Analitika

  • 12 068

Zamanın tələbi və xalqın istəyi ilə yaranan partiya

image

Yeni Azərbaycan Partiyası 25 illik şərəfli və qürurverici fəaliyyəti ilə Cənubi Qafqazın lider partiyası olduğunu göstərdi

Azərbaycanın ən böyük aparıcı, güclü siyasi qüvvəsi olan, xeyirli və gərəkli fəaliyyəti ilə xalqın dəstəyini qazanmış Yeni Azərbaycan Partiyasının yaranmasından 25 il ötür. Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP, ötən müddət ərzində, Azərbaycanın inkişafına, dünyada yerinin və rolunun artmasına, eləcə də, möhkəmlənməsinə özünün mühüm töhfələrini vermişdir. YAP-ın yaranma tarixinə nəzər salsaq, görərik ki, həmin dövrdə Azərbaycan ağır duruma düşmüşdü, buna görə də, ölkə siyasi və iqtisadi böhran keçirirdi. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq, ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra, müstəqillik əldə etmiş respublikalardan biri kimi, Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi-siyasi və mənəvi böhrandan, nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi-iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları və tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış Lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş və o tarixi keşməkeşli vaxtlarda "Səs" qəzetində dərc olunan həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq, ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də, Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda Ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda partiyanın təsis konfransı 550 nəfər nümayəndənin iştirakı ilə keçirildi və Heydər Əliyev YAP-ın Sədri seçildi. Həmin dövrü xatırlayan Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdi ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir: "O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar, demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşdular. Ona görə də, Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişdilər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan Vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi".Yeni Azərbaycan Partiyasının yaradılmasından az sonra Ulu Öndər Heydər Əliyev xalqın cağrışı ilə Azərbaycanda hakimiyyətə gəldi. Bu, elə bir vaxta təsadüf edirdi ki, ölkənin müstəqilliyi təhlükə altında idi, iqtisadi böhran hökm sürüdü, əhalinin sabaha olan inamı sarsılmışdı. Bunları həyata keçirmək çətin olsa da, Dahi Öndər Heydər Əliyev hakimiyyətə gəlişindən sonra uzaqöorən, müdrik siyasəti ilə cətinlikləri və böhranlı vəziyyəti aradan qaldıra bildi. Sonrakı dövrlərdə dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi və Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı. Təbii ki, uğurların əldə olunması üçün Azərbaycan xalqı birmənalı mövqe ortaya qoymaqla, Ulu Öndərimizin ətrafında sıx birləşmişdi. Mən hələ gəncliyimdən Ulu Öndərimiz Heydər Əliyevin vurğunu olmuşam. Bir ovuc qaragüruh dəstə Ulu Öndərə qarşı qara-piar kampaniyası aparan zaman minlərlə Azərbaycanın vətəpərvər insanları kimi Onun müdafiəsinə qalxmışam. 1992-ci ildə Ali Sovetin qarşısında yaş senzinə qarşı keçirilən mitinqlərin fəal təşkilatçılarından olmuşam. 1992-ci ildə Heydər Əliyevin hüquqlarının qorunması məqsədilə Zahid Qaralovun rəhbərliyi ilə 27 nəfərdən ibarət Müdafiə Komitəsinə üzv seçilmişəm. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə əlaqədar ziyalıların Ulu Öndər Heydər Əliyevə müraciəti və Heydər Əliyevin ziyalılara cavabı "Səs" qəzetində dərc olunduqdan sonra həmin qəzetin 2000-dən artıq nüsxəsini Zəngilan rayonunda çox çətinliklə paylamışam. 1992-ci ilin noyabr ayında YAP-ın Naxçıvanda keçirilən ilk təsis konfransının iştirakçısı olmuş və Zəngilan rayon təşkilatının adından mən çıxış etmişəm. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün 1050 imzanın 278-ni mən təşkil etmişəm. Bu imzalardan 147 nəfəri - mənim anam, bacım bir sözlə, qohum-əqrəbam olub. Yeni Azərbaycan Partiyasının Zəngilan, Laçın, Ağcabədi, Goranboy, Xəzər və Nərimanov rayon təşkilatının mən yaratmışam. 1993-cü ildə partiyanın hesabına 3 milyon yarım pul köçürmüşəm. 10 min manat nəğd pul verib 1 saylı qəbzi mən almışam (YAP-ın möhürünü və ştampını mən almışam). Bundan əlavə, "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin hesabına 1 milyon 400 min manat pul köçürmüşəm. 1994-cü il noyabr ayının 9-da 1-ci qurultaya hazırlıq üçün yaradılmış Təşkilat Komitəsinin üzvü seçilmişəm. Bir sözlə, Ulu Öndərin qurucusu olduğu partiyanın təşkilatlanması və formalaşmasında fəal iştirakçılardan olmuşam.

YAP-ın yeni mərhələdə növbəti uğurları Prezident İlham Əliyevin adı ilə bağlıdır

Fəaliyyətini dövlət və milli maraqlar əsasında quran YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır. Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan Sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir. 2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi partiyanın ölkənin ictimai-siyasi həyatında hansı nüfuza sahib olmasını əyani şəkildə təsdiqlədi. 2004-cü ilin dekabr ayının 17-də bələdiyyə, 2005-ci ilin noyabr ayının 6-da Milli Məclisə seçkilərdə YAP yenidən qələbə çalaraq həm yerli özünüidarəetmə orqanlarında, həm də qanunvericilik orqanında daha çox təmsil olunan partiya kimi növbəti uğura imza atdı. Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir.Ötən 25 ilə yaxın bir müddətdə böyük inkişaf yolu keçən YAP bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bu gün Azərbaycanın bütün regionlarında dövlət siyasətinin həyata keçirilməsində ən fəal qüvvə YAP-ın təmsilçiləridir. Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də xalqına Cənab İlham Əliyev kimi sadiq davamçı bəxş etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkədə həyata keçirdiyi daxili və xarici siyasət, məhz Ulu Öndər Heydər Əliyev siyasətinin davamıdır. Hazırda dünyanın inkişaf etmiş, demokratik prinsiplərinə sadiq, hüquqi dövlətlər sırasında mühüm yeri olan Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində YAP-ın xidmətləri danılmazdır. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında birgə addımlamağı əsas hədəf kimi qarşıya qoyub. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da ölkənin qüdrətinin artması, iqtisadiyyatının yüksəlməsi, insanların rifah halının yaxşılaşması kimi şərəfli bir vəzifəni öz çiyinləri üzərində daşımaq iqtidarındadır. Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb. Son illərdə Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündədir. Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Bu yaxınlarda Ulu Öndərimizin şah əsərlərindən olan "Əsrin Müqaviləsi"nin 2050-ci ilə qədər uzadılması barədə Sazişin imzalanmasından sonra oktyabrın 30-da dünyanın 100 ən möhtəşəm layihələrindən olan Bakı-Tbilisi-Qars Dəmil Yolunun açılış mərasimi keçirildi. Noyabrın 1-də isə Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə dövlətlərarası əlaqlərin inkişafına mühüm töfhə verəcək Zirvə görüşü keçirildi. Azərbaycan indiyədək "Əsrin Müqaviləsi", Bakı-Tbilisi-Ceyhan Neft Kəməri, Bakı-Tbilisi-Qars Dəmir Yolu, Cənub Qaz Dəhlizi layihələri ilə dünyanın diqqətini çəkib. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin işə salınması üçün artıq addımlar atılmaqdadır. Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfəri zmanı İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Rusiya prezidenti Valadimizr Putinlə keçirilən Zirvə görüşdə "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin qısa zamana istifadəyə verilməsi barədə müzakirələr aparılmışdır. Bu isə, növbəti ildə layihənin istismara veriləcəyinə əminlik yaradır.Bir çox beynəlxalq təşkilatların böyük tədbirləri Azərbaycanda keçirilir, çünki ölkəmizə etibar edirlər. Bütün bu kimi layihələrin, görüşlərin keçirilməsi Azərbaycanın və onun Prezidenti İlham Əliyevin gücünün və qüdrətinin nəticəsidir. Bu, həm də, bir daha onu deməyə əsas verir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir qlobal layihə reallaşa bilməz. Azərbaycan regonun sabitliyinə və inkişafına töhfələr verməklə yanaşı, daxili inkişafına da xüsusi diqqət göstərir. Bunun nəticəsidir ki, bu gün kənd və qəsəbələrimiz, eləcə də, şəhərlərimiz uğurla inkişaf edir. Quruculuq-abadlıq işləri ölkəmizin hər bir guşəsində aparılır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində, ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri açılır, yollar, körpülər, məktəblər və tibb ocaqları tiklib istifadəyə verilir. Bu gün Azərbaycan güclü dövlətdir və gələcəyi də çox uğurlu görünür.

İdeyalara sadiq partiya

Müasir dövrümüzdə Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarına əsaslanır və bu ideyalar əsasında Azərbaycan cəmiyyətinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. 25 illik tarixi gedişdə Yeni Azərbaycan Partiyasını daim uğurlar və nailiyyətlər müşayiət edib. Əldə olunan bu uğurlar, ümumilikdə ölkənin inkişafında və tərəqqisində özünü təsdiqləyən və əks etdirən uğurlardır. Bu inkişafa və tərəqqiyə Yeni Azərbaycan Partiyasının 700 mindən artıq üzvünün hər biri öz töhfəsini verməkdədir. MDB məkanında ən böyük siyasi təşkilat olan YAP ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən gəncləri ətrafında birləşdirən mükəmməl qurulmuş siyasi sistemə çevrilib. Gənclərin seçdiyi bu partiyanın ölkəmizin müstəqillik tarixində oynadığı rolu, ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində gördüyü işlər və əldə edilən böyük nəticələr hər kəsi qürurlandırır. YAP gəncliyin inkişafına xüsüsi diqqət yetirir və onların bilik və bacarıqlarını ifadə etmək üçün hər cür şərait yaradır. Məhz bu səbəbdəndir ki, Azərbaycanın gəncliyi öz siyasi taleyini YAP-la bağlayaraq, onun sıralarına qoşulurlar. İnam və etibar Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP söz yox ki, bundan sonra da fəaliyyətini xalqa, dövlətə xidmət və milli maraqların keşiyində durmaq üzərində quracaq. Tam əminliklə demək olar ki, bunlara Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nail olunacaq.

Misirxan Vəliyev,
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın İcra Katibliyinin Baş məsləhətçisi

sia.az

Digər xəbərlər