18px16px14px12px

"Soyqırımı Muzeyi" kitabının təqdimatı keçirilib

Dünən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə ərsəyə gətirdiyi "Soyqırımı Muzeyi" kitab-albomunun və Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan "Əsrin faciəsi" sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov dövlətimiz tərəfindən XX əsrin faciəsi - Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması və təbliği, düzgün qiymətləndirilməsi istiqamətində kifayət qədər işlərin görüldüyünü bildirib. 
Prezident İlham Əliyev 2017-ci il yanvarın 24-də "Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında" Sərəncamını xatırladan M.Əhmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası bu Sərəncamın icrası məqsədilə Tədbirlər Planını təsdiq edib.
Sonra çıxış edən Azərbaycan Respublikasının hərbi prokuroru, əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev Hərbi Prokurorluğun "Soyqırımı Muzeyi" barədə məlumat verib. Qeyd edib ki, dörd bölmədən - tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olan muzey XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. 
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov rəhbərlik etdiyi müəssisədə aparılan elmi-tədqiqatların mühüm istiqamətlərindən birinin xalqımıza qarşı ermənilərin həyata keçirdikləri soyqırımları tarixinin araşdırılması olduğunu diqqətə çatdırıb. Bildirib ki, Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək, toplu şəklində nəşr olunub və tarixçilərimiz bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər.
Y.Mahmudov azərbaycanlılara qarşı törədilən soyqırımları ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər təqdim olunan kitabın əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, "Soyqırımı Muzeyi" kitabının digər dillərdə də hazırlanmasına ehtiyac var.
ZÜMRÜD
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər