18px16px14px12px

Azərbaycan Prezidentinin apardığı əsaslı islahatlar dövründə vətəndaşların müraciətlərinə diqqət yenə ön plandadır

 
(Əvvəli ötən sayımızda)
 
AZƏRTAC Azərbayacan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayılovun geniş təhlili materialının ardını təqdim edir. Biz  həmin materialı ixtisarla oxucularımıza təqdim edirik.
 
Müraciətlər vətəndaşın səsi, sözü, qayğısı və problemidir
 
Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində, respublikada insanların hüquq və azadlıqlarının qorunması, bu sahədə qanunvericiliyə ciddi riayət edilməsi, vətəndaşa qayğı və diqqət göstərilməsi xeyli yaxşılaşmışdır. 
Azərbaycan Prezidenti bütün çıxışlarında vətəndaşların hüquqlarının qorunmasını, onların ərizə və şikayətlərinə ciddi diqqət yetirilməsini bir vəzifə kimi qarşıya qoymuş, özünü xalqın xidmətçisi adlandıraraq, hər bir dövlət qulluqçusunun və məmurun da xalqa xidmət etməli olduğunu dəfələrlə qeyd etmişdir. Cənab Prezident demişdir ki, kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir və hər bir məmurun da bundan müvafiq nəticə çıxarması onun birbaşa vəzifə borcudur. 
Ötən il vətəndaşlardan Prezident Administrasiyasına daxil olmuş müraciətlərin mövzular üzrə təhlili göstərir ki, vətəndaşlar daha çox hüquq-mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, maliyyə və bank, əfv məsələləri, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, müraciətlərə baxılma, torpaq, Qarabağ münaqişəsi, sosial müdafiə, mənzil, şəhərsalma və tikinti, sənaye, sahibkarlığın inkişafı, qaçqınlar və məcburi köçkünlər, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər məsələləri və sair mövzularda müraciət etmişlər. 
Həyata keçirilən tibbi-profilaktik tədbirlər nəticəsində bir sıra irsi, yoluxucu və xroniki xəstəliklərin artmasının qarşısı alınmış, o cümlədən, talassemiya xəstələrinin sayı xeyli azalmışdır. Respublika əhalisinin hər 10 min nəfərinə 34 həkim, 57 orta təhsilli tibb işçisi düşür ki, bu da bir çox inkişaf etmiş ölkələrin göstəricilərinə yaxındır, bəzilərindən isə, hətta yüksəkdir. Səhiyyə məsələlərinə dair müraciətlərin ötən illə müqayisədə azalması Şirvan, Ağcabədi, Ağdaş, Xaçmaz, Xocavənd, İsmayıllı, Qaradağ, Qəbələ, Qubadlı, Qusar, Nərimanov, Salyan, Şamaxı, eləcə də, digər şəhər və rayonlarda müşahidə olunur. 
Əhalinin bütün təbəqələrinin gündəlik qayğılarından biri olan təhsil məsələləri də həmişə diqqət mərkəzindədir və qeyd etməliyik ki, son illərdə bu sahədə aparılan ciddi islahatlar təhsilin səviyyəsinin və müəllimlərin peşəkarlığının artırılmasına, həmçinin, Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə qaldırılmasına kömək etmişdir. Hər il onlarla təhsil ocağı istifadəyə verilir, ən müasir avadanlıq və vasitələrlə təchiz olunur. 
Azərbaycanda əhalinin sosial müdafiəsini gücləndirmək həmişə prioritet məsələ sayılmış və keçən il də bu məsələlərə xüsusi önəm verilmişdir. Dünyada gedən iqtisadi böhranın Azərbaycandan təsirsiz ötüşməməsi bir sıra müəssisələrin fəaliyyət dairələrinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Buna baxmayaraq, dövlət başçısının qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirməsi, xırda və orta sahibkarların işlərini davam etdirməsi məqsədilə vergi, gömrük sahəsində, kreditləşmədə mükəmməl layihələrin, habelə, aztəminatlı vətəndaşların hüquqlarının müdafiəsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində, vətəndaşların sosial müdafiəsinin sabitliyi təmin olunmuşdur.  
Torpaq məsələlərinə dair müraciətlərin sayı 2015-ci ilə nisbətən Yevlax, Astara, Biləsuvar, Göyçay, Göygöl, Kürdəmir, Qax, Qazax, Qəbələ, Lerik, Neftçala, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zaqatala, Zərdab, eləcə də, digər şəhər və rayonlarda artmış, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Ağcabədi, Babək, Beyləqan, Culfa, Daşkəsən, Hacıqabul, Xaçmaz, Xızı, Qaradağ, Nəsimi, Saatlı, Samux, Sədərək, Şərur, Ucar şəhər və rayonlarında isə azalmışdır. 
2016-cı ildə kənd təsərrüfatı üçün kreditlər verilməsi mövzusunda müraciətlər əvvəlki ilə nisbətən 50,7 faiz çox olmuşdur. Sənaye və istehsal sahələrinin yaradılması üçün kreditlərin verilməsi mövzusunda daxil olan müraciətlər, bütövlükdə, əvvəlki ildən üç dəfə çoxdur. Vətəndaşlar kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatlardan ruhlanaraq, müxtəlif istehsalat sahələrinin, həmçinin, heyvandarlığın, arıçılığın, çayçılıq, tütünçülük və baramaçılığın inkişafı, emal müəssisələrinin yaradılması üçün kredit almaq istəyirlər. Belə müraciətlər Lənkəran, Şəki, Abşeron, Füzuli, Goranboy, Xaçmaz, Quba, Masallı, Neftçala, Sabirabad, Tovuz, eləcə də, digər şəhər və rayonlardan daxil olmuşdur. 
 
Dərin təhlil və güclü nəzarət müraciətlərə baxılmasında əsas prinsipdir
 
Vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılmasında dərin təhlil və güclü nəzarətin təşkili mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti 2017-ci il yanvarın 30-da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda növbəti ildə həyata keçiriləcək layihələrdən danışarkən, ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: "Mən görüləcək minimum işlərin həcmini diqqətə çatdırmaq istəyirəm ki, hamı bilsin. Bu işlərə həm güclü dövlət nəzarəti, həm ictimai nəzarət olmalıdır. ...Mən rayon icra hakimiyyətlərinin xətti ilə hansı işlərin görüləcəyini indi sadalayacağam ki, bizim dövlət orqanları və eyni zamanda, rayon ictimaiyyəti buna nəzarət etsinlər. Əgər orada hansısa ləngimə olarsa, yaxud da ki, bu işlər natamam görülərsə, dərhal məlumat versinlər". Ölkə Prezidenti məmur-vətəndaş münasibətlərinin cəmiyyətin inkişafı üçün çox önəmli olduğunu qeyd edərək demişdir ki, vəzifəli şəxslər Onun dediyi kimi işləməsələr, öz işlərində nöqsana, yaxud pozuntuya yol versələr, lazımi səviyyədə cəzalandırılacaqlar. 
Ötən il ərzində respublikanın mərkəzi və yerli icra hakimiyyətlərində 853 min 823 vətəndaş qəbul edilmişdir. Onların 55,5 faizi mərkəzi, 44,5 faizi yerli icra hakimiyyəti orqanlarında qəbul olunmuşdur. 
Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində, Daxili İşlər, Maliyyə, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə  Çağırış üzrə Dövlət Xidmətində, Şəmkir RİH-də və başqa təşkilatlarda 27 nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə, etik davranış qaydalarını pozduqlarına görə, vəzifəsindən kənarlaşdırılmış, 33 nəfər barəsində intizam tənbehi və ya inzibati məsuliyyət tədbirləri görülmüşdür. 
Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il yanvarın 30-da keçirilən konfransda nəzarətin gücləndirilməsinin vacibliyini, bir daha qeyd edərək demişdir: "Bu gün verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci ili də uğurla başa vuraq".
 
Laqeydlikdən doğan şikayət məktubları
 
Prezident Administrasiyasına daxil olan şikayətlərin təhlili və onların icrası vəziyyətinin öyrənilməsi göstərir ki, vətəndaşlar Prezident Administrasiyasına o zaman müraciət edirlər ki, qaldırdıqları problemlər barədə müraciətlərinə qaneedici cavab ala bilmir, laqeydlik, süründürməçilik halları ilə qarşılaşırlar. Lakin bəzən vətəndaş heç bir instansiyaya müraciət etmədən də birbaşa Prezident Administrasiyasına yazmağı üstün tutur.  
2016-cı ildə Naxçıvan, Mingəçevir, Abşeron, Astara, Binəqədi, Daşkəsən, Goranboy, Hacıqabul, Xaçmaz, Xocalı, İmişli, Qazax, Qobustan, Nizami (Bakı), Sabirabad, Sədərək, Tovuz, Zərdab, eləcə də, digər şəhər və rayonlardan daxil olan şikayətlərin sayı əvvəlki ilə nisbətən azalmışdır.
Sosial müdafiə, ünvanlı sosial yardım və müavinətlərin verilməsinə dair şikayətlərin azalmasında bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni elektron sistemin tətbiqi mühüm rol oynamışdır. Artıq ünvanlı sosial yardım və müavinətlər vətəndaşla təmasda olmadan, yalnız onun barəsində məlumatlar əsas götürülməklə təyin olunur. 
Vergi və gömrük orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin, o cümlədən, şikayətlərin sayının azalması bu sahədə şəffaflığın olmasından, əməkdaşlara qarşı tələbkarlığın artırılmasından irəli gəlir. Dövlət Gömrük Komitəsində, son iki il ərzində, 500 əməkdaş məsuliyyətə cəlb olunmuş, 84 əməkdaş vəzifəsindən azad edilmişdir. 
Bələdiyyə orqanlarının fəaliyyəti ilə əlaqədar şikayətlərin sayı isə ötən ilə nisbətən 23,5 faiz artmışdır. Təəssüf ki, bələdiyyələrin fəaliyyətində hələ nöqsanlar çoxdur, xüsusilə, onların torpaqlardan istifadə haqqında qanunvericiliyin icrasında və digər məsələlərdə yol verdikləri qüsurlar narahatlıq doğurur. Keçən il 50-dən artıq bələdiyyə sədri məsuliyyətə cəlb olunmuşdur. Bütövlükdə isə, il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar şikayətlər Gəncə, Şəki, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Daşkəsən, Gədəbəy, Hacıqabul, Xəzər, İmişli, Neftçala, Oğuz, Sabirabad, Salyan, Samux, Şabran, Şamaxı, Şəmkir, Ucar, Yardımlı, Zaqatala, eləcə də, digər şəhər və rayonlardan daxil olmuşdur. Mingəçevir, Xətai, Qax, Pirallahı şəhər və rayonları bələdiyyələrinin fəaliyyəti barədə, ümumiyyətlə, şikayət daxil olmamışdır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında bank sektorunun fəaliyyəti haqqında danışarkən demişdir: "Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq". 
Ümumiyyətlə, şikayətlərin yaranma səbəbləri hər bir qurumda ciddi araşdırılmalı və aradan qaldırılmalıdır. 
 
 
Qəbullar dövlətin xalqla birbaşa ünsiyyət vasitəsidir
 
Vətəndaşların ən çox istifadə etdikləri müraciət formalarından biri də şəxsi qəbullardır. Hər hansı bir problemlə rastlaşan vətəndaş, ilk növbədə, yaşadığı ərazidə, işlədiyi müəssisədə rəhbər vəzifəli şəxslərdən, yaxud aidiyyəti dövlət qurumunun rəhbərindən kömək istəyir və öz problemi ilə onların yanına üz tutur. 
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə keçirilən qəbullarında iştirak edən vətəndaşlar onları maraqlandıran suallara cavab tapmış, narahat edən məsələlərin həllinə nail olmuş və hüquqi məsləhətlər almışlar. Həmin qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 39,1 faizi müsbət həll olunmuş, 41,2 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilmiş, digərləri icrada saxlanılmış və ya aidiyyəti üzrə dövlət orqanlarına istiqamətləndirilmiş, bir qismi isə əsassız sayılmışdır.
Mərkəzi icra hakimiyyəti orqanlarından və digər qurumlardan isə Daxili İşlər, İqtisadiyyat, Fövqəladə Hallar, Vergilər, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Baş Prokurorluq, Sumqayıt, Şəki Apellyasiya məhkəmələri, "Meliorasiya və Su Təsərrüfatı" ASC, AZƏRTAC, Müəllif Hüquqları Agentliyi, Dənizkənarı Bulvar İdarəsi, Hesablama Palatası və başqaları qəbul məsələlərini daha yaxşı təşkil etmişlər. 
 
Müraciətlərlə əlaqədar tətbiq olunan yeni
elektron-informasiya sisteminin səmərəsi
 
Müraciətlərə baxılmasında və sənədlərlə işdə elektron- informasiya sisteminin geniş tətbiqi həmişə diqqət mərkəzində olmuş və olacaqdır. Müasir idarəçilikdə bunun böyük əhəmiyyəti vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron-informasiya sistemi yaradılmış və bu sistemin səmərəsi artıq özünü göstərməkdədir. 
Respublikanın bütün şəhər və rayonlarını əhatə edən bu informasiya sistemi artıq bir ildən çoxdur fəaliyyətdədir və onun tətbiqi nəticəsində, vətəndaşların müraciətlərinə dair kifayət qədər böyük məlumat bazası formalaşmışdır. Bu, vətəndaşların müraciətləri ilə işin keyfiyyətinin və operativliyinin artırılmasına, vətəndaşları daha çox narahat edən problemlərin vaxtında aşkar edilib, lazımi tədbirlər görülməsinə və müvafiq təhlillər aparılmasına imkan verir. Sistem, həmçinin, müraciətlərə baxılması prosesinin arxivləşdirilməsini təmin edir və bu sistemdə müraciətlərə baxılması müddətlərinə nəzarət mexanizmi avtomatlaşdırılmışdır. 
Bəzi şəhər və rayonlar, o cümlədən, Ağsu, Cəlilabad, Xızı, İmişli, Kəlbəcər, Masallı, Nizami (Gəncə), Pirallahı, Sabunçu, Samux və digər rayonlar bu məsələlərə diqqəti daha da artırmalıdırlar. İnformasiya sisteminin fəaliyyətinin təşkilinə, istifadəsinə və təhlükəsizliyinə cavabdeh olan vəzifəli şəxslərin nəzarəti müntəzəm və davamlı olmalıdır. Sistem istifadəçilərinin kompüter bilikləri daim təkmilləşdirilməli və sistemin istifadəsi zamanı ortaya çıxan problemlər barədə sistemin operatoru vasitəsilə dərhal aradan qaldırılmalıdır. 
 
Sənədlər yaşanan və qorunan tariximizdir
 
2016-cı ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən sənədlərlə iş sahəsində bir neçə mühüm sənəd imzalanmış, "Vətəndaşların müraciətləri haqqında" yeni Qanunla əlaqədar müvafiq normativ-hüquqi aktlara, o cümlədən, arxiv işinə dair aktlara, "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"a, vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydasına, mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinə, "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron-informasiya sistemindən istifadə Qaydaları"na müvafiq dəyişikliklər edilmiş, "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli Sərəncamında dəyişikliklər olunaraq, komissiyanın tərkibi yenidən təsdiqlənmişdir. 
2016-cı il ərzində arxiv məsələləri ilə bağlı Prezident Administrasiyasına 300-dək vətəndaş müraciəti daxil olmuşdur. Vətəndaşların Prezident Administrasiyasına müraciət etmələrinin əsas səbəbləri yerlərdə daimi mühafizə olunan arxiv fondlarından düzgün istifadə edilməməsi, struktur dəyişikliyi və ya özəlləşdirmə prosesində ləğv olunmuş təşkilatların arxiv sənədlərinin, idarə və təşkilatların sənədlərinin dövlət arxivlərinə vaxtında və ya tam verilməməsi və bu səbəblərə görə vətəndaşların lazımi arxiv sənədlərini almaq üçün dövlət arxivlərinə etdikləri müraciətlərin nəticəsiz qalmasıdır. 
Sənədlərin arxivlərə vaxtında və düzgün təhvil verilməməsi bir çox xoşagəlməz hallara və narazılıqlara gətirib çıxarır. Ona görə də, bu sahəyə nəzarətin gücləndirilməsi zəruridir.
 
Müdrik rəhbərlik, qüdrətli iqtisadiyyat və monolit birlik
bizi yeni qələbələrə aparır
 
Artıq ilk ayını başa vurduğumuz 2017-ci ilin xalqımız üçün böyük ümidlər və gözləntilər, böyük qayıdış, ciddi iqtisadi dönüş, islam həmrəyliyi, idman və mədəniyyət bayramları, ən başlıcası, bütün sahələrdə aparılan islahatların təntənəsi ili olacağına heç bir şübhə yoxdur. 
Son illərdə böyük sənaye parklarının, eləcə də, aqroparkların yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi, sənaye parklarında qısa müddətdə ən müasir zavodların tikilməsi hesabına ölkəmizdə iş yerlərinin sayı daha sürətlə artacaq, əhalinin sosial müdafiəsi güclənəcək, Azərbaycandan qeyri-neft məhsullarının, yüksək texnologiyalar əsasında hazırlanmış avadanlığın ixracı genişlənəcəkdir. Ölkə Prezidentinin əsas tələbi və tövsiyəsi yeni yaradılan hər bir müəssisədə, sənaye sahəsində ən müasir texnologiyalardan istifadə olunması, "bütün sahələrdə ən qabaqcıl təcrübənin tətbiq edilməsidir".
Ölkə Prezidentinin praqmatik və düşünülmüş addımları nəticəsində, ölkəmizdə aparılan iqtisadi islahatlara diqqət və beynəlxalq dəstək də artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin fevral ayının əvvəlində Belçika Krallığına səfəri, bu səfər zamanı Avropa İttifaqı ilə əməkdaşlığa dair bağlanmış müqavilə iqtisadiyyatımızın şaxələndirilməsi üçün daha çox investisiyanın cəlb edilməsinə, qlobal layihələrin tezliklə reallaşmasına imkan verəcəkdir. 
Azərbaycan dövlətinin əsas məqsədi müstəqilliyimizi daha da möhkəmləndirmək və xalqımızın rifahını yaxşılaşdırmaq, bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri həll etmək, ölkəmizi dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə qaldırmaqdır. Heç kəs şübhə etmir ki, müdrik rəhbərlik, qüdrətli iqtisadiyyat, xalqla iqtidar arasında bərqərar olmuş monolit birlik və sosial ədalət olan yerdə bu məqsədlər reallığa çevriləcəkdir. 
 



Xəbər lenti

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

Çox oxunan xəbərlər