Analitika

  • 4 645

Ermənistan yeni etiraz dalğaları mərhələsində

image

Xalq-hakimiyyət qarşıdurması

"Səs" qəzeti erməni KİV-lərinə istinadən xəbər verir ki, 2016-cı ilin iyul ayında siyasi həbslərə etiraz olaraq Yerevanda post-patrul alayını ələ keçirən 18 nəfər barəsində açılan cinayət işi məhkəməyə göndərilib. Ermənistanın Baş Prokurorluğunun bununla bağlı yaydığı məlumat etirazlara səbəb olub. Bu səbəbdən, iyunun 8-dən Yerevanın Azadlıq meydanında etiraz aksiyasına başlanılıb.
Erməni mətbuatının yazdığına görə, etirazçılar həbs olunan fəalların azadlığa buraxılmayınca aksiyalarını davam etdirçəcəklərini bildiriblər. "Təsis parlamenti" hərəkatının üzvü Arutyun Aslamazyan çıxışında silahlı qrupun üzvlərinin tezliklə azad olunaraq yenidən mübarizəyə qatılacaqlarına ümid etdiyini bildirib. Aksiya iştirakçıları həbs edilmiş siyasi partiya fəallarının azadlığa buraxılmasını da tələb ediblər. Armavir şəhərində də yüzlərlə sakin həbs olunmuş etirazçıların müdafiəsi üçün aksiya keçirib. Sakinlər Armavir-Yerevan yolunu bağlayıblar.

Cəmiyyətlə hakimiyyət arasında uçurum

Bu səbəbdən, hakimiyyət rəhbərliyinin göstərişi ilə aksiyaların güc yolu ilə dağıdılması davam edir. Bütün ölkə boyu repressiv tədbirlər həyata keçirilir. Bu arada qeyd olunur ki, Ermənistanın müxalif "İrs" Partiyasının sədr müavini, keçmiş deputat Armen Martirosyan kütləvi etirazlara çağırışlara görə həbs olunub. Siyasətçinin qardaşı Arşak Martirosyan bildirib ki, Armen hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma təcridxanasındadır. Erməni mətbuatının məlumatına görə, ölkə üzrə həbs edilənlərin sayı yüzlərlədir. Siyasi ekspertlərin sözlərinə görə, həbslər heç də ölkədə yaşanan vəziyyətin yaxşılığa doğru irəliləməsi deyil, əks-halda yeni yaranacaq xalq hərəkatının qarşısını belə ala bilməyəcək və hakimiyyətə qarşı çıxanların sayı artacaq.
Erməni politoloq Suren Zolyan etiraf edir ki, indi situasiya kökündən dəyişib: "Əgər ötən günlərdə xalqla hakimiyyət arasında hansısa dialoq mümkündüsə, indi bu, əsla baş tutan deyil". Onun sözlərinə görə, ölkədə hakimiyyətin artıq dəyişib, çünki hakimiyyət polisə və qoşunlara əmr verməkdən ibarət deyil: "Yəni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün cəmiyyət iqtidara inanmalıdır. İndi bu inam yoxdur. Ermənistan prezidenti Serj Sarkisyan legitimliyini itirib. Onsuz da, onun belə legitimliyi də yox idi. İndi o, nə xarici siyasəti, nə daxili siyasəti müəyyənləşdirə bilir".

Mübariz Əhmədoğlu: "İşğalçı ölkənin vətəndaşlarının hakimiyyətə qarşı inamları tükənib"

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhəmədoğlu Ermənistanda baş verənləri Sarkisyanın oyunu hesab edir: "Ermənistanda baş verən hadisələr Sarkisyanın Jerayr Səfilyanın komandası ilə birgə qurduğu oyundur. Həm də Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa əlaqəsi var. Baxın, Serj Sarkisyan Qarabağ danışıqları üçün Sankt-Peterburqa gedərkən, qondarma qurumun rəhbəri Bako Saakyanla görüşdü. İşğal etdikləri beş rayonun qaytarılması və Dağlıq Qarabağ üçün mərhələli danışıqlar məsələsini müzakirə ediblər. O zaman Səfilyan və onun komandası buna etiraz etdi. Sarkisyan da Səfilyan və ona yaxın olan insanların evində axtarış apartdırdı. Bir neçəsini həbs etdirdi. İndi də baş verənlər bunun üstündədir. Görünən odur ki, prezident Sarkisyan Səfilyanın komandası ilə oyun qurub. Məqsəd də odur ki, Putin və Makron Sarkisyandan Dağlıq Qarabağın həlli istiqamətində irəliləyiş barədə heç nə soruşmasın və hesabat istəməsinlər. Soruşsalar da bildirsin ki, ölkə əhalisi buna narazıdır".
M.Əhmədoğlu, həmçinin, Ermənistanda böyük çoxluğun Sarkisyan rejimindən narazı olduğunu da vurğuladı: "Yaşanan olaylar bir daha onu göstərdi ki, işğalçı ölkənin vətəndaşlarının hakimiyyətə qarşı inamları tükənib. Dövlətin onurğa sütunu hesab edilən polisə hücumlar edilir. Bütün bunlar bir daha Ermənistanda demokratiya sahəsində ciddi böhran yaşandığını, bu ölkədə insan hüquqlarının hakimiyyət tərəfindən kobud şəkildə pozulduğunu, söz və fikir azadlığına heç bir məhəl qoyulmadığını göstərir".

İşğalçı ölkədə siyasi-iqtisadi böhranın miqyası genişlənir

Yeri gəlmişkən, 2016-cı ilin ikinci yarısında BMT-nin ölkələrin demoqrafik proqnozları ilə bağlı hazırladığı məruzədə göstərilir ki, hazırda 3 milyon 18 min nəfər əhalisi olan Ermənistanda bu göstərici 2030-cu ildə 2 milyon 992 min nəfərə, 2050-ci ildə isə 2 milyon 729 min nəfərə qədər azalacaq.
Ermənistan Milli Statistika Xidmətinin əhalinin siyahıya alınması şöbəsinin müdiri Karine Kuyumçuyanın mətbuata verdiyi məlumata görə, son beş ildə ölkə əhalisi 35,9 min nəfər, müstəqillikdən bu günə qədər isə 634,7 min nəfər azalıb. Azalma, əsasən, Yerevan, Lori və Şirak əyalətlərində müşahidə edilib.
Rusiya Federal Miqrasiya Xidmətinin Yerevandakı nümayəndəliyinin yaydığı xəbər də Ermənistanda demoqrafik vəziyyətin acınacaqlı olmasından xəbər verir. Bildirilir ki, bu ilin may ayına olan məlumata görə, hazırda Rusiya ərazisində 472 min Ermənistan vətəndaşı yaşayır. Bununla da, Ermənistan əhalisinin 17,2 faizinin Rusiyada yaşadığı aydın olur. Yeri gəlmişkən, hazırda Ermənistanın 2,9 milyon vətəndaşı var.
Göründüyü kimi, indiki vəziyyətdə Ermənistanda dərin sosial-iqtisadi tənəzzül hakimiyyətlə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyi də yüksəldir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər siyasi və iqtisadi resurslara malik olmaması isə hakimiyyətlə xalq arasında qarşıdurmanı gücləndirir. Elə bu səbəbdən, hakimiyyətin xalq tərəfindən devrilməsi və bunun yaxın zamanda baş verməsi qaçılmaz sayılır.

A.SƏMƏDOVA

Digər xəbərlər