Analitika

  • 9 863

Ermənistan terrorizmin qaynağı olan təcavüzkar ölkədir Pakistan KİV

image

Müqəddəs məscidləri dağıtmış təcavüzkar ölkə müsəlman ölkəsinin dostu ola bilməz.SİA-nın məlumatına görə, bu barədə Pakistanın Daily Times, National Courier, Election Times qəzetlərində və bu qəzetlərin elektron səhifələrində dərc olunmuş məqalədə bildirilir.Məqalədə yeni yaradılmış Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının Ermənistanı qəzəbləndirdiyi, Pakistan, Azərbaycan və Türkiyənin strateji tərəfdaş olduqları, bu üç ölkə arasındakı diplomatik münasibətlərin qarşılıqlı hörmətə, eyni zamanda tarixi, dini və siyasi ortaq cəhətlərə əsaslandığı qeyd olunur.Həmçinin, bildirilir ki, diplomatik münasibətlər qurulandan bəri bu ölkələrin hökumətləri və siyasi rəhbərləri dostluq və qardaşlıq bağlarının daha da inkişafına və möhkəmləndirilməsinə çalışır: "Ermənistan terrorizmin qaynağı, Azərbaycana və Türkiyəyə qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş təcavüzkar ölkədir və onun ərsəyə gətirdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ermənistanın özü Cənubi Qafqaz, həmçinin Avropa üçün potensial təhlükəsizlik təhdididir: "Ermənistanın vaxtı keçmiş və hazırda dünyada ən təhlükəli sənaye obyektlərindən olan Metsamor AES də Cənubi Qafqaz və Avropa İttifaqı üçün təhlükə olmağa davam edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), ABŞ və digər Qərb dövlətləri Metsamor AES-in yenidən işə salınmasına öz etirazlarını bildiriblər. Rəsmi Vaşinqton inanır ki, 407 meqavat gücündəki Metsamor reaktoru dünyada ən təhlükəli reaktorlardan biridir. Avropa İttifaqı da öz növbəsində AES-i bütün region üçün ciddi təhlükə hesab edir. Öz əhalisini qorumaq üçün region ölkələri olan Azərbaycan, Türkiyə və Gürcüstan da dəfələrlə Ermənistanı vaxtı keçmiş Metsamor AES-i dərhal bağlamağa çağırıblar. Bütün bunlara baxmayaraq, Ermənistan hələ də nüvə təhlükəsizliyinə ciddi əhəmiyyət vermir və bu, eyni zamanda, AEBA protokollarının da pozulmasını açıq göstərir".Məqalədə vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan hər zaman dialoqa hazır olsa da, Ermənistan özünün işğalçılıq siyasətinin nəticələrini möhkəmləndirmək və qəbuledilməz və davamlı olmayan status-kvonu qoruyub saxlamaq üçün ardıcıl tədbirlər həyata keçirir: "İşğal olunmuş ərazilərdə hərbi təlimlərin, siyahıya almanın keçirilməsi, suriyalı ermənilərin həmin ərazilərdə məskunlaşdırılması, referendum və seçkilərin keçirilməsi beynəlxalq hüququn və atəşkəs sazişinin ciddi şəkildə pozulması deməkdir".Müəllif qeyd edir ki, Azərbaycanın mülki əhalisinə və obyektlərinə qarşı Ermənistanın həyata keçirdiyi birbaşa və düşünülmüş hücumlar beynəlxalq humanitar hüququn və insan hüquqlarının, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və ona 1 saylı Əlavə Protokolun, Uşaq Hüquqları Konvensiyasının və İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Konvensiyanın kobud şəkildə pozulmasıdır.Məqalədə diqqətə çatdırılır ki, Ermənistan qeyri-qanuni olaraq işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişir: “Ermənistanın mədəni dəyərlərə və irsə qarşı terrorçu fəaliyyəti hər kəsə məlumdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan və Azərbaycan əraziləri işğal olunandan bəri ermənilər Azərbaycanın zəngin mədəni sərvətlərini talayıblar. Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mədəni, irsi, müqəddəs və tarixi yerlərini, islam aləminə aid abidələrini məhv edir”.Müəllif xatırladır ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və yeddi ətraf rayonu tərk etməsi ilə bağlı dörd qətnamə qəbul edib və beynəlxalq güclərin və təşkilatların ikili standartları səbəbindən bu günə qədər həmin qətnamələr yerinə yetirilməyib.Pakistanın münaqişəyə dair mövqeyi ilə bağlı məqalədə qeyd olunur ki, Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tam dəstəkləyir: “Pakistan Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin yerinə yetirilməsini daim tələb edir və beynəlxalq ictimaiyyəti və təşkilatları da Ermənistanı bu qətnamələrin icrasına vadar etməyə çağırır. Bu ölkə həmçinin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində göstərdiyi səylərin tərəfdarı kimi mütəmadi çıxış edir”.Müəllif yazır ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında böyük sosial-iqtisadi inkişaf, geosiyasi sabitlik və geostrateji əhəmiyyət əldə edib: "Ermənistanın makro-iqtisadi inkişafı isə ölkədən kütləvi beyin axını ilə səciyyələnir. Azərbaycan hazırda Cənubi Qafqazın iqtisadi lideri və Xəzər hövzəsi regionunda da əhəmiyyətli iqtisadi aktordur”.Məqalədə vurğulanır ki, Azərbaycanın inkişafı və nailiyyətləri bütün müsəlman ölkələri üçün qürur mənbəyidir və eyni zamanda, Azərbaycan bir çox ölkələr üçün yaxşı idarəçilik nümunəsidir: “Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika olmuşdur. Onun əsas nailiyyətlərindən biri də qadınlara seçki hüququnun verilməsi idi ki, o dövrdə bir çox Avropa ölkələrində bu hüquq hələ mövcud deyildi. Lakin Ermənistan müasir dövrdə də öz vətəndaşlarının bir çox əsas insan hüquqlarını inkar edir və nəticədə ölkədə səfalət tüğyan edir, işsizlik, inflyasiya və borclanma yüksək səviyyədədir”.Pakistan-Azərbaycan-Türkiyə əlaqələrinə toxunan müəllif bu günlərdə üçtərəfli diplomatik münasibətlərin daha da intensiv hal aldığını bildirir və bu ölkələrin birgə bəyannamə imzalayaraq mövcud dinamik əlaqələrin daha da genişləndirilməsi və şaxələndirilməsi istiqamətində qərarlı olduqlarını qeyd edir: “Yeni Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının əsası 2017-ci il noyabrın 30-da Bakıda keçirilmiş xarici işlər nazirlərinin 1-ci görüşündə qoyulub. Bu üçtərəfli format ölkələrin ümumi mənfəətlərinə xidmət edəcək ortaq strategiyaların işlənib hazırlanması və layihələrin irəli sürülməsi üçün innovativ və əhəmiyyətli platforma rolunu oynayacaq”.Müəllif yeni yaradılmış Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığından Ermənistanın xeyli qəzəbləndiyini və bu əməkdaşlığı bütün imkanları çərçivəsində pozmağa çalışdığını, hətta bəzən bəzi təcrübəsiz Pakistan mediasının nümayəndələrini də ələ almağa, Ermənistana maraq yaratmaq yönlü məqalələr dərc etməyə, Pakistan ictimaiyyətində Azərbaycan və Türkiyə haqqında yanlış rəy yaratmağa çalışdığını qeyd edir. Bəzən təcrübəsiz media nümayəndələrinin müsəlman ölkələrinə aid bəzi yemək adlarını Ermənistanın milli mətbəxinin nümunələri kimi qələmə verdiklərini, hətta Ermənistanın Böyük Ermənistanın xülyaları altında Türkiyəyə qarşı ərazi iddialarını nəzərə almayaraq Ağrıdağı Ararat adı ilə verərək təcavüzkara əsas vermis olduqlarını, Türkiyənin Agrıdağını öz ərazisi kimi daim göstərən Ermənistanın bir daha beynəlxalq huququn bütün normalarını pozduğunu, Türkiyəyə qarşı Ermənistanın qaldırdığı soyqırım iddialarının da əsassız olduğunu və bu məsələnin tarixçilər tərəfindən araşdırılması təklifindən Ermənistanın hər vəchlə yayındığı məqalədə öz əksini tapır.Ermənistanın Türkiyəyə qarşı soyqırım iddialarının siyasi xarakter daşıdığını, ermənilərin birinci dünya müharibəsi zamanı Türkiyə ərazisində, Anadoluda, 1918-ci ildə Bakıda, Azərbaycanın digər şəhərlərində, 1992-ci ildə Xocalıda törətdikləri soyqırım və vəhşilikləri dünya ictimaiyyətinə unutdurmağa çalışdıqları bildirilir. Müəllif bu media nümayəndələrinə və Ermənistanın cəhdlərinə cavab olaraq, Pakistan-Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq, yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu, qarşılıqlı inama, hörmətə, tarixi mənəvi dəyərlərə, adət-ənənələrə əsaslandığını və möhkəm tellərlə bağlandığını qeyd edir. İşğal olunmuş Azərbaycan torpaqlarında islam mədəniyyətinə aid müqəddəs məscidlərimizi, digər dini abidələrimizi dağıtmış Ermənistanın heç vaxt müsəlman ölkəsinin səmimi dostu olmayacağı vurğulanır.

sia.az

Digər xəbərlər