Analitika

  • 3 785

Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır

image

Prezident İlham Əliyev: "Bizim uğurlarımızın təməlində, əlbəttə, düşünülmüş siyasət dayanır və o amil dayanır ki, bu gün Azərbaycan xalqı müstəqillik şəraitində yaşayır"

Azərbaycan ötən illər ərzində bir çox sektorda, xüsusilə də, iqtisadiyyatın hərtərəfli inkişafı, insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib. Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və bu respublikamızdan da yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. Otuz yeddinci yerdə olmaq dünya miqyasında çox böyük və tarixi göstəricidir. MDB məkanında, həmişə olduğu kimi, birinciyiyi və bu liderliyi saxlayırıq.

Əlbəttə ki, bundan sonrakı bütün planları həyata keçirmək üçün Azərbaycan daha güclü iqtisadiyyata malik olmalıdır. Sevindirici haldır ki, bu istiqamətdə də çox böyük addımlar atılır. Baxmayaraq ki, beynəlxalq maliyyə böhranı ilə neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinə mənfi təsir etdi. Lakin Prezident İlham Əliyevin rəhbərliyilə reallaşdırılan islahatlar nəticəsində, artıq Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətə adaptasiya olundu, milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəricilərinə əsasən, valyuta ehtiyatlarımız və ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıb. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artıb.

Bununla bağlı çıxışında danışan Prezident İlham Əliyev deyib ki, Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır: "Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə, nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıbdır. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər".

Aydın məsələdir ki, bu gün Azərbaycan dünya ölkələrinin diqqət mərkəzində olmaqla, beynəxalq əməkdaşlığı təmin edən transmilli layihələri reallaşdırmaqdadır. Əlbəttə ki, bu layihələr də, öz növbəsində, ölkəmizə əlavə gəlir gətirməkdədir. Bu səbəbdən də, Azərbaycan çalışır ki, bütün layihələr vaxtında reallaşsın, iqtisadi proqnozlar reallıqda əksini tapsın. Məhz Prezident İlham Əliyevin sözlərilə desək, bu gün qarşımızda duran vacib məsələlərdən biri "Cənub Qaz Dəhlizi"nin başa çatdırılmasıdır: "Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə uğurlara imza atıbdır. "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir. Mən sözlərimi əsaslandırmaq üçün bəzi rəqəmləri də səsləndirə bilərəm. Bildiyiniz kimi, "Cənub Qaz Dəhlizi" dörd layihədən ibarətdir. "Şahdəniz-2" layihəsinin icrası 93 faizə çatıbdır. İkinci layihə "Cənubi Qafqaz Kəməri"dir. Orada icra səviyyəsi 85 faizdir. Üçüncü layihə "Trans-Anadolu Qaz Kəməri" - TANAP-dır. Burada işlərin 72 faizinin görülməsi təmin edilibdir. Dördüncü layihə Trans-Adriatik kəməri - TAP-dır. Orada isə icra səviyyəsi 42 faizdir. Onu da qeyd etmək istəyirəm ki, plana görə TAP-ın icra səviyyəsi bu günə 45 faiz olmalı idi. Yəni ki, o səviyyəyə yaxındır. Mən bunu, xüsusilə, vurğulamaq istəyirəm. Çünki Azərbaycan ictimaiyyəti bilir ki, TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir, qruplar təşkil olunur, ekoloji məsələlər bəhanə kimi ortalığa atılır. Bizdə olan məlumata görə, bunun arxasında böyük pullar dayanır. Yəni o qruplar süni şəkildə, heç bir əsası olmadan təşkil edilir. Amma aydındır nə üçün, bu layihəni dayandırmaq, yaxud da ki, ləngitmək üçün. Bütün bunlara baxmayaraq, TAP layihəsinin icrası plandan cəmi 3 faiz geridədir. Ona görə, əminəm ki, bu layihənin icrasında da heç bir problem olmayacaq.

Bilirsiniz ki, bu gün biz böyük nəqliyyat layihələri üzərində işləyirik. "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" layihələri ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifələr tam icra edilib. İndi, əlbəttə ki, tərəfdaş ölkələrdə bu işlərin sürətləndirilməsi prosesi gedir. Biz də gələcəkdə bu işlərdə iştirak edə bilərik. Belə olan halda, indi əsas böyük nəqliyyat layihələri arasında prioritet Ələt Beynəlxalq Dəniz Limanının tikintisinin başa çatdırılmasıdır və bunun üçün lazımi vəsait ayrılıb. Əminəm ki, bundan sonra bir il ərzində, yəni hesab edirəm, gələn ilin yayına qədər Bakı Ələt Beynəlxalq Dəniz Limanı istifadəyə veriləcək. Bu, Xəzər dənizində ən böyük liman olacaq və bizim nəqliyyat imkanlarımızı böyük dərəcədə artıracaq".

Əlbəttə ki, bu gün qarşıda duran vəzifələr daha da çoxşaxəlidir və çoxdur. Prezident İlham Əliyev, sadəcə olaraq, əsas istiqamətlər üzrə gələcək fəaliyyətini xalqa təqdim etdi. Dövlətimizin başçısı əminliklə bildirib ki, biz bütün istiqamətlər üzrə bundan sonra da sürətlə inkişaf edəcəyik: "Bizim uğurlarımızın təməlində, əlbəttə, düşünülmüş siyasət dayanır və o amil dayanır ki, bu gün Azərbaycan xalqı müstəqillik şəraitində yaşayır. Müstəqilliyin dəyərləri, o cümlədən, real həyatda özünü göstərir. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq".

"Səs" Analitik Qrupu

Digər xəbərlər