Analitika

  • 16 784

"Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən!"

image

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu zamandan yeddi il ötür

Azərbaycan torpağının hər qarışında bir qəhrəmanlıq dastanı yaşayır. Bu torpaq vətən uğrunda canından keçən, şəhid olan oğulların qanı ilə suvarılıb. Ayaq basdığımız torpağın altında şəhid ulu babalarımız uyuduğundan bu məmləkət bizim üçün müqəddəsdir, əzizdir. Cadar-cadar olmuş torpaqdan gələn səslər vətən sevgisinin dastanını danışır bizlərə. Vətən, Azərbaycan deyib, ən ali sevgi uğrunda canlarını sipər edərək, düşmənlə üz-üzə dayanan oğullar şəhidlik zirvəsinə yüksəliblər. Belə oğullar sırasında bu gün iftixar hissi ilə adını xatırladığımız Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da adı var. Yeddi il əvvəl Azərbaycan tarixinin daha bir şanlı səhifəsinə - şəhidlik zirvəsinə yüksəlməsi ilə adını yazdı. Həmin tarix hər bir azərbaycanlının fəxarət duyduğu bir günə çevrildi. Neçə əsrlik qəhrəmanlıq tariximizə yeni səhifə açıldı. Daşlaşmış yaddaşlara vətən, torpaq uğrunda yaşamağa və ölməyə hazır olmağı bacaran vətən övladı Mübarizin də adı həkk olundu. Əbədiləşdi Mübariz. Onu bu ruhda yetişdirən, məhz Azərbaycan torpağına ayaq basmış və Azərbacan torpaqlarının 20 faizini işğal etmiş erməni terrorçularından intiqam almaq və qisas hissi idi. Qorxmadan erməniyə Azərbaycan oğullarının kimliyini isbat etmək üçün mətin addım atdı. Erməni təcavüzkarlarının torpağımıza hakim kəsilməsinə dözə bilmədi, günahsız insanların harayı qulaqlarında səsləndi, ah-nalə onun rahatlığına son qoydu və Mübariz xalqın mübariz oğluna çevrildi.
ŞƏHİD OLANADƏK BU ŞƏRƏFSİZLƏRİN ÜZƏRİNƏ GEDƏCƏYƏM...
Elə Qarabağda başlanan savaşın tarixi onun doğulduğu ilə təsadüf edir. Məlumdur ki, Azərbaycana qarşı olan erməni iddiaları 1988-ci ildən baş qaldırır və dünyaya həmin ildə göz açan Mübariz də erməni vəhşiliklərini, onların törətdikləri əməlləri eşidə-eşidə, görə-görə böyüyür. Düşmənə qəzəbi də elə ağlı kəsəndən sonra olur. Odur ki, mübarizəyə atəşkəs zamanı tək qalxdı. Heç kimi narahat etmədən və kömək ummadan. Bu döyüşə nə qədər tələssə də, amma son məktubunu yazmağı da unutmadı: "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim...".
Düşmən üzərinə tək hücum edərək gücünü göstərdi, hünərini dünyaya bəyan etdi. Azərbaycan torpağının belə oğullar yetişdirdiyinə dünya laqeyd qala bilmədi. İnanmaq çətin olsa da, həyat və gerçəklik bu idi. Zamanımıza örnək olan Mübariz azərbaycanlıların qanını almağa getdi. Neçə-neçə can aldı düşmən canından! Qorxu və vahimə yaratdı bir gecənin içində düşmən canında. Düşmənə aman vermədi. "Vətən", - söyləyib sinəsini qabağa verdi. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçdi. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv etdi. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək, 5 saat onlarla təkbətək döyüşdü. Düşməni ağır itkilərə məruz qoydu, onların zəif cinahlarını üzə çıxardı. Beləliklə, Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid oldu. Amma düşməndən aman diləmədi. Onsuz da bu addımı atarkən, geri dönməyəcəyini əvvəlcədən bilirdi. Məqsədi patronu sona çatana qədər qisas almaq idi. Axı yoldaşlarına həmişə deyirdi ki, hərənin öz yolu var:"Mən isə yolumu seçmişəm. Düşmənə qan qusdurub ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz! Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən!" dedi və elə də etdi.
"MÜBARİZ YAXŞI BİLİRDİ Kİ, O DÖYÜŞDƏN SAĞ-SALAMAT ÇIXA BİLMƏYƏCƏK, ANCAQ VƏTƏN, TORPAQ SEVGİSİ, ONDA OLAN VƏTƏNPƏRVƏRLİK RUHU ONU ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALTDI"
Atası Ağakərim İbrahimovdan hadisənin səhəri günü oğlunu xəbər alanda və çoxlu silah götürüb və ərazidən uzaqlaşdığını bildirəndə, ata inamla və qətiyyətlə bildirir ki, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən, Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzinə çevrilən Mübariz İbrahimovu, məhz bu ata tərbiyə etmişdi. Onun dəyərlərinə də yaxşı bələd idi. Oğlu fərari, vətən xaini ola bilməzdi.
Mübariz bir gecənin içində şəxsi rəşadət və şücaət nümayiş etdirdi, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etdi, mövqelərimizin toxunulmazlığını canı bahasına qorudu. Ermənilər Mübarizə "Rembo" deyirdilər. Sakit, siyasətdən uzaq bir gənc olsa da əzmini və qətiyyətini nümayiş etdirdi. Tanrısını, vətənini canından artıq sevən Mübariz öz qisasını düşməndən belə aldı, oğul vətən borcunu verdi. Şəhid olub, arzusuna qovuşdu.
Ermənilər insanlığa yaraşmayan və insanlıq üçün qara ləkə olduqlarını bir daha milli qəhrəmanımızın nəşini belə qaytarmaq istəmədikləri zaman da ortaya qoydular və onu gizlətməyə çalışdılar. Ermənistan tərəfi heç bir sivil qaydalara əməl etmədən, onun cənazəsini qaytarmaqdan imtina edirdi. Bu, misli görünməmiş vəhşilik, mənəviyyata və dini normalara sığmayan hərəkət yalnız erməniyə məxsusdur. Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqlar nəticəsində Mübarizin cənazəsi 6 noyabr 2010-cu il tarixdə vətənə gətirildi. Şəhid qəhrəman İkinci Fəxri Xiyabanda dəfn olundu.
Vida mərasimində iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışı zamanı onun vətənpərvərliyini yüksək qiymətləndirir: "Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək, ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz İbrahimov bütün gənclər üçün örnəkdir, nümunədir". Mübarizin qəhrəmanlığını dövlətimiz yüksək dəyərləndirdi. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub-saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Sərəncama əsasən, bu gün Biləsuvar rayonunun orta məktəblərindən biri Mübariz İbrahimovun adını daşıyır. Biləsuvar rayonunda küçələrdən biri Mübariz İbrahimovun adınadır. Eyni zamanda, bu adı əbədiləşdirmək üçün 2011-ci ildə "Palmali" şirkətinin Türkiyədə hazırlardığı yük gəmisi Mübariz İbrahimovun adını daşıyır. "İstiqlal" snayper tüfəngləri ailəsindən 12,7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.
Keçdiyi qısa 22 illik ömür yolu neçə-neçə əsrləri əhatə edəcək. Şücaəti, qeyri-adi cəsarəti ilə əfsanəyə çevrilən Mübariz İbrahimov özünə məxsus qəhrəmanlıq məktəbi yaratdı. Vətəni necə sevməyi, Azərbaycanı necə qorumağı bir daha əməlləri və keçdiyi şanlı yolu ilə bizlərə öyrətdi.
Azərbaycan Mübarizlərin qanını yerdə qoymayacaq. Zaman yetişəcək ki, onların ruhu işğal altında olan torpaqlarımızın azad olduğunu görüb sevinəcəkdir. Bu gün Azərbaycanda minlərlə MÜBARİZLƏR var. Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin əmrini gözləyirlər ki, düşmənə layiq olduqları cəzanı versinlər. Şəhid vətən övladlarının şücaəti və qəhrəmanlığı bir daha onu göstərir ki, Azərbaycan buna qadirdir. Azərbaycanın bu gün döyüş hazırlığı, maddi-texniki təchizatı, kifayət qədər silah-sursatı, peşəkar ordusu, ruh yüksəkliyi də qələbənin təminatına əminlik yaradır.
Ötən ilin aprel ayında cəbhə xəttində baş verənlər, həqiqətən də, Azərbaycanda Mübarizin davamçılarının olduğunu və erməniyə kim olduqların göstərə bildilər. Şəhid qanı axıdılan torpaqda qəhrəmanların hər zaman varlığı duyulur.
Bəli, tarix heç zaman unudulmur, tarix yazılır. Tarixi yazan isə Vətənin namuslu, mərd və MÜBARİZ oğullarıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər