18px16px14px12px

IV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Qəbələdə

Ölkə Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: islam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 16-da öz işinə Qəbələdə davam edib.
Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov və Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Gülnar Hüseynzadə "Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti" mövzusunda təqdimatla çıxış ediblər.
E.Nəcəfov qeyd edib ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir: "Ölkəmizdə multikulturalizm siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətini Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir". 
Sonra tələbələr qəsəbədəki "Cotari" Alban kilsəsini ziyarət ediblər. Alban-Udi Xristian Dini İcmasının sədr müavini, keşiş Rafik Danakari tələbələrlə görüş zamanı udi xalqının və Alban kilsəsinin tarixindən söz açıblar: "Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Altı mindən artıq əhalisi olan qəsəbəmizdə 4 mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub-saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün təkcə Azərbaycan ərazisində mövcuddur. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib. Qəsəbədə daha iki qədim Alban kilsəsi var".
Qış məktəbinin iştirakçıları, həmçinin, Bilik Fondunun Nic qəsəbə nümayəndəsi Şahid İslamovun müşayiəti ilə sözügedən fond tərəfindən udilər üçün təşkil olunan Azərbaycan dili kursunun dinləyiciləri ilə görüşüblər.
Gəzintidən sonra Qış Məktəbinin iştirakçıları üçün Tufandağ Yay-Qış Turizm İstirahət Kompleksində kanat gəzintisi təşkil edilib. IV Beynəlxalq Multikulturalizm Məktəbinin tələbələri qəbələli gənclərlə birgə Tufandağda istirahət ediblər və səmimi söhbət aparıblar. Litva, Polşa, Rumıniya, Bolqarıstan, Almaniya, Yunanıstan və Misirdən olan tələbələr "Öz xalqını təqdim et" adlı musiqili video-təqdimatla çıxış ediblər.
 
Nəzakət ƏLƏDDİNQIZI
 



Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər