Analitika

  • 17 610

"Siyasi məhbus" savaşı

image

Və ya məğlublarda qalib yoxdur

"Azadlıq" radiosunun sabiq əməkdaşı, hazırda özünü "hüquq müdafiəçisi" kimi təqdim edən Xədicə İsmayılla AXCP sədri Əli Kərimli arasında "siyasi məhbus" siyahısı uğrunda gedən savaş bu günlər yenidən qızışmağa başlayıb. Davalarını sosial şəbəkə vasitəsilə aparan tərəflər virtual qaydada qarşılıqlı ittihamlarla çıxış edir, bunun ardınca təhqir və söyüşlərlə davam edən "müzakirələr" qururlar.
Sirr deyil ki, istər X.İsmayılın, istərsə də, Ə.Kərimlinin maraqlarından çıxış edən aktiv profillər öz "liderləri"ndən buna görə öncədən müəyyənləşdirilmiş "maaşlarını almaqla" Qərbdən idarə olunduqlarını sübuta yetirmiş olurlar. Lakin belə çıxış ki, Qərbdəki anti-Azərbaycan xarakterli qüvvələr arasında da fikir ayrılıqları yaşamaqdadır - bir tərəf X.İsmayılın, digər tərəf isə Ə.Kərimlinin nümunəsində, ümumilikdə dövlətimiz əleyhinə planlarını reallaşdırmağa çalışırlar.

Xədicə İsmayıl: "Əli Kərimli və Cəmil Həsənli indi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər..."

Onu da xatırlatmaq yerinə düşərdi ki, hələ tərəflər arasında "siyasi məhbus" savaşı başlayarkən, ilk hücum addımını da, məhz X.İsmayıl atmışdı. O, "Milli Şura"da təmsil olunmasına rəğmən, həm Ə.Kərimliyə, həm də C.Həsənliyə xitabən düşərgə daxilindəki opponentlərinə "səylər" damğasını yapışdırmışdı. Daha sonra isə yenə də, hər iki şəxsə münasibətdə "ambisiyaları var, ağılları yoxdur" təhqirsayağı ifadəsini ictimailəşdirməklə, onlarla axıra qədər mübarizə aparacağı siqnalını vermişdi. X.İsmayıl özü tərəfindən hazırlanmış "siyasi məhbus" siyahısını erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərən Qərb təşkilatlarından keçirəcəyini iddia qismində irəli sürməklə, savaşını daha sərt şəkildə davam etdirmək qərarına gəlmişdi. Görünür, X.İsmayılın Ə.Kərimliyə və C.Həsənliyə qarşı qurduğu planları işə düşüb. Hətta bu arada Arif Hacılının başqanı olduğu Müsavata da vaxtilə cangüdəni olmuş Əfqan Muxtarlı ilə bağlı fikirlərində ilişməyi unutmur...
Ümumiyyətlə, X.İsmayıl gah bu, gah da digər tərzdə hücum aksiyalarını davam etdirir və belə hesab edir ki, xarici təşkilatlar qarşısında müxalifətin ən fəalı kimi görünəcək. Hələ bu yaxınlarda o, AXCP sədri və "Milli Şura" "liderinə" xitabən, daha ağır təhqir kampaniyası aparmışdı. Onları siyasətçi hesab etmədiyini iddia edən X.İsmayıl, həmçinin, bildirmişdi ki, siyasət elmini bilməmələri düşərgəni, eləcə də, müxalifət mətbuatını uçuruma doğru aparır. Onun həmin ifadələrini bir daha xatırlatmaq yerinə düşərdi: "Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər..."

Daha bir təhqir: "Bir balaca eşqinizi aşağı salın..."

Bu arada o da bəlli görünür ki, X.İsmayılın "söz gülləsi" atmaq məsələsində Ə.Kərimlidən daha səriştəli olması göz önündədir. Belə ki, o, "qazanından dolma oğurlayan" AXCP sədrinə qarşı təhqiramiz ifadələr işlədərək yazır: "Dəli şeytan deyir, partiyasını və liderini tərifləyənlərin hamısını dostluqdan çıxar ki, gözün bu biabırçılığı görməsin... İndi, bəlkə, qarşı tərəfi də söndürüm? Dostlar, o mahnıda deyildiyi kimi, bir balaca eşqinizi aşağı salın..."
Yaxud X.İsmayıl digər statusunda Ə.Kərimlinin hakimiyyətə işlədiyini iddia edir və ona qarşı çıxış edən kərimovçulara səslənir: "Mən həbsdə olanda, cəbhədə təbliğat şöbəsinin müdirini dəyişiblər?"

Əli Kərimlinin Xədicə İsmayılın beş "atəşinə" bir cavab "atəşi": "Əks-halda, təəssüflənməkdən başqa yol qalmayacaq"

Söz yox ki, Ə.Kərimlinin adamları da X.İsmayılının açdığı "atəşləri" cavabsız qoymurlar. Onlardan bir neçəsinə diqqət yetirək. Məsələn, Fuad Mastaliyev adlı kərimovçu yazdığı şərhdə qeyd edir: "AXCP-də hər şey əvvəlki kimidir. Yəqin sizin baxış bucağınız "azacıq" dəyişib. Umid edirəm ki, bu yanaşmanız müvəqqəti olacaq. Əks-halda, təəssüflənməkdən başqa yol qalmayacaq".
Dəyanət Babayev adlı cəbhəçi isə X.İsmayıla cavab yazaraq bildirib: "Həyatdır, elə siz də həbs olunmamışdan əvvəlki Xədicə xanım deyilsiz, yəni bu dəyişiklik sizdə də hiss olunur".
Ümumiyyətlə görünən budur ki, qarşılıqlı ittihamlar və təhqirlər bitib-tükənmir və bunun nəticəsinin haraya və nə zamana qədər gedəcəyini bəri başdan bəlli etmək mümkündür. Daha dəqiq desək, bunların zamanları tükənib, sadəcə, dava pul davasıdır. Pul davalarının axırları isə heç vaxt yaxşı qurtarmır. Məgər tarix özü də bu halları dəfələrlə sübuta yetirməyibmi?
Rövşən RƏSULOV

Digər xəbərlər