Analitika

  • 4 682

Sarkisyanın təxribatları...

image

İşğalçılıq siyasəti Ermənistanı dalana dirəyib

Son günlər cəbhə boyu təmas xəttində erməni silahlı birləşmələrinin təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən alınması Ermənistanın ictimai rəyində qorxu və vahimə yaradıb. Daha dəqiq desək, hələ ötən ilin aprelində baş verən və ərazilərimizin bir hissəsinin geriyə qaytarılması ilə nəticələnən "dördgünlük müharibə"dən sonra işğalçı qüvvələrin bu və ya digər şəkildə öz məğlubiyyətlərini xalqdan gizlətmək cəhdləri də nəticəsiz qaldı.Erməni ekspertlərinin sözlərinə görə, Sarkisyanın yenə də təxribat-diversiya hərəkətlərindən əl çəkməməsi, bir daha təsdiqləyir ki, Ermənistan hakimiyyəti silahlı birləşmələrin rəhbərliyinə özü "xüsusi" tapşırıq verib. Bir səbəb ölkə daxilində ona qarşı çox güclü bloklar yaradılmasıdırsa, digər səbəb isə, sərhəddə keçirilən monitorinqlərdir. Deyildiyinə görə, guya Azərbaycan tərəfi ATƏT-in missiyasını təmas xəttinə çıxarmayıb. Başqa bir tərəfdən isə, ermənilər tərəfindən Azərbaycana qarşı iftiraların atılması heç də təəccüblü deyil. İşğalçı ölkə, çox yaxşı bilir ki, bu gün Azərbaycan Ordusu kifayət qədər güclü və qətiyyətlidir və döyüş qabiliyyəti yüksəkdir. Ordumuz, nəinki hansısa təxribatlara cavab verməyə, daha genişmiqyaslı döyüşlərə də hazırdır. Müdafiə Nazirliyi dəfələrlə işğalçı ölkəyə xəbərdarlıq edərək bildirir ki, bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq. Təxribat törətdiyinə görə isə, Ermənistan yenə də peşman olacaq, aprel döyüşlərində olduğu kimi. İşğalçı ölkəni idarə edən hərbi rejim isə, birmənalı tərzdə başa düşməlidir ki, onun işğal etdiyi və üzərində oturduğu torpaq başqa bir dövlətə məxsusdur, bu torpağın sahibinin iradəsi burada əsas rol oynamalıdır. Ermənistan əhalisi də, bunu başa düşməlidir ki, işğalçılıq siyasətinin sonu yoxdur. Çünki güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər.

Aydın Mirzəzadə: "İşğalçılıq siyasəti Ermənistanı izolyasiya şəraitinə salıb"

"Ermənistan bu gün özünün çox ağır bir vəziyyətini yaşayır, prezident Sarkisyan isə, vəziyyətdən çıxış yolunu ancaq Dağlıq Qarabağ mövzusunu tez-tez gündəmə gətirməklə, milli təəssübkeşlik hissində oynamaqla görür". Bunu millət vəkili Aydın Mirzəzadə Ermənistanda cərəyan edən son hadisələri şərh edərkən bildirib. Millət vəkili hesab edir ki, bu gün Ermənistanda cərəyan edən hadisələrin kökü daha əvvələ gedib çıxır. Bu hadisələr Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dövründən dövlətçilik siyasətinin düzgün aparılmaması ilə bağlıdır.Onun sözlərinə görə, Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyəyə qarşı ərazi iddiası Ermənistanı izolyasiya şəraitinə salıb: "Bu gün Ermənistanın iqtisadiyyatını inkişaf etdirən bir faktor yoxdur, xaricdən investisiya qoymaq istəyən də tapılmır. Bu, ona gətirib çıxarır ki, Dağlıq Qarabağ problemi onun boynundan ağır bir yük kimi asılıb. Buna görə də, hərbi büdcəsini daim yüksək səviyyədə saxlamağa məcburdur, əhalinin sosial problemləri isə günbəgün artır. Bu baxımdan da, vaxtaşırı Ermənistanda durum sosial partlayış vəziyyətinə qədər gəlib çatır".

Elxan Şahinoğlu: "Son hadisələr birbaşa Ermənistanın işğalçılıq siyasəti ilə əlaqədardır"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan iqtisadiyyatının və ölkədəki sosial vəziyyətin bərbad gündə olduğunu bildirib: "Bütün bunlar Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Hətta baş verən son hadisələr birbaşa Ermənistanın işğalçılıq siyasəti ilə də əlaqədardır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan dövləti bu siyasətdən əl çəkməyənə qədər, regional layihələrdə iştirak etməyəcək. Həmçinin, Ermənistan bütün fabrik və zavodlarını ucuz qiymətə Rusiya şirkətlərinə satıb. Üstəgəl rus şirkətləri də həmin zavod və fabrikləri işlətmək marağında deyillər. Elektrik enerjisi də Rusiya şirkətinin əlindədir. Qiymət artımı da həmin şirkətin qərarı ilə həyata keçirilib. Hazırda bu qərar bir müddət ərzində dondurulub. Ermənistan prezidenti mitinqlərindən çəkindiyi üçün belə bir qərar vermək məcburiyyətində olub. Lakin insanlar evlərinə getsələr belə, sabah yeni bir sosial gərginliyin yaranacağı istisna deyil".

Tobias Zeç: "Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır"

Almaniya Federativ Respublikası Bundestaqının Xristian-Sosialist İttifaqı Fraksiyasının üzvü Tobias Zeç, artıq iyirmi iki ildən artıqdır ki, Ermənistanın beynəlxalq hüququ pozaraq Dağlıq Qarabağı işğal altında saxladığını bildirib: "Bu siyasət BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə ziddir. Buna görə də, Avropa ictimaiyyəti mövcud status-kvonu qəbul edə bilmir. Odur ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır. Həmçinin, qondarma "Dağlıq Qarabağ Respublikası"nın birtərəfli qaydada elan edilməsi, hələ də beynəlxalq ictimaiyyət tərəfindən tanınmır".Tobias Zeç son zamanlar qoşunların təmas xəttində gərginliyin və toqquşmaların artması ilə bağlı məsələyə münasibət bildirərək, vurğulayıb ki, biz intensivləşən bir münaqişənin şahidi oluruq: "Bu isə, təmas xəttində beynəlxalq monitorinqi təhlükəyə çevrir. Odur ki, ATƏT mühüm bir vasitəçi olaraq, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün beynəlxalq hüququn mərkəzi prinsipləri əsasında formalaşdırılmış "Madrid Prinsipləri"nin irəli çəkilməsini gücləndirməlidir. Mən təkrar edirəm: buraya, həmçinin, Ermənistan tərəfindən işğal edilmiş rayonların qaytarılması və bütün qaçqın və məcburi köçkünlərin geri qayıtması məsələsi daxildir. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, biz Ermənistanın işğalçı qüvvələri tərəfindən gərginliyin yenidən artırılmasını pisləyirik".Ekspertlərin fikrinə əsaslanaraq demək olar ki, Sarkisyan eyni siyasəti yürüdəcəyini düşünərək, uzun müddət Ermənistanın prezidenti kimi qalacağını hesab edirsə, yanılır. Ən azından, ötən il baş verən aprel qələbəmiz onun yanılmasının məntiqi nəticəsidir. Görünür, belə davam edərsə, onda yenidən həmin dərsi verməyin vaxtı çatıb.

A.SƏMƏDOVA

Digər xəbərlər