18px16px14px12px

Azərbaycan diaspor təşkilatı ukraynalı şairin yubileyini qeyd edib

Ukrayna Azərbaycanlı Gənclər Birliyi Səməd Vurğun adına Kiyev Kitabxanası və Ukraynanın krım-tatar gəncləri ukraynalı şair - tərcüməçi Mıkol Miroşniçenkonun yaradıcılıq gecəsini keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata əsasən, şairin 70 illik yubileyinə həsr olunmuş tədbirdə UAGB-nin sədri İlhamə Allahverdiyeva Ukrayna oxucusunu Şərqin, o cümlədən, Azərbaycanın klassik və müasir şairlərinin əsərləri ilə tanış edən M.Miroşniçenkonun tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirib, gənclərin belə bir şairi tanımasının vacibliyini qeyd edib.
Tədbirdə Azərbaycanın Ukraynadkı Səfirliyinin I katibi Fərid Babayev çıxış edərək, Ukraynada Azərbaycan ədəbiyyatının təbliğinə töhfələr verən Mıkol Miroşniçenkoya azərbaycanlıların böyük rəğbətindən danışıb.
Sovet dövründə M.Miroşniçenkonun yaradıcılığına qoyulmuş qadağalar və yalnız tərcüməçilik fəaliyyəti ilə məşğul olmasına icazə verilməsi şairi Şərq dillərini öyrənməyə sövq edib. 1974-76-cı illərdə Bakıda olan şair Azərbaycan dilini öyrənib və Azərbaycan, türk, krım-tatar dillərindən tərcümələr etməyə başlayıb. 2000-ci ildə müəllifin krım-tatar poeziyasından Ukrayna dilinə etdiyi tərcümələrdən ibarət "Şərqin qapısı" adlı toplusu, 2006-cı ildə isə "Azərbaycan poeziyası antologiyası" ikicildli toplusu çap olunub. 
Şairin yaradıcılıq gecəsində Səməd Vurğun adına Kitabxananın direktoru Qalina Çebotaryeva, şairin həyat yoldaşı Larisa Miroşniçenko, Ukrayna Azərbaycanlıları Biləşmiş Konqresi Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko və başqaları çıxış edərək, xatirələrini paylaşıblar. Tədbirdə M.Miroşniçenkonun tərcümə etdiyi Azərbaycan şairlərinin bəzi əsərləri səsləndirilib.
ZÜMRÜD
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər