Analitika

  • 16 570

Dilimizi sevək ki, onu yaşadaq

image

Möhsün Nağısoylu: "KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan nöqsanların aradan qaldırılması üçün maarifləndirici tədbirlər görülür"

Milli varlığımız və milli düşüncəmizin ifadəçisi olan Azərbaycan dili. Əsrlərdən soraq verən bu dil şəhid qanı ilə suvarılmış torpağımızın, bizə danışılan tariximizin, daş yaddaşımızınvə yazılı kitabələrin dilidir. Xalqa məxsus xalqın dilidir. Bu dildə yaradılan əsərlərimiz kimliyimizin ifadəçisidir. "Ana dilim, can dilim, adına qurban dilim, danışanda bal dadır, bu Azərbaycan dilim!" - deyənlər yanılmayıblar. Xalqın, millətin varlığına, tərcümanına çevrilən dil həyat tərzimiz və mədəni irsimizdir. Ana dili hər bir xalqın mənəviyyatının güzgüsü, dünyanın ümumi mədəniyyətinin tərkib hissəsi və mənəvi diriliyi kimi qəbul olunur. Bu gün zəngin və dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunan dilimiz - Azərbaycan dilimiz var. Amma etiraf edək ki, müasr dövrümüzdə kütləvi informasiya vasitələrində, eləcə də, elektron KİV-də, reklam mətnlərində dil normaları kobud şəkildə pozulur, dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinə tez-tez rast gəlinir. Dövlət dilinin mövcud imkanlarından lazımınca istifadə edilmir, yad sözlər dilimizə süni şəkildə gətirilir. Əsasən, teleradio məkanında ədəbi dil normaları aparıcılar və diktorlar tərəfindən, eləcə də, dubilyajlarda və çəkilən teleseriallarda da pozulur. 9 aprel 2013-cü il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoyluya müraciət etdik. Dövlət başçısının məlum Sərəncamından irəli gələn tədbirlərin görülməsi və əldə olunan nəticələrə aydınlıq gətirən M.Nağısolu bildirdi ki, Azərbaycan dili zənginliyinə görə digər dillərdən fərqlənir: "Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini yüksək qiymətləndirərək deyirdi: "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir". Zaman-zaman inkişaf edib zənginləşən Azərbaycan dilinin statusunun özünə qaytarılması, məhz Ümummilli Liderin adı ilə bağlıdır. Bu mənada, Onun 2001-ci ilin 9 avqustunda imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanına əsasən, hər il 1 avqust Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu tarixi sənəd ana dilinin mövcudluğuna yeni nəfəs və yüksəliş verdi. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış "Dövlət dili haqqında" 2002-ci il 30 sentyabr tarixli Qanunun müddəaları dilin düzgün şəkildə tətbiqi və inkişafı istiqamətində tədbirlər görməsində əhəmiyyətli Sənəd oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dövrdə dilimizə və dilçiliyimizə böyük diqqətlə yanaşır. 23 may 2012-ci il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncamı Azərbaycan dilinə olan böyük diqqətin nümunəsi oldu. Bir neçə gündən sonra 29 may 2012-ci il tarixdə imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi" ilə bağlı Sərəncamı daha bir diqqətin təzahürünə çevrildi".
Təbii ki, Azərbaycan ədəbi dilinin qorunması baxımından qarşıda duran məqsəd və vəzifələrin həlli daha çox AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun öhdəsinə düşür. Dilçi alim görülən işlərə nəzər salaraq, bildirdi ki, artıq bu elmi müəssisədə Prezidentin Azərbaycan dili haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə bir sıra əməli işlər görülüb: "Burada yeni şöbələr - qədim dillər və mədəniyyətlər, sosiolinqvistika, dil siyasəti, kompüter dilçiliyi və monitorinq şöbələrinin yaradılıb. Daha çox monitoriq şöbəsinin fəaliyyətini qeyd etmək istərdim. İlk dəfə olaraq, yaradılan bu şöbənin əməkdaşları vaxtaşırı yoxlamalar aparır, monitorinqlər keçirir və nöqsanların aradan qaldırılması üçün maarifləndirici tədbirlər görür, aidiyyəti təşkilatlara tövsiyələr verir, onlarla müqavilələr bağlayırlar. Onu da qeyd edək ki, Dilçilik İnstitutunda "qaynar xətt" də fəaliyyət göstərir".
M.Nağısolu ədəbi dilin saflığı istiqamətdə görülən işlərə nəzər salarkən, bildirdi ki, aparılan montorinqlərin nəticələrinə əsasən, KİV-də ədəbi dilin bütün sahələrinə aid pozuntu hallarının olduğunu müəyyənləşib. Azərbaycan rayonlarında - Ağstafada, Tovuzda və başqa yerlərdə nitq dərslərinin keçirildiyini, nümunəvi verilişlərin hazırlandığını bildirən M.Nağısoylu AMEA-nın rəyasət heyətinin iclasında verilən tapşırığa əsasən, inzibati tədbirlərin görülməsi ilə bağlı təkliflərin də hazırlandığını diqqətə çatdırdı. Bu gün efirlərdə daha çox səsləndirilən "qazın verilişi", "kreditin verilişi", "planlamışam", ümumiyyətcə, onlara belə sözlərə münasibət bilirən alim bunların, həqiqətən də, ədəbi dil normalarına uyğun olmadığını bildirdi. Onun sözlərinə görə, bəzi aparıcıların nitqi normal və ədəbi normalara uyğun deyil. Xəbərləri aparanın dili səlis olmalıdır. Dilin sürətli olması da qəbuledilməzdir.
Bakının bir sıra mərkəzi küçələri, rayonlarında yerləşdirilən reklam xarakterli lövhələrdə ingilis və türk dilində olan ifadələrə də rast gəlindiyinə toxunaraq, lövhələrin bəzilərində, hətta qrammatik səhvlərə də təsadüf olunduğunu vurğuladı. Mağazaların adları da irad doğurur: "Adlar ilk olaraq, Azərbaycan dilində yazılmalıdır, ikinci əcnəbi dilə yer verilməlidir. Məsələn "Star" mağazası var. Bu, Azərbaycan dövlət dili haqqında olan qanunun pozulması deməkdir. Qüsurlar tədricən aradan qaldırılmalıdır. Telekanallarda daha çox kobud və vulqar ifadələrin yer aldığını da qeyd edək. Məsələn, ay qız, sumkanı oradan ver mənə, deyirlər. Sumka yox, çanta deyilməlidir. Dialekt və şivələrdən istifadə edilməsi də normal deyil".
Böyük tarixi olan zəngin dilimizə yad dillərdən olan sözlərin daxil edilməsi də təssüfləndirici bir məqam yaradıb. Dilçi alim bu məsələyə aydınlıq gətirərkən, ilk olaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 2015-ci ilin 9 noyabr tarixində AMEA-nın yubileyində söylədiyi fikirləri xatırlatdı: "Cənab Prezident bu məsələyə toxunaraq, bildirdi ki, bizim dilimiz gözəl dildir və yersiz əcnəbi sözlərdən istifadə etmək lazım deyil. Bu, onu göstərir ki, belə sözlərin intensiv işlədilməsi nitq normalarına təsir göstərməyə başlayır. Bilirsiniz, dilimizə əcnəbi dillərdən olan lüzumsuz sözlər daxil edilir. Son onilliklərdə cəmiyyətimizdə baş verən ciddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bununla belə, öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq. Bu, dilimizin gözəlliyinə xələl gətirir. Ömər Faiq Nemənzadə deyirdi ki, dilə olan sevgi hər şeydən üsündür. Bu gün dilimizə gətirilən sözlər sırasında "selfi" sözü daha çox işlədilir. Türklər təklif etdilər ki, bu sözü "öz çəkim" kimi qəbul edək, elə də oldu. Terminologiya şöbəsində dilimizə daxil olan yeni sözlər sırasında 10 sözün Azərbaycan dilində qarşılığı müəyyənləşdirilib: zaryadka - yükləmə, adapter - yükləyici, evakuasiya - köçürülmə, proqnoz - öncəgörmə, kserokopiya - üzçıxarma və s. Bilirsiniz, dilə məhəbbət ailədən başlamaldır. Valideyn xolodelnikdən deyil, soyuducudan nəyisə gətir deyə uşağa bildiməlidir. Məhəmməd Hüseyn Şəhriyar yazırdı:
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsl dil əsl olmaz.
Bu günlərdə Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazası - www.azerbaycandili.az portalının istifadəyə verildiyini bildirən alim bu informasiya bazasının ölkə Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası məqsədilə hazırlandığını vurğuladı: "3 dildə fəaliyyət göstərəcək veb-resurs vasitəsilə Azərbaycan dilinin tarixi, inkişaf yolu, qrammatikası, müasir vəziyyəti, problemləri barədə ətraflı məlumatlar əldə etmək mümkün olacaq. Portal dünyada Azərbaycan dilinin tanınması və nüfuzunun artırılması, onun dünya dilçilik mərkəzlərində təmsil olunması istiqamətində böyük rol oynayacaq. Yeni informasiya bazasında dilçiliyin inkişafı ilə bağlı aparılan elmi tədqiqatlar, AXC və müstəqillik dövründə dövlət dili ilə bağlı qəbul edilmiş qanunlar öz əksini tapacaq. Portalda "Dil haqqında", "Qanunlar", "Azərbaycan dilçiləri" və "Dilçilik kitabxanası" bölmələri mövcuddur. Qloballaşma dövründə Azərbaycan dilinin inkişaf etdirilməsi, qorunub-saxlanılması istiqamətində atılan addımlar təqdirəlayiqdir".
Azərbaycan Prezidenti Cənab İlham Əliyev ana dilini öz şəxsi örnəyi ilə qoruyur. Biz Onun nitqlərinə, çıxışlarına qulaq asırıq və Azərbaycan dilinin potensialından istifadə etmək istedadının şahidi oluruq. Mediaya və efir məkanına intellektual səviyyəsi yüksək olan şəxslər cəlb edilməlidir. Yüksək intellektli, nitq qabiliyyətli, dilini sevən, məhəbbət göstərən insanlar tamaşaçı və oxucu ilə həmsöhbət ola bilərlər. Dilimizi sevək ki, onu yaşadıq!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər