Analitika

  • 15 005

4 iyunda Gəncədə nə baş vermişdi?

image

XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqillik qazanaraq, milli dövlətçiliyini qurmaq imkanı əldə edib. 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti məlum səbəblərdən süquta uğrasa da, əsrin sonlarında - 1991-ci ildə tarixi ədalət yenidən bərpa edildi. 71 il sovet rejimində yaşayan Azərbaycan, SSRİ imperiyası dağıldıqdan sonra, uzun illərlə həsrətində qaldığı milli müstəqilliyinə yenidən qovuşdu. Müstəqillik asan əldə olunmadı, gərgin ictimai-siyasi vəziyyət və böyük qurbanlar bahasına əldə edildi. Azərbaycanı gözü götürməyən qüvvələr xalqımızın, uğrunda ardıcıl mübarizə apardığı milli azadlığına, dövlət müstəqilliyinə mane olmaq, onun mübarizə əzmini qırmaq üçün ən məkrli siyasi təxribatlara əl atdılar. Ermənistanın Azərbaycan torpaqlarının işğalı, respublikamızı daxildən parçalamaq və xalqımızı vətəndaş müharibəsi girdabına sürükləmək kimi cəhdləri Azərbaycanı olduqca çətin bir vəziyyətlə üz-üzə qoydu. Çünki hakimiyyətdə olan səriştəsiz rəhbərlər mövcud təhlükələrin qarşısının alınması istiqamətində lazımi tədbirləri görmək gücündə deyildilər. Yaşanılan çətinliklər xalqımızın mübarizliyini və gələcəyə inamını sarsıda bilmədi. 1993-cü ilin yayında ölkədə vəziyyət getdikcə ağırlaşdı, hətta müstəqilliyimiz təhlükə altına düşdü. Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı isə 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Belə bir məqamda, o zamankı Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, silahlı birləşmələri, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi.4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gətirilib. 8 iyun 1993 - Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlayıblar. Vətənin bu ağır günündə xalq Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edir. Ümummilli Lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, qısa zaman ərzində, Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükədən xilas etdi. O dövrdə baş verən hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".Məhz xalqın belə bir ağır məqamında dünya şöhrətli siyasətçi Heydər Əliyevin öz müqəddəs xilaskar missiyasıyla böyük siyasətə qayıdışı, Azərbaycanda illərlə davam edən anarxiyaya, siyasi hakimiyyətsizliyə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və özbaşınalıqlarına son qoydu. Azərbaycan Respublikasının beynəlxalq aləmdə get-gedə artan nüfuzu, daxili sabitliyə nail olunması, yürüdülən müstəqil daxili və xarici siyasət, ölkədə aparılan demokratik islahatlar düşmən dairələrini xalqımıza və respublikamıza qarşı növbəti təxribatlara əl atmağa sövq etdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyatına sui-qəsd təşəbbüsləri artıq ən yeni tariximizin qara ləkələri kimi keçmişə həkk olunub. Bu təxribatlar müdrik dövlət başçımızın son dərəcə tədbirli, təmkinli və uzaqgörən siyasəti sayəsində baş tutmadı.Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycan yeni bir mərhələyə qədəm qoydu. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda, müstəqilliyin itirilməsinə yol verilmədi. Məhz Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu və Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı.Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb və ən şanlı səhifələri də, məhz Onun adı ilə bağlıdır. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu Onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Ulu Öndər müdriklik simvoludur, Onun ideyaları həyatımızın hər sahəsinə işıq salır və bizə yol göstərir.Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır.

sia.az

Digər xəbərlər