Analitika

  • 12 680

Avropa Parlamenti növbəti dəfə qərəzli mövqe ortaya qoydu

image

Müstəqil siyasət yeridən Azərbaycana təzyiq göstərilməsi qəbuledilməz və qeyri-mümkündür


Azərbaycan demokratik prinsipləri rəhbər tutaraq, inkişaf edən hüquq dövlətidir. Ölkə konstitusiyasından irəli gələrək, ayrı-ayrı qanunlarda vətəndaşların hər bir hüquq və azadlığı əksini tapıb. Hər bir mütərəqqi və demokratik ölkədə olduğu kimi, Azərbaycanda da hüquq prinsipləri ziddiyyət təşkil etmir. İstər siyasi, istər iqtisadi, istərsə də sosial, idman, mədəniyyət və digər sahələrdə qazanılan nailiyyətlər respublikamızın regional və beynəlxalq nüfuzunun artmasına, dünyada daha yaxından tanınmasına böyük töhfələr verməkdədir.
Azərbaycanın yüksəlişi, qazandığı saysız-hesabsız nailiyyətlər, dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxması, müstəqil xarici siyasət yeritməsi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi, ölkədə geniş islahatların həyata keçirilməsi, qanunun aliliyinin təmin edilməsi, xalqın sosial rifahının yaxşılaşması və digər uğurlar ölkəmizin müstəqilliyinin möhkəmlənməsini istəməyən antiazərbaycançı dairələri ciddi narahat edir. Bu tendensiya, xüsusən, Avropa Parlamentinin fəaliyyətində daha yaxından hiss olunur. Bu günlərdə Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə adlandırılan sənədin qəbul edilməsi isə bu qurumun Azərbaycana qarşı qərəzli mövqeyini növbəti dəfə ortaya qoydu.
Demokratiya, ədalət və insan hüquqlarını mühüm universal dəyərlər kimi qəbul edən Avropa Parlamenti nə Azərbaycanın 20 ildən artıq müddətdə işğal altında qalan əraziləri ilə bağlı, nə də bütün hüquqları pozulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkün barədə bir dəfə də olsun beynəlxalq hüquqa uyğun, ədalətli mövqe bildirməyib və bəyanat verməyib. Əvvəlki dövrlərdə də biz AP-nin Azərbaycana münasibətdə qeyri-obyektiv münasibətinin şahidi olmuşuq. Antiazərbaycançı şəbəkənin və erməni lobbisinin əlində oyuncağa çevrilən AP əvvəllər də Azərbaycana qarşı bu səpkili "sənədlər" qəbul edib. Görünən odur ki, AP erməni lobbisinin əsirinə çevrilib, onun yalan iddiaları və təhrif edilmiş məlumatları əsasında hərəkət edir. Azərbaycan isə müstəqil dövlətdir və müstəqil siyasət həyata keçirir. Müstəqil siyasət yeridən bir dövlətə təzyiq göstərilməsi həm qəbuledilməz, həm də qeyri-mümkündür.

Ziyafət Əsgərov: "Uydurma faktlar əsasında hazırlanan bu qətnamənin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur"

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasının təəssüf doğurduğunu və bu sənədin yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlandığını vurğulayıb: "Ermənipərəst qüvvələrin təsiri və təzyiqi altında Avropa Parlamenti kimi ciddi qurum tərəfindən belə bir hərəkətə yol verilməsi Azərbaycanda anlaşılmazlıq doğurur. Qeyd edim ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil və onun qarşısında heç bir öhdəlik daşımır və bu qətnamənin də Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Ümid edirəm ki, Avropa İttifaqında və Avropa Parlamentində olan sağlam qüvvələr Azərbaycana qarşı yönələn bu cür qərəzli və bədxah hərəkətlərin qarşısını alacaqlar".

Aydın Mirzəzadə: "Hesab edirəm ki, Avropa Parlamentinin özünün avropalaşmasına çox böyük ehtiyac var"

YAP Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə Avropa Parlamentinin yenə də Azərbaycanla bağlı öz statusuna uyğun olmayan bir qərar qəbul etdiyini deyib: "Avropa Parlamenti nədənsə vaxtaşırı özünü Avropa məkanına daxil olmayan dövlətlərin prokuroru qismində aparır. Avropa Parlamenti Avropa İttifaqına daxil olan ölkələrin daxili məsələlərinə dair formalaşdırılan Parlament Assambleyasıdır. Lakin bu qurum digər ölkələrlə bağlı da aşkar siyasi motivli qərarlar qəbul edir. Qəbul edilən qərarların məzmunu da bunun hüquqşünaslar tərəfindən hazırlanmadığını göstərir. Azərbaycana qarşı tələblər irəli sürülür, ondan qeyd-şərtsiz müəyyən addımlar atmaq tələb olunur və s. Hesab edirəm ki, Avropa Parlamentinin özünün avropalaşmasına çox böyük ehtiyac var. Azərbaycan suveren dövlətdir və öz daxili məsələləri ilə bağlı müstəqil qərarlar qəbul edir. Verilən qərar Avropa Parlamentinin statusuna uyğun deyil və hüquqi anlayışdan uzaqdır. Görünən odur ki, Avropa Parlamentindəki müəyyən dairələr ölkəmizi özlərinin forpostuna çevirmək niyyətindən əl çəkmirlər".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər