18px16px14px12px

Səudiyyə Ərəbistanı - təsəvvürdən fərqli reallıqlar ölkəsi

Xoş xatirələrə söykənən səfər təəssüratlarımdan...
 
Səudiyyə Ərəbistanı Krallığına səfər etməmişdən öncə, açığı, bu ölkə haqqında təsəvvürlərim, fikirlərim tamamilə başqa cür idi. Ümumiyyətlə, dünyanın mövcud siyasi və keşməkeşli həyatında səfər etmədiyin hər hansı bir ölkə haqqında nəticə çıxarmaq çox çətindir desəm, bəlkə də yanılmaram. Məhz Səudiyyə Krallığına səfərimdən sonra bir daha bu fikirlərim öz təsdiqini tapmış oldu.
 
(Əvvəli ötən sayımızda)
 
100 min tirajla çıxan "Əl-Cəzirə" qəzetinin redaksiyasında nələrin şahidi olduq?
 
Beləliklə, Səudiyyə Ərəbistanı Krallığında maraqlı, rəngarəng və ecazkar səfərimiz davam edirdi. Bizim növbəti dayanacağımız "Əl-Cəzirə" qəzetinin redaksiyası oldu. Ümumiyyətlə, Səudiyyə Ərəbistanında nəşr edilən əksər qəzetlər kimi, "Əl-Cəzirə" qəzetinin yerləşdiyi bina da olduqca müasir və texniki cəhətdən tam şəkildə təmin olunmuşdu. Eyni zamanda, qəzet gündə iki dəfə 100 min tirajla çap olunur və qəzetin çap nəşriyyatı da yerləşdiyi redaksiya daxilində fəaliyyət göstərir. Yeri gəlmişkən, səfəri çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi, cənab Əli Həsənov da bu qəzetə geniş müsahibə verib. Baş redaktor Xalid əl-Malik qeyd etdi ki, gündəlik çıxan qəzetin vaxtilə tirajı daha çox - 150 min olub. Ancaq hazırda alternativ medianın və sosial şəbəkələrin sürətlə informasiya məkanına daxil olması nəticəsində, qəzetin tirajı, hələlik, 100 min səviyyəsində saxlanılmaqdadır. Eyni zamanda, "Əl-Cəzirə" özü-özünü maliyyələşdirmə əsasında fəaliyyət göstərir. Həmçinin, ölkənin bir neçə məşhur şirkəti qəzetin maliyyələşməsinə nəzarət edir. 
Təbii ki, bu qəzetin həmkar əməkdaşları da bizimlə Azərbaycanda media sahəsi ilə maraqlanırdılar. Biz də, öz növbəmizdə, həmkarlarımızın çoxsaylı suallarını cavablandırdıq, ölkəmizdə medianın inkişafı barədə fikirlərimizi bölüşdük.
 
Reabilitasiya Mərkəzi - xüsusi təhlükəli cinayətkarlar üzərində iş aparılır və onlar cəmiyyət arasına sağlam düşüncəli insan kimi geri dönürlər
 
Səfərimiz çərçivəsində biz Şahzadə Məhəmməd bin Nayif adına reabilitasiya Mərkəzində də olduq və burada olduqca maraqlı və çox mühüm işlərin aparılması barədə məlumatlandırıldıq. Məsələn, burada xüsusi təhlükəli cinayətkarlar, terrorçuluqda ittiham olunaraq, həbs edilən insanlar üzərində davamlı qaydada işlər aparılır və onlar cəmiyyət arasına sağlam düşüncəli insan kimi geri dönürlər. Çünki sirr deyil ki, Səudiyyə Ərəbistanının bir çox bölgələrindən radikal dini çərçivədə formalaşan potensial terrorçular formalaşırlar. Dövlət isə, bunun qarşısını almaqdan ötrü, bir çox önləyici tədbirlər görür. Şəxsən mən və həmkarlarım da Reabilitasiya Mərkəzini ziyarət etməmişdən öncə, belə bir fikrə qapılırdıq ki, bu ölkədə terrorçu şəbəkələrin yaradılmasına ya göz yumulur, ya da dövlət qurumları həmin şəbəkələrin təsir dairəsindədir. Ancaq bunun heç də belə olmadığını öz gözlərimizlə gördük. 
Məsələn, hər hansı bir terrorçuluq əməlinə görə həbs olunmuş, ya da xüsusi ağır cinayətlər törətmiş şəxs həbs müddətinin sonlarına bir müddət qalmış sözügedən Reabilitasiya Mərkəzinə gətirilir və Krallıq tərəfindən ayrılan, eləcə də, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər onların üzərində psixoloji bərpa məqsədilə iş aparırlar. Çünki həmin məhbuslar azadlığa çıxandan sonra sağlam düşüncəli olmalı və ailələrinin qayğısına qalmalıdırlar. Dövlətin də məqsədi budur ki, onlar potensial terrorçunu potensial vətəndaşa çevirirlər. Yəni dövlət öz vətəndaşlarının qayğısına qalmaqla yanaşı, onların təhlükəsizliyinin təminatı istiqamətində müvafiq tədbirlərini görür. 
 
Müqəddəs məkanlara - Məkkə və Mədinəyə doğru...
 
Səudiyyə Ərəbistanına etdiyimiz səfərin ən yaddaqalan məqamı isə islam dünyasının mərkəzi - Məkkə və Mədinə şəhərlərini ziyarət etməyimiz oldu. Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşib. Ərəb dilində "mərkəz" mənasını daşıyan şəhər Ummul Qura, Beyt ul-Əmin, Bəkkə kimi də qeyd olunur. Məkkə ilk əvvəl susuz səhra olmuş sonradan İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım oğlu İsmayıl peyğəmbər ilə buraya gəlmiş və Allaha dua edərək, ona su verilməsini istəmişdi. Allah-Taala da duasını qəbul edib və bu gün Zəm-Zəm adlanan bulaq səhrada yoxdan var etmişdi. Məkkəyə sonradan başqa ərəb qəbilələri də axışmağa başlamışdı. Məkkə ilk orta əsrlərdə müxtəlif dövlət ərazilərinə tabe olsa da sonradan Allah-Taala tərəfindən elçi olaraq Məhəmməd Əleyhissəlamı göndərmiş və islam dininin qalib gəlməsindən sonra yaranan ilk müsəlman xilafətinin paytaxtı olmuşdur. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Qurani- Kərimdə Allah-Taalanın evi adlandırılan Kəbə İbrahim peyğəmbər tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua tutan müsəlmanlar üzlərini, məhz Qibləyə, yəni Məkkə şəhərində yerləşən Kəbə evinə (Bəkkə) tərəf tuturlar.  Biz də Ümrə ziyarətimizi etmək üçün bu müqəddəs məkana üz tutmuşduq. Onu da qeyd edim ki, Ümrə ziyarəti səfərimizin rəsmi tərkib hissəsi idi. 
Həqiqətən də, ecazkarlığın və müqəddəsliyin tam mərkəzi olan Kəbə evi öz möhtəşəmliyi ilə məni valeh etmişdi. Biz, birgə namaz qıldıq, Kəbə evini təvaf etməklə yanaşı, Allah-Taalaya dualarımızı da etdik. Azərbaycan dövlətinin daha da güclü və qüdrətli olması, xalqımızın daha firavan və xoşbəxt həyat yaşaması, işğal altında olan torpaqlarımızın tez bir zamanda geri alınması üçün etdiyimiz dualar bizim ürəyimizə bir sərinlik, bir inam hissi əta etdi.
Mədinə ziyarətimiz də möhtəşəm oldu. Biz Kral Fəhd adına Quran çapı kompleksində olduq və oradakı işin xüsusiyyətləri ilə maraqlandıq. Kompleksdə yüzlərlə insan çalışır və burada ildə 10 minlyona qədər Qurani-Kərim kitabı çap edilərək, dünya müsəlmanlara paylanılır. Müqəddəs kitabla bağlı qeyd olundu ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyziyab olmaları üçün göndərilməyib. Quran - hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq, əməl etməsi üçün nazil edib. Həmçinin, bizə müxtəlif dillərdə çap edilən Qurani-Kərim kitablarını nümayiş etdirdilər, o cümlədən, Azərbaycan dilində çapdan çıxmış Quran kitabları da hədiyyə etdilər. Sonra biz Həcc karvanının ilk dayanacağı kimi adlandırılan Mədinə şəhərinin, Məhəmməd Peyğəmbərimizin mübarək hərəmini, Bəqi qəbiristanlığını ziyarət etdik. Ümumiyyətlə, hər bir insan bu şəhərə daxil olarkən, islam tarixinin əzəmətini hiss edir. Bəşəriyyətin qan, fəsad və mənəviyyatsızlığa düçar olduğu bir an insanları haqqa dəvət edən Peyğəmbər (s) Məkkədə olmazın çətinlik və əziyyətlərlə üzləşdi. On ildən sonra o, Yəsrib adlı bir şəhərə mühacirət edərək, bəşər tarixinin yeni səhifəsini açdı. Bu şəhərin adı dərhal Mədinətun-Nəbi (Peyğəmbər şəhəri) və ya qısa olaraq Mədinəyə dəyişdirildi. İlk məscidin bünövrəsini öz əlləri ilə qoyaraq, müsəlmanların bir yerə toplaşıb ibadət etmək, dərdləri ilə bölüşmək, bir-birinə yardım əlini uzatması üçün məkan təyin etdi. Məhəmməd Peyğəmbər ömrünün sonuna kimi burada qaldı, burada da vəfat etdi və burada da dəfn olundu.
Beləliklə, Səudiyyə Ərəbistanı səfərimiz bəlkə də ömrümüzün ən xoş xatirələri ilə başa çatdı və biz Vətənə - səbirsizliklə, müqəddəsliyə bürünmüş əsrarəngiz ovqatla Azərbaycanımıza doğru yola düşdük. Çünki geridə qoyduğumuz 10 gün artıq bizə bir il kimi görünürdü. Təyyarəmiz Bakıya doğru istiqamət alarkən, Vətən həsrəti bizi daha çox çəkməyə başladı. Yeri gəlmişkən, hər dəfə xarici ölkələrə səfərlərim mənim öz vətənimə olan sevgimi daha da artırır və dövlətimizlə qürur duyaraq, Azərbaycanlı olduğum üçün fəxr edirəm... 
 
(Son)
 
Bəhruz QULİYEV
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər