Analitika

  • 13 878

Rusiyalı ermənipərəst politoloq ermənilərin canına qorxu saldı

image

Vladimir Yevseyev: "Azərbaycan Ordusu hər an genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər"

Son bir neçə gündə Qarabağ cəbhəsində baş verən məlum hadisələrdən sonra, eləcə də, bu günlərdə erməni kəşfiyyat-təxribatçı qrupunun aşkarlanaraq məhv edilməsi, o cümlədən, kəşfiyyatçılarından birinin də ələ keçməsi Ermənistanda qorxu və təlaş yaradıb. Sosial şəbəkələrdə yazılan statuslardan da aydın şəkildə görünür ki, Qarabağ cəbhəsində, həmçinin, Azərbaycanla sərhəddə xidmət keçən erməni əsgərlərinin ölüm riskləri kifayət qədər artıb. "Qarabağa getdinsə, demək, geriyə tabutun dönəcək" tipli statuslar isə həddindən artıqdır. Artıq hərbi xidmət yaşı çatmış erməni gənclərin valideynləri müxtəlif vasitələrlə övladlarının əsgər olmasının qarşısını almağa çalışırlar. Bu xof, əslində, ötən ilin aprelindən düşmən tərəfinin canına vəlvələ salsa da, indiki məqamda müharibə riskinin artması ölkədəki vəziyyəti daha da gərginləşdirməkdədir.

"Azərbaycan tərəfindən aparılan hərbi siyasət hələ ki, Ermənistan tərəfindən adekvat olaraq cavablandırılmır"

Uzun müddətdir ki, bilavasitə, Sarkisyan rejiminin nəzarətində olmayan bir sıra müstəqil erməni media qurumları ya öz politoloqlarının, ya da xarici siyasi şərhçilərin rəy və fikirlərini tirajlayaraq, vəziyyətin nə qədər gərgin olduğunu xalqa çatdırır. Xüsusilə, ermənipərəstlikləri ilə seçilən bir sıra rusiyalı politoloqların da fikirlərini öyrənən ermənilər həmin şərhlərdə öz xeyirlərinə yönəlmiş ən kiçik fikirləri belə almağa çalışsalar da, buna müyəssər olmurlar. Daha dəqiq desək, hətta ermənilərin mövqeyindən çıxış edən rusiyalı analitiklər də ermənilərin mövcud vəziyyətinə müsbət don geyindirəcək qədər fikirlər önə sürə bilmirlər.
Onlardan biri də MDB ölkələri institunun direktor müavini, hərbi ekspert Vladimir Yevseyevdir. Onun Ermənistanın birinci informasiya saytına verdiyi açıqlamasında və proqnozlarından anlamaq olar ki, son günlər Qarabağla sərhədyanı bölgələrdə baş verən insidentlər, insan itkilərinin artması gözlənilən yeni müharibənin nişanələridir. "Artıq bir ildir ki, Azərbaycan genişmiqyaslı hücuma keçmək imkanlarını nümayiş etdirir"-deyə qeyd edən V.Yevseyevə görə, Azərbaycan tərəfindən aparılan hərbi siyasət, hələ ki, Ermənistan tərəfindən adekvat olaraq cavablandırılmır və Bakıda ərazilərin ələ keçirilməsinə (sitat onlarındır-R.N.) olan ümid getdikcə daha da artır. SİTAT: "Bununla onlar (Azərbaycan) Dağlıq Qarabağ problemini kökündən həll edəcəklərinə inanırlar. Belə bir vəziyyətdə erməni tərəfi, nəinki müdafiə, eləcə də, hücum anına hazır olmalıdır".

"Əks-halda, Azərbaycanın zərbələri sonsuz olacaq"

Əlbəttə ki, düşmən tərəfi öz zəifliyini heç bir halda etiraf etməz, ancaq rusiyalı hərbi ekspert erməni ordusunun bu məsələdə gücsüzlüyünə işarə edərək, heç bir tədbirlərə əl atmadıqlarına işarə edir. SİTAT: "Birincisi, Azərbaycan tərəfindən endirilən hər bir zərbəyə hərbi güclə cavab vermək lazımdır. Əks-halda bu zərbələr sonsuz olacaq... İkincisi, hesab edirəm ki, 2016-cı ilin aprelində baş verənlər yenidən təkrarlanacaq. Çox mümkündür ki, Azərbaycan artıq bu il nəhəng miqyaslı hərbi əməliyyatlara başlamaq cəhdini ortaya qoyacaq, hazırkı məqamdakı fəaliyyətləri isə, buna hazırlıq kimi qiymətləndirilməlidir".
Bu arada rusiyalı ermənipərəst politoloq, necə deyərlər, ermənilərə ağıl qoyaraq deyib ki, münaqişə zonasında yerləşdirilmiş Dağlıq Qarabağ "ordusu" və Ermənistan silahlı qüvvələri müdafiə olunmaqla yanaşı, hücum fəaliyyətlərinə də hazırlaşmalıdırlar. SİTAT: "Belə ki, onlar hədəf kimi Azərbaycanın ərazilərini zəbt etməli və əldə ediləcək növbəti atəşkəsdən sonra aprel müharibəsi zamanı itirilən ərazilərlə zəbt etdikləri əraziləri dəyişdirməlidirlər..."

"İlk növbədə, ABŞ və Rusiya ilə iş aparmaq lazımdır"

Bütün bunlar, sadəcə, boş-boşuna deyilmiş fərziyyə və xülyalardır və ermənilər də yaxşı bilirlər ki, əgər yeni savaş meydana çıxarsa, onlar daha çox ərazilərini itirmiş olacaqlar. Yəni Azərbaycan Ordusu işğal altında qalan digər ərazilərimizi də qısa müddətdə düşmən tapdağından azad edəcək. Çünki hazırkı mövqelərimizdən düşmən tərəfinin kilometrlərlə içi, hətta arxa cəbhəsi ən müasir silahlarımızla hədəfə alınıb. Ona görə də, Vladimir Yevseyevin ermənilərə xoş gəlmək üçün işlətdiyi bu ifadələrini yalnız boğazdan yuxarı sözlər kimi qiymətləndirmək olar.
Rusiyalı politoloq ermənilərə məsləhət edib ki, Ermənistanın siyasi dairələri ATƏT-in Minsk Qrupu ilə aktiv fəaliyyət göstərməlidirlər. "İlk növbədə, ABŞ və Rusiya ilə iş aparmaq lazımdır"-deyə qeyd edən hərbi ekspert əlavə edib ki, təmas xəttində beynəlxalq müşahidəçilərin sayını artırmaqla da müəyyən işlər görmək olar.

"Müharibə başlayarsa, Türkiyə Azərbaycanın yanında olacaq"

Bütün bunlara rəğmən, Yevseyev əminliklə deyib ki, Azərbaycanın Türkiyə ilə olan çoxşaxəli əlqələri Ermənistanı çətin vəziyyətdə qoyur. "Müharibə başlayarsa, Türkiyə Azərbaycanın yanında olacaq"-deyə qeyd edən politoloq və hərbi ekspertin sözlərinə görə, Rusiya Türkiyə ilə aparılan danışıqlarda Türkiyənin Qarabağ məsələsinə müdaxiləsini məhdudlaşdırmalıdır. Lakin Yevseyev özü də yaxşı bilir ki, Türkiyə heç vaxt Azərbaycanı dar ayaqda qoymayıb və bundan sonra da, nəyin bahasına olursa-olsun, qoymayacaq. Çünki Azərbaycan Türkiyənin çətin vəziyyətlərində daim yanında olduğunu bəyan edib. O, fikirlərinin sonunda, bir daha vurğulayıb ki, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlamağa tam olaraq hazırdır.
Beləliklə, hətta ermənilərə ürək-dirək verməsinə baxmayaraq, bu kimi politoloqların rəylərindən də kifayət qədər nəticə çıxarmaq mümkündür ki, Ermənistan xalqını müharibə xofundan çıxara bilməyən hakimiyyət çətin və çıxılmaz duruma düşüb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər