Analitika

  • 8 828

Qlobal güclərin görüşü üçün Bakının məkan kimi seçilməsi Azərbaycanın qələbəsidir

image

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimovla görüşü planlaşdırılır. Bu barədə "BuzzFeed" portalı adı çəkilməyən ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən məlumat yayıb. Məlumata əsasən, görüş yanvar ayında Bakıda keçiriləcək.

Qeyd edək ki, ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü də, məhz Bakıda keçirilib. Sentyabrda isə, Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb. Sözügedən iki görüş üçün niyə, məhz Bakının seçilməsinə gəlincə, hələ o zaman "Nyu-York Times" qəzeti yazmışdı ki, görüş yerinin seçimi asan olmayıb və Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib. Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib. Lakin Avropa İttifaqının V.Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan, nəticədə, son olaraq, görüş üçün Bakı neytral məkan kimi seçilib.

Azərbaycan bütün dünyada sülh və stabillik tərəfdarı kimi dəyərləndirilir

Azərbaycan NATO-nun üzvü olmadığı halda və hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da üzv deyiliksə, belə olduğu təqdirdə, bəs nəyə görə görüş üçün, məhz Azərbaycan-Bakı seçildi? Ona görə ki, Azərbaycan beynəlxalq nüfuza malik olan dövlətdir. ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir. Sözsüz ki, bu görüş təkcə regionda deyil, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolunun artması deməkdir.
Beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase hələ sentyabr ayında keçirilən görüş barədə bildirimişdi ki, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüş Azərbaycanın sülh və xalqlar arasında dialoqa böyük töhfə verdiyini göstərir. Amerikalı ekspertin fikrincə, Bakı son onilliklər ərzində, iri çoxtərəfli müzakirələrin və razılaşmaların aparıldığı bir çox Avropa şəhərlərini xatırladır və təəccüblü deyil ki, Azərbaycan iki dəfə ABŞ, NATO və Rusiya hərbi liderlərinin görüşünün məkanı seçilib. P.Tase, öz ərazisinin 20 faizi ermənilər tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycanı bütün dünyada sülh və stabillik tərəfdarı kimi dəyərləndirir və xüsusilə, vurğulayır ki, iki dəfə ABŞ, NATO və Rusiya hərbi liderlərinin görüş məkanı olmaqla, Azərbaycan son on ildə öz balanslı siyasəti, iqtisadi inkişafı və yoxsulluqla uğurlu mübarizə siyasəti ilə fərqlənir.
Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib və bu ilin yanvar ayı üçün NATO və Rusiya generallarının üçüncü görüşünün də Bakıda keçiriləcəyi artıq təəccüb doğurmur. Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin başqa səbəbi, Azərbaycanın həm coğrafi mövqeyinə, həm də dövlətimizin yürütdüyü siyasətin prioritetlərinə görə Şərqlə Qərb arasında körpü rolunu oynayan dövlət olmasıdır. Etiraf edilməlidir ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Ələlxüsus, xüsusilə, vurğulanmalıdır ki, belə mühüm görüşlərin Bakıda keçirilməsinin ən əsas səbəblərindən biri də Azərbaycan liderinin, President İlham Əliyevin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır.

Bakının qlobal güclərin görüş yeri seçildiyi təqdirdə, ABŞ Dövlət Departamentinin mövqeyi ikili standartları təsdiq edir

Göründüyü kimi, Azərbaycan dəfələrlə qlobal miqyasda nəzərdə tutulan beynəlxalq tədbirlərdə ev sahibi kimi qəbul olunur və seçilir. Bu seçimin də doğru olduğu hər dəfə öz təsdiqini tapır. Lakin bəzən ölkəmizə qarşı istər xristian həmrəyliyi, istərsə də lobbiçilik fəaliyyətinin təsiri ilə, ermənipərəst qüvvələrin təşəbbüsü ilə müxtəlif qarayaxma kampaniyaları həyata keçirilir və nüfüzdan salmaq üçün hər hansı ədalətsiz davranışa belə yol verilir. Məsələn, son vaxtlar ABŞ Dövlət Departamentinin amerikalı turistlərin xarici ölkələrə səfəri zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırılması üçün yeni sistem işə salması və ölkəmizi amerikalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil etməsi, bu ədalətsizliyin nümunəsi kimi qeyd oluna bilər. Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən, ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüb doğurur. Sadalanan mötəbər tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunmasının əyani təsdiqi olduğu təqdirdə, belə bir mövqe nümayiş etdirilməsi yenə də ikili standartların tətbiqindən xəbər verir. Bölgədə təhlükəsizliyin təminatçısı, iqtisadi bağlılıq yaradan Azərbaycan Qafqazın lider dövləti, nüfuzlu ölkəsi kimi təhlükəsizliyi daim nəzarətdə saxladığı halda, Bakının bir il ərzində üçüncü dəfə qlobal güclərin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçildiyi təqdirdə, ABŞ Dövlət Departamentinin Azərbaycanın təhlükəlilik dərəcəsini 1-dən 2-yə qaldırması bir təzad təşkil edir. Bu fakt, həm də onu sübut edir ki, ABŞ Dövlət Departamenti Azərbaycana çox haqsız münasibət göstərir və ölkəmiz terror üçün əlverişli zəmin olan ölkələrdən deyil. Eyni zamanda, qlobal güclərin hərbi rəhbərliyinin görüşü üçün Bakının məkan kimi seçilməsi, əslində, Azərbaycanın, nəinki erməni lobbisi, hətta Qərb üzərində qələbəsindən, möhkəmlənmiş mövqeyindən və nüfuzundan xəbər verir. Bu, həm də ondan xəbər verir ki, beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlər və qlobal güclər Azərbaycanın haqlı mövqeyini, uğurlu siyasətini və nüfuzunu etiraf etmək məcburiyyətindədirlər.

İnam Hacıyev

Digər xəbərlər