Analitika

  • 8 894

Azərbaycanın beynəlxalq nüfuzu yüksələn xətlə artmaqda davam edir

image

Ölkəmizin yüksəlişinin əsasında Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, məqsədyönlü və milli maraqların qorunmasına əsaslanan praqmatik siyasət dayanır

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasi kurs Azərbaycanın inkişaf strategiyasının təməlini təşkil edir. Ölkəmizin yüksəlişinin əsasında, məhz Prezidentin apardığı uzaqgörən, məqsədyönlü və milli maraqların qorunmasına əsaslanan praqmatik siyasət dayanır. Müxtəlif beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın reytinq sıralaması, illər keçdikcə, irəliləməkdə davam edir. Bu, öz növbəsində, ölkəmizə yönəldilmiş əməkdaşlıq niyyətlərini artırır və xarici investisiyanın cəlb edilməsində mühüm faktor kimi çıxış edir. Hər il, ənənəvi olaraq, keçirilən Dünya İqtisadi Forumunun hesabatında inklüziv inkişaf indeksində inkişaf etməkdə olan dövlət arasında Azərbaycanın 3-cü yerə yüksəlməsi dünyanın, eləcə də, böyük korporasiyaların diqqətinin yenidən ölkəmizə yönəlməsinə təkan verir. Bunu sözügedən forumda iştirak edən Azərbaycan Prezidentinin keçirdiyi və bundan sonra da baş tutacaq ikitərəfli çoxsaylı görüşlər də göstərir. Müşahidələr göstərir ki, forumda əsas diqqət mərkəzində olan dövlət başçısı, məhz Prezident İlham Əliyev olub. Bu, inkişaf etməkdə olan Azərbaycanla əməkdaşlıq istəklərinin artmasının təzahürü kimi qiymətləndirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində keçirilən "Strateji baxış: Avrasiya" adlı interaktiv iclasda çıxış edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb. Ekspertlər hesab edirlər ki, Prezidentin sözügedən tədbirdəki çıxışı və səsləndirdiyi fikirlər, əslində, Azərbaycanın hazırkı vəziyyəti, yürüdülən siyasətin prioritet istiqamətləri, ölkəmizin regionda və geosiyasi proseslərdəki mövqeyi baxımından dəqiq, aydın və hərtərəfli proqram səciyyəsi daşıyır. Prezident fikirlərində Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərini qısa və lakonik ifadə etmişdir.
Prezident İlham Əliyev ölkəmizin region dövlətləri ilə dinc və qarşılıqlı əməkdaşlıq şəraitində ciddi uğurlar qazandığını bildirmişdir. Azərbaycanın bu mövqeyinin regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlıq mühitinin formalaşmasında mühüm faktor olduğunu diqqətə çatdırıb: "Məncə, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də, bizim regionda. Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə, öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla, olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir".
Ölkə Prezidenti çıxışında onu da vurğulayıb ki, məhz Azərbaycanın təşəbbüsü ilə regionda iki, üç və çoxtərəfli əməkdaşlıq formatları meydana gəlib və uğurla inkişaf edir. Dövlətimizin başçısı bütün bu uğurların təməlində məqsədyönlü daxili siyasətin dayandığını əsaslandırıb. Prezident "güclü oyunçuya çevrilən dövlətin güclü iqtisadiyyatı olmalıdır" prinsipinin Azərbaycanda uğurla həyata keçdiyini vurğulayıb və ölkənin sosial-iqtisadi inkişafının təzahürlərindən danışıb: "İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir. Düşünürəm ki, biz bu istiqamətdə yaxşı uğurlar əldə etmişik. Neftin qiyməti kəskin surətdə aşağı düşən zaman, mən Azərbaycanda bildirdim ki, bizim üçün postneft dövrü başladı və biz neft və qazı unutmalıyıq. Əlbəttə, biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi, biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik. Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar, artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır. Bu səbəbdən, qeyd etməliyəm ki, artıq şaxələndirmə prosesi başlayıb və bizim bu prosesi səngitmək niyyətimiz yoxdur".
Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini vurğulayan Prezident bildirib ki, ümumi daxili məhsulun təqribən 70 faizi bu sahənin payına düşür. Həyata keçirilən böyük enerji və nəqliyyat layihələri bu sektorun gələcək inkişafının daha uğurlu olacağını göstərir: "Təşəbbüskarı olduğumuz layihələr regionun enerji xəritəsini dəyişmişdir... Eyni sözləri bizim nəqliyyat layihələrimiz haqqında da söyləyə bilərəm... Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi, Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir. Ancaq əlbəttə ki, hələ də görüləcək işlərimiz var".
Prezident bütün bunların Azərbaycan vətəndaşlarının sosial həyatına və əhalinin rifah halının yaxşılaşmasına təsirsiz ötüşmədiyini və insanların həyat səviyyəsinin, paralel olaraq, yüksəldiyini nəzərə çatdırıb. Lakin Prezidentin fikirlərində mühüm amil Azərbaycanın müstəqil siyasi kursunun qarşılaşdığı çətinliklər və bu yolda nümayiş etdirdiyi qətiyyətli siyasi iradədir. İştirakçıların bununla bağlı suallarını cavablandırarkən, Prezident İlham Əliyev ölkəmizin gənc və kiçik olmasına rəğmən müstəqil siyasət yürütdüyünün praktiki əsaslarını göstərmişdir: "Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər. Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir".

"Səs" Analitik Qrupu

Digər xəbərlər