Analitika

  • 5 053

Ermənistan hərbi xunta yaradıb

image

Qondarma "DQR" ilə işğalçı Ermənistanın birgə qərarı bunun sübutudur

Məlum olduğu kimi, bu günlərdə qondarma "DQR" ilə işğalçı Ermənistanın prezidenti Serj Sarkisyan cəbhədə baş verən əsgər ölümünün açıqlanmaması ilə bağlı qərar qəbul edib. Bu qərarın qəbul olunması işğalçı ölkənin hərbi xuntasının mövcudluğunun sübutudur. Eyni zamanda, işğalçı ölkənin rəhbərliyinin belə bir qərar verməsi cəmiyyətində iqtidara qarşı narazılıqların artmasına səbəb olur. Bununla da, Sarkisyan öz vətəndaşlarının həyatı bahasına ömrünü bir az da uzatmağa çalışır.
Qətlə yetirilmiş əsgər erməni analarının övladlarını orduya göndərməməyə çağırış etmələri və bu çağırışın orduda vəziyyətin pik nöqtəsinə çatmasından ehtiyatlanan Sarkisyanın bu qərarı ictimaiyyətə növbəti hiyləsidir. Ancaq əsgər anaları həmin qərardan sonra mitinq keçirərək, övladlarını orduya göndərməyəcəklərini bildiriblər: "Əgər belə imkan yoxdursa, onda övladınızın taleyini lap əvvəldən həll edin, ya ölkədən qaçırın, ya da başqa bir yola əl atın. Çünki bu ölkədə orduya övlad göndərmək, ölümə göndərmək kimi bir şeydir. Orduda hər gün əsgərlərimiz ölür, qətlə yetirilir və başlarına min oyun açılır. Viqen Sarkisyanın başı isə siyasətə qarışıb".
Onu da vurğulamaq yerinə düşər ki, S.Sarkisyan üzləşdiyi çətin durumdan çıxmaq üçün "millət-ordu" adlı konsepsiyasını irəli sürərkən, zənn edirdi ki, yeni siyasi dividend qazanacaq, ancaq erməni politoloqları həmin vasitəni suverenliyin itirilməsinə tərəf atılan addım kimi qiymətləndirirlər. Əgər nəzərə alsaq ki, Ermənistan ordusunun ipi, məhz Sarkisyanın əlindədir, bu zaman belə qənaətə gəlmək olar ki, xalqdan dəstək almayan Sarkisyan ordu ilə birlikdə bütün mövqelərini itirmək üzrədir.

Aram Amatuni: "Sarkisyanın "millət-ordu" konsepsiyası xam xəyaldır"

Erməni analitiki, "1in.am" saytının siyasi yazarı Aram Amatuninin yazdığına görə, məhz aprel döyüşləri onu buna vadar edib. SİTAT: "Məhz aprel döyüşlərinin hakimiyyəti "millət-ordu" konsepsiyasını irəli sürməyə məcbur etdiyini demək çətindir, bu ya bəhanə oldu, ya da əlverişli hadisə. Əsas səbəb başqadır - hakimiyyət daxilində olan problemlərdir, daha dəqiqi, 2018-ci il probleminin həllidir. Bu məsələdə "millət-ordu" konsepsiyası S.Sarkisyan və onun siyasi planları, niyyətləri üçün vacib və təsirli vasitədir".
Erməni politoloqu onu da bildirir ki, Sarkisyan ictimaiyyəti ələ almaq üçün "millət-ordu" konsepsiyasını ortaya atıb: "Sarkisyanın konsepsiyasına görə, ali məktəbləri bitirən gənclərə ayda 500 dollar maaşa 3 illiyə orduda zabit kimi qulluq etmək təklif edilir. Bu, Yerevandakı orta maaş göstəricisindən 2 dəfə, regionlardakı orta maaş göstəricisindən isə 3 dəfə yüksək rəqəmdir. Həmçinin, orduya çağırış yaşı çatmış gənclərə isə 3 illik muzdlu- müddətli hərbi xidmət təklif edilir".
Aram Amatuninin sözlərinə görə, bu, hələ ki, plandır və həmin planın nə qədər reallaşdırılacağı barədə müxtəlif suallar yaranır: "Məsələn, S.Sarkisyan rejiminin oliqarxları uzağı bir neçə dəfə bu məsələdə canfəşanlıq göstərə bilərlər. Çünki davamlı olaraq xalqın marağına xidmət etmək onlara, ümumiyyətlə, sərf etməz. Erməni xalqının qanını soraraq, əldə etdikləri külli miqdarda gəlirlərin ölkədə qalması onlara sərf etməyəcək və əlbəttə ki, pullar xarici ölkələrə üzəcək. Digər tərəfdən, yuxarıda göstərilən şirnikləndirici vədlər yenə də erməni xalqına sərf etmir. Ömrünün 3 ilini hərbi xidmətə qoyub, oradan sağ qayıdıb-qayıtmayacağını bilməyən heç bir erməni 10 min dollara görə hərbi xidmətə getməz. Eləcə də, ön cəbhədə xidmət keçmək üçün irəli sürülən konsepsiya heç cür erməni ictimaiyyətini təmin etmir".

Artur Sakunts: "Millət-ordu" konsepsiyasını talançılıq siyasəti ilə Ermənistanı xarabalıqlara və qəbiristanlığa çevirəcək"

Helsinki Vətəndaş Assmbleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə bildirir ki, S.Sarkisyan özünə və klanının maraqlarına xidmət edəcək silahlı dəstə yarada bilər: "Sarkisyanın cəhdlərinə baxmayaraq, Ermənistanı xarabazarlığa çevirəcək: "Respublika Partiyası öz siyasəti ilə Ermənistanı xarabalıqlara və qəbristanlığa çevirəcək. "Millət-ordu" konsepsiyasını talançılıq saymaq olar. Burada öz maraqlarını insanların həyatı bahasına təmin etmək məntiqi hakimdir".
Göründüyü kimi, bununla da, Ermənistan iqtidarı öz vətəndaşlarının həyatı bahasına ömrünü bir az da uzatmağa çalışmaqla erməni xalqına zərbələr vurmaqda davam edir. Gec, yaxud tez ermənilərin havadarları da bunun zərərini görəcəklər. Ancaq onda gec ola bilər.

A.SƏMƏDOVA

Digər xəbərlər