Analitika

  • 4 349

İşğalçı Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir

image

Prezident İlham Əliyev: "Əgər Ermənistanın bu işğalçı siyasətinə görə sanksiyalar tətbiq edilməsə, bu, ikili standartların növbəti əlaməti olacaqdır

Son günlər ərzində cəbhə xəttində yenidən gərgin vəziyyət formalaşmaqdadır. Gün ərzində atəşkəs rejiminin 120-130 dəfədən artıq pozulması onu göstərir ki, vəziyyət stabilləşməyə deyil, yenidən 2-5 aprel 2016-cı il tarixlərində olduğu kimi, eskalasiyaya doğru gedir. Bu da, həm regionda, həm də ayrı-ayrı siyasi dairələrdə narahatlıq doğurur. Bu mənada da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında siyasi diskussiyalar genişlənir, yenidən hərbi əməliyyatların baş verməməsi üçün diplomatik resurslardan istifadə olunur. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfinin qeyri-konstruktiv addımları münaqişənin həll edilməsinə imkan vermir. Bununla əlaqədar olaraq, Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, təəssüflər olsun ki, Azərbaycan və Ermənistan arasında danışıqların 20 il davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmayıb. Bunun başlıca səbəbi Ermənistanın Azərbaycanla sülh əldə etmək istəməməsidir. Yəni onlar status-kvonun dəyişməsini istəmirlər.

Bütün dünya, bir faktı artıq qəbul edir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ona görə də, münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ölkələrin ərazi bütövlüyü çərçivəsində, Helsinki Yekun Aktının qərarlarına uyğun şəkildə öz həllini tapmalıdır. Çünki Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti də bizim torpağımızda yaradılıb.

Bütün çıxışlarında Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində deyib ki, 1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilib: "Ona görə, torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılması mümkün deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri bizi qane edir. Bu, münaqişənin həlli üçün hüquqi əsasdır. Eyni zamanda, son müddət ərzində səslənən bəyanatlar və atılan addımlar da yüksək qiymətləndirilməlidir. Xüsusilə, həm Minsk Qrupuna həmsədrlik edən ölkələr, həm Avropa İttifaqı, digər qurumlar artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Düzdür, hələ ki, bu bəyanatlardan sonra heç bir addım atılmır. Gözləyirik ki, bu addım da atılacaq və işğalçıya təzyiq göstəriləcək. Onlara qarşı sanksiya tətbiq olunacaq və bu, mütləq olmalıdır. Əgər Ermənistanın bu işğalçı siyasətinə görə sanksiyalar tətbiq edilməsə, bu, ikili standartların növbəti əlaməti olacaqdır. Buna baxmayaraq, belə bəyanatların özü də, hesab edirəm ki, müsbət addımdır.

Eyni zamanda, Dağlıq Qarabağda keçirilmiş qondarma "referendum"a çox sərt reaksiya verildi, həm qonşu ölkələr tərəfindən, həm Minsk Qrupundan, həm Avropa İttifaqından və digər ölkələrdən. Heç kim bu qondarma yığıncağı, bu biabırçılığı qəbul etmədi, əksinə, bunu pislədi. Bir daha sübut etdilər və göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz torpağıdır, ölkəmizin ayrılmaz hissəsidir. Biz isə, öz siyasətimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik".

Azərbaycan dövləti həm Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə çalışır, həm də bu konfliktdən əziyyət çəkən vətəndaşlarının problemlərini həll edir. Hər kəsə bəllidir ki, bu günə qədər 6 milyard manatdan artıq vəsait bu istiqamətdə xərclənib. Lakin hazırda da bu işlər davam etdirilməkdədir. Gələcək üçün planlar barədə çıxış zamanı danışan Prezident İlham Əliyev bir daha Azərbaycan ictimaiyyətini əmin edib ki, bundan sonra Dağlıq Qarabağ münaqişəsinə yönəldilmiş fəaliyyətinin tam sürətlə davam etdirəcək: "Məcburi köçkünlərlə bağlı bizim siyasətimiz göz qabağındadır. Son illər ərzində 100-ə yaxın qəsəbə salınıb. Hazırda yeni qəsəbələr salınır. Eyni zamanda, biz Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlər üçün də yeni binaların tikintisinə başlayırıq. Bu da, çox geniş bir proqram olacaqdır. Bir neçə min ailə, məcburi köçkün yaxın gələcəkdə yeni, gözəl evlərə, mənzillərə köçürüləcək.

Ordu quruculuğu istiqamətində siyasətimiz özünü tam doğruldub. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Beynəlxalq reytinqlər də bunu göstərir. Ordumuzun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bu gün biz ən qabaqcıl texnologiyalara malik olan texnika alırıq, silahlar alırıq və alacağıq. Ordumuz üçün nə qədər vəsait ayırmaq lazımdırsa, biz o qədər də ayıracağıq. Dilənçi Ermənistandan fərqli olaraq, biz Ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq. Onlar isə başqa yolu seçiblər, bu, müstəmləkə yoludur, bu, onların seçimidir.

Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Keçən ilin aprel döyüşləri bunu göstərdi. Aprel döyüşləri xalqımızın, Ordumuzun gücünü göstərdi. Bir daha göstərdi ki, Azərbaycan Ermənistanın silahlı təxribatlarına heç vaxt dözməyəcək və göstərdi ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq".

Bir sözlə, bu gün dünyanın aparıcı aktorlarından olan Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün bütün resurslarını işə salıb. Əgər diplomatik yolla torpaqlarımız işğaldan azad edilməsə, təbii ki, ordumuz öz sözünü deyəcək. Bu isə, Ermənistanın tamamilə məğblubiyyətinə, xaosa düşməsinə səbəb olacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər