Analitika

  • 14 466

QURUCU PREZİDENT!

image

Dövlət başçımız İlham Əliyevin uğur formulu nəinki ölkəmizdə, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir

Azərbaycan son 14 ildə dövlətçilik tarixinin ən güclü, möhtəşəm və qüdrətli dövrünü yaşamaqdadır. Qazanılan uğurlar, nail oldunan inkişaf göstəricilər bütün sferaları əhatə etməkdədir. Belə ki, müstəqil və demokratik Azərbaycan elə bir yüksəlişin və tərəqqinin rəmzinə çevrilib ki, bu amil sərhədlərimizdən kənarlarda da vurğulanmaqdadır. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin şah və bənzərsiz əsəri olan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində mükəmməl inkişaf modelinə malikdir və müxtəlif sahələr üzrə əldə etdiyi yüksəliş dinamikası əslində bir cox dünya ölkələri üçün nümunəyə çevrilib. Əbəs yerə deyil ki, zaman-zaman müxtəlif yerli və xarici sosioloji sorğu mərkəzləri, dünyanın bir çox nüfuzlu media qurumları ölkə başçımızın uğurlu fəaliyyətini əks etdirən daxili və xarici siyasəti barədə geniş materiallarla çıxış edir, Onu qurucu Prezident olaraq qiyməyləndirirlər. Bu isə təsadüfi fikirlər deyil, bilavasitə reallığın, gerçəkliyin məntiqi isbatıdır.

Xalqını ailəsi olaraq qiymətləndirən Prezident!

Beləliklə, Prezident İlham Əliyevin uğur formulu nəinki ölkəmizdə, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. O da təsadüfi deyil ki, dekabrın 24-də, anadan olmasının 56-cı ildönümündə Prezident İlham Əliyev bu əlamətdar tarixi yenə də iş başında, xalqına xidmət etməklə keçirdi.
Bu arada, ölkə başçımızın hər zaman öz sadəliyi ilə seçilməsi, hətta ən əlamətdar günlərini belə, xalqı ilə birgə qeyd etməsi hər bir azərbaycanlıda böyük qürur hissi yaratmaqdadır. Misal üçün, xatırlada bilərik ki, daha öncəki doğum günlərinin birini 24 dekabr 2011-ci ildə Taxtakörpüdə laçınlı qaçqın və məcburi köçkünlərlə keçirməsi və orada vurğuladığı sözləri tarixi kəlama çevrilib. Üstündən illər keçsə də, o unudulmaz görüş yaddaşların şirin xatirəsi kimi hələ də yaşayır. Dövlət başçısının “mənim ailəm, doğmalarım sizsiniz” deyə ortaya qoyduğu isti və doğma münasibət bu gün də əvəzlənməsi mümkünsüz olan əsas mövzusudur. Özünün də qeyd etdiyi kimi, Prezident ad günləri keçirməyi xoşlamır. Lakin ölkə başçısı bu xüsusi günü məcburi köçkünlər arasında keçirməyə qərar vermişdi. Bunun üçün isə məhz Taxtakörpü qəsəbəsini seçmişdi, ömrünün unudulmaz anlarında istəmişdi ki, ətrafında özünə hər zaman doğma və əziz sandığı xalqı olsun!

“Qara Şəhər”dən “Ağ şəhər”ə mükəmməl keçid!

Dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də bir sıra layihələrin açılışında olublar. Belə ki, məhz Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə paytaxtdakı “Qara şəhər” artıq öz yerini əzəmətli “Bakı Ağ Şəhər”ə verməkdədir. Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu mükəmməl və nəhəng layihə də artıq bir gerçəkliyə, bir reallığıa çevrilir, miqyası və keyfiyyətinə görə diqqətləri özünə cəlb edir. Eləcə də, “Bakı Ağ Şəhər”in tikintisi və burada infrastrukturun yaradılması zamanı Prezident İlham Əliyevin tapşırıqlarına əsasən kompleks iş aparılır, bütün mövcud tələblər və gələcək inkişaf nəzərə alınır. Maraqlı məqamlardan biri də budur ki, yerli şirkətlərlə yanaşı, dünya şöhrətli iqtisadi qurumlar da bu layihəyə cəlb edilib. Məhz bu baxımdan, “Bakı Ağ Şəhər” nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə tanınan layihədir.
Biz, burada Cənab İlham Əliyevin hələ bir neçə il öncə Bakının inkişafı istiqamətində keçirdiyi müşavirələrin birində irəli sürdüyü fikirlərini xatırlaya bilərik. Dövlətimizin başçısı Bakının və paytaxtın ətrafındakı qəsəbələrin inkişafı məsələsinə də ayrıca toxunaraq demişdir ki, onların inkişafı üçün nə lazımdırsa, ediləcəkdir: "Bakının ətrafında yerləşən qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Bu, özlüyündə böyük bir şəhərdir və bu qəsəbələr şəhər səviyyəsinə gətirilməlidir. Bunu etmək üçün, yenə də deyirəm, maliyyə vəsaiti lazımdır - o, bizdə vardır. Siyasi iradə lazımdır - o da bizdə vardır. Artıq bizdə peşəkar kadrlar da vardır. Texnikamız, şirkətlərimiz vardır ki, bütün bu işləri onlar görə bilərlər".
Artıq bütün bunlar öz təsdiqini tapıb və qarşıda daha böyük, daha nəhəng layihələrin həyata keçirilməsi nəzərə tutulub.

Xalqının sosial rifahını yüksəldən dövlət başçısı!

Elə həmin gün, dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli sosial binanın təməlqoyma mərasimində iştirak edib. Məlumatlarda da bildirilir ki, Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunacaq Hövsan Yaşayış Kompleksi Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşəcək. Ümumiyyətlə, bu kimi sosial layihələrin həyata keçirilməsi bir ənənə halını alıb və söz yox ki, bənzər layihələrin reallaşdırılması bundan sonra da davam edəcək. İnsanların sosial-rifah hallarının daha da yaxşılaşdırılması, insanların güzəştli mənzillərə sahib olmaları istiqamətində atılan hər bir addım bilavasitə xalqın maraqlarının təminatına hesablanmış müdrik siyasətin tərkib hissəsidir. Çünki Ulu Öndər Heydər Əliyev ideologiyasının əsasında dövlətin təməlinin xalq olduğu vurğulanır . Bu baxımdan, Prezident İlham Əliyev daim öz çıxışlarında insan amilini əsas olaraq qiymətləndirir və hər zaman xalqının yanında olduğunu əməli, qətiyyətli fəaliyyəti ilə sübuta yetirmiş olur.

Bu gün heç bir vətənsevər azərbaycanlı inkişaf və tərəqqi gerçəkliyinə zərrə qədər də şübhə etmir, çünki bu ölkənin rəhbəri Cənab İlham Əliyevdir!

Nəticə olaraq, qeyd edə bilərik ki, Prezident İlham Əliyev tarixin ən güclü, ən möhtəşəm, ən inkişaf edən Azərbaycanın şəriksiz Lideri, xalqının taleyini onilliklər boyu etibar etməyə hazır olduğu alternativsiz rəhbərdir. Dövlət başçımızın çıxışlarının birində söylədiyi bu fikirlər - "Azərbaycan xalqı taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır" - sözləri əslində ötən 14 ili xarakterizə edən ən uğurlu fakt, eləcə də böyük inkişafa doğru gedilən yolda bizə yeni hədəflər müəyyənləşdirən məramdır. Beləliklə, Azərbaycan dövləti və xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük və daha nəhəng uğurlara doğru addımlamaqdadır. Bu gün heç bir vətənsevər azərbaycanlı inkişaf və tərəqqi gerçəkliyinə zərrə qədər də şübhə etmir, çünki bu ölkənin rəhbəri Cənab İlham Əliyevdir!

sia.az

Digər xəbərlər