Analitika

  • 9 238

Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb

image

Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il də davam etdiriləcək

Azərbaycanda biznes mühitinin, davamlı olaraq, yaxşılaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsidir. Bu gün dövlət başçısının "ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır", strateji xəttinə uyğun olaraq, sahibkarlıq fəaliyyətinin genişlənməsinə xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir. Ötən il müasir Azərbaycan tarixində bir sıra uğurlu hadisələrlə xüsusi iz qoydu. Azərbaycan Prezidentinin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasətin nə qədər doğru olduğu ötən il bir daha təsdiqləndi. Azərbaycan postneft dövrünə sürətlə keçməyin, çevik iqtisadi islahatların şok effektlərsiz aparılmasının mümkünlüyünü göstərdi, neft gəlirlərinin ötən illər ərzində düzgün məbləğlərdə xərcləndiyini və ehtiyatda lazım olduğu qədər saxlanıldığını sübut etdi. Həmçinin, iqtisadi şaxələndirməni, qısa müddətdə gerçəkləşdirməyin və dayanıqlı inkişafa nail olmağın yollarını ortaya qoydu.
Ötən ildə, zəruri resurslar səfərbər olunmaqla, makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun sürətli inkişafı əmək bazarının stabilləşməsinə, əhalinin sosial təminatının dəyişkən valyuta bazarlarının mənfi təsirlərindən səmərəli qorunmasına və yüksək rifahın həlledici amillərindən olan məşğulluq imkanlarının genişləndirilməsinə şərait yaratdı. Dekabr ayının 28-də Prezident İlham Əliyevin Fərmanı ilə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması isə, dövlət başçısının bu sahəyə nə qədər diqqət göstəridiyini bir daha təsdiqlədi. Agentlik kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə, ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək, dövlət orqanlarının bu sahədə xidmətlərini əlaqələndirəcək və tənzimlənməni həyata keçirəcək. Agentlik İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərəcək. Agentlik müvafiq dövlət qurumları və təhsil müəssisələri ilə əməkdaşlıq quracaq və tətbiqi elmlərin inkişafına xüsusi diqqət yetirəcək. Bu agentliyin yaradılması "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilib.
Yeni agentlik vasitəsilə KOS-lara, eyni zamanda, bir neçə istiqamətdə xidmətlərin göstərilməsi planlaşdırılır ki, bunun da nəticəsində, idarəetmənin təkmilləşdirilməsi, paralelliyin aradan qaldırılması və KOS-ların fəaliyyətinin səmərəliliyinin artırılması gözlənilir. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən kiçik və orta sahibkarlıq evləri yaradılacaq və onların fəaliyyəti "ASAN Xidmət" mərkəzləri, "ASAN Xidmət" mərkəzləri olmayan regionlarda isə, İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.
Ötən il Respublikada biznes mühitinin əlverişliyini artırmaq istiqamətində iqtisadi islahatlar davam etdirilib. 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. 2017-ci ilin oktyabr ayında isə, yoxlamaların dayandırılması ilə bağlı müddət 2021-ci ilə kimi uzadılıb. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi prosesində də heç bir problem yaranmayıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara verilən kreditlərə gəlincə isə, demək olar ki, ötən il fondun tarixində, ilk dəfə olaraq, dövlət büdcəsindən vəsait ayrılmadan investisiya layihələri maliyyələşdirilib. 2017-ci ildə fond tərəfindən 1953 sahibkara geri qaytarılan vəsaitlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə, investisiya layihələrinin reallaşdırılması 6600-dək yeni iş yerinin açılmasına imkan yaradır. İqtisadiyyat Nazirliyinin son məlumatına görə, verilmiş kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.
Ötən il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə müasir istehsal, emal və infrastruktur sahələrinin yaradılması üzrə 48 investisiya layihəsinin maliyyələşdirilməsinə 120,4 milyon manat güzəştli kredit verilib.
Sahibkarların maarifləndirilməsi və nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 2017-ci ildə 3800 sahibkarın iştirakı ilə 40 işgüzar forum keçirilib. Ümumilikdə, indiyədək layihələrin ümumi dəyəri 4 milyard manatdan çox olan 34600 sahibkara 2,1 milyard manat güzəştli kredit verilib.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Bu istiqamətdə daim praktiki addımlar atılır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi isə, bu il davam etdiriləcək: "Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək. Sevindirici hal ondan ibarətdir ki, bu vəsait vaxtilə verilmiş və qaytarılmış kreditlər hesabına təkrar veriləcəkdir. Bu, ilk növbədə, onu göstərir ki, dövlətdən kredit alan sahibkarlar öz məsuliyyətlərini dərk edirlər və bu kreditləri qaytarırlar. Digər tərəfdən, onu göstərir ki, vaxtilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış vəsait işləyir. Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək".
Prezident İlham Əliyev qeyd edib ki, əgər layihələrin sayı çoxalarsa, bu məbləğ artırıla bilər. Çünki bu, sahibkarlığın, regionların inkişafı üçün çox önəmli bir vasitədir və kreditlərin mütləq əksəriyyəti bölgələrə, iqtisadiyyatın real sektoruna verilir. Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından, strateji xarakter daşıyır. Ölkədə biznes və investisiya mühitinin, davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi sistemi, o cümlədən, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə, biznes forumlarının, sərgilərinin təşkili və digər tədbirlər sayəsində güclü sahibkarlar ordusu formalaşıb və sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib.

"Səs" Analitik Qrupu

Digər xəbərlər