Analitika

  • 19 933

Ermənistan ordusunun mülki insanları qətlə yetirməsi insanlıq əleyhinə cinayətdir

image

Dünyanın müxtəlif məkanlarında yaşayan azərbaycanlılar yaşadıqları ölkələrdə 4 iyul təxribatı ilə bağlı Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz ifadə edən aksiyalar keçirir, bəyanatlar yayır, baş vermiş hadisədən sarsıldıqlarını, dünya birliyindən bu faciəyəyə ədalətli qiymət verilməsini gözlədiklərini bildirirlər. Qeyd olunur ki, dinc sakinlərin həlak olması faktlarının təkrarlanması, bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə mövcudluğu regionda sülhün təmin olunmasına, münaqişənin danışıqlar masası arxasında həll edilməsinə maneə yaradan başlıca amildir.

Dünya Azərbaycanlılar Assambleyası və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Azərbaycanlıların Ermənistanın Almaniyadakı səfirliyi önündə keçirdiyi etiraz aksiyasında iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi əhalisinin və mülki obyektlərinin atəşə tutulması nəticəsində, Sahibə Allahverdiyeva və nəvəsi 2 yaşlı Zəhranın həlak olması insanlığa qarşı cinayət kimi qiymətləndirilib. Soydaşlarımız bu hadisəni Ermənistan dövlətinin təcavüzkar və terrorçu mahiyyətini əks etdiridiyini vurğulayıblar.
Soydaşlarımız Azərbaycan dövlətinin ölkənin ərazi bütövlüyünün bərpası yönündə bütün addımlarını dəstəklədiklərini ifadə ediblər. Bildirilib ki, bu hüznlü hadisə bütün dünya azərbaycanlılarının kədər və hiddətinə səbəb olmuşdur.
Daha sonra işğalçı ordunun bu günə qədər dəfələrlə uşaq ölümlərinə səbəbkar olması və yüzlərlə uşağı qətl etməsinə etiraz olaraq, səfirliyin giriş qapısına gəlincik buraxılmışdır. Bu addımın simvolik mənası, həm də ondan ibarətdir ki, bu gün Ermənistan, cinayətkar hakimiyyəti oyuncaqları ilə oynamalı olan körpələri qətlə yetirir.
Piketin sonunda iştirakçılar adından Ermənistan hakimiyyətinə etiraz bəyanatı səfirliyin poçt qutusuna atılıb.
Almaniyanın Hannover şəhərində baş tutan etiraz mitinqində Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirilib. Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.
Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi üzvləri Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar Zeynəbiyə məscidinin qarşısında toplaşaraq, Yəhya Kamal Mərkəzinə doğru yürüş ediblər. Nümayiş iştirakçıları səsləndirdikləri şüarlarda Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində, 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsini kəskin şəkildə etiraz ediblər.
İSTAD sədri Səfər Qaraqoyunlu çıxışında Ermənistanı və bu qaragüruha dəstək olanları şiddətlə qınadığını bildirib. O, qeyd edib ki, daha böyük faciələrin yaşanmaması üçün Ermənistana qarşı beynəlxalq birlik tərəfindən sanksiyalar tətbiq olunmalıdır. "Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ermənistan bölgədə sülh və sabitliyin bərqərar olmasını istəyirsə, öz ordusunu qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmalıdır"-deyə diaspor sədri bildirib.
Qeyd edək ki, yürüşü Türkiyənin bir sıra kütləvi informasiya vasitələri işıqlandırıb.
BMT-nin mənzil-qərargahı qarşısında keçirilən etiraz aksiyasında da iştirakçılar Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən, habelə, azyaşlı Z.Quliyevanın cəsədinin mediada yayılmış fotoşəkillərdən ibarət transparantları ətrafda yığılan əcnəbi diplomatlara nümayiş etdirilib, "Mən Zəhrayam!", "Zəhraya ədalət!", "Erməni terrorunu qınayın", "Ermənistan uşaq qatilidir!", "Ermənistan soyqırımı günahkarıdır!" şüarlarını səsləndiriblər. Aksiyada hadisə ilə bağlı əcnəbilərə bukletlər paylanılıb, ətraflı məlumat verilib və çıxışlar edilib.
Niderlandda fəaliyyət göstərən diaspor təşkilatları isə beynəlxalq qurumlara etiraz məktubları göndəriblər. Niderland Krallığında fəaliyyət göstərən "Ana Vətən" Avropa Azəbaycanlı Qadınlar Birliyi və "Odlar yurdu" Cəmiyyəti Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıblar. Bəyanatda bu faciənin Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olması, eyni zamanda, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha açması vurğulanır. Niderlanddakı soydaşlarımız dünya ictimaiyyətini atəşkəs dövründə baş verən təxribatlara, hücumlara və dinc əhalinin qətlə yetirilməsinə lazımi reaksiya verməyə, bütün bu ədalətsizliklərə biganə qalmamağa çağırıb. Bəyanat BMT-yə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və Avropa Şurası Parlament Assambleyasına göndərilib.
Qırğızıstandakı Azərbaycan diaspor təşkilatları da beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və "Xəzər" İssık Kul Azərbaycanlıları İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatla əlaqədar keçirdiyi tədbirdə beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinin liderlərinə müraciət ünvanlayıblar.
Təşkil olunan aksiyalarda, yayılan bəyanatlarda Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatı qətiyyətlə pislənir, beynəlxalq təşkilatları, o cümlədən, BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk Qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünyanın aparıcı dövlətlərinin liderlərini, mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırıblar.
ZÜMRÜD

Digər xəbərlər