edilib. Tələbələr Sumux Qalasında, Səngər Qalada, şəhər məscidində, Qax rayon Tarix Diyarşünaslıq Muzeyində olublar.
 
Nəzakət ƏLƏDDİNQIZI
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər