Analitika

  • 8 063

BMT Baş Assambleyasının 73-cü sessiyası ədalətli qərarlar verməlidir TƏHLİL

image

BMT Baş Assambleyasının 73-cü sessiyasının ilkin gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri daxil edilib və indi bütün dünya ictimaiyyəti ədalətli qərarlar gözləyir. Bu qətnamə layihələri, əslində, assambleyanın 72-ci sessiyası zamanı müzakirə olunmadığından, növbəti toplantının gündəliyinə müvafiq olaraq 41 və 35-ci bəndlər altında salınıb.Sözügedən sessiyanın gündəliyində, ümumilikdə, 175 bənd, həmçinin, sülh və təhlükəsizlik, silahsızlaşdırma, narkotiklərin qanunsuz yayılmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə və s. məsələlər də yer alır. Hər il sentyabr ayından dekabra qədər fasiləsiz işləyən assambleyanın 73-cü sessiyasının rəsmi açılışı sentyabrın 18-də Nyu-Yorkda keçiriləcək və ənənəvi ümumi müzakirələrin sentyabrın 19-dan 25-dək davam edəcəyi gözlənilir.BMT-nin baş müşavirə orqanı olan Baş Assambleyanın tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik, yaxud yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar 2, ya 3 səs çoxluğu ilə qəbul olunmalıdır. Lakin digər məsələlər üzrə qərarlar isə sadə səs çoxluğu ilə qəbul edilir. Qurumun sonrakı dövrlərdə, yəni sentyabr ayından dekabr ayına qədərki müddətdən gec və ya tez keçirilən iclasları ehtiyac duyulduğu təqdirdə reallaşdırılır.Qeyd olunduğu kimi, bu il də BMT Baş Assambleyasının sessiyası, daha dəqiq desək, keçirilməsi planlaşdırılan 73-cü sessiasının rəsmi açılışı sentyabrın 18-nə nəzərdə tutulur. Sentyabrın 19-dan 25-dək davam edəcək sessiyanın gündəliyinə işğal altında olan ərazilərimizdə olan vəziyyət də daxil edilib və əslində, Nyu-Yorkda keçiriləcək sessiyanın ötənilki, yəni 72-ci sessiyasında müzakirəyə çıxarılmalı bu məsələ bu ilin gündəliyində yer alır.

BMT Baş Assambleyasının məlumatsızlığından danışmaq sadəlövhlük olardı
BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə daxil edilən sülh və təhlükəsizlik, silahsızlaşdırma, narkotiklərin qanunsuz yayılmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə və s. məsələlərin, əslində, dəfələrlə müzakirə mövzusu olduğu, nəinki münaqişə zonası əhalisi, eyni zamanda, bütün dünya ictimaiyyəti üçün də sirr deyil. Yaxud torpaqlarımızın, qeyd-şərtsiz boşaldılması, işğaldan azad edilməsi, Azərbaycana qaytarılması barətə BMT kimi mötəbər bir beynəlxalq qurumun qətnamələrindən də dünya ictimaiyyəti xəbərsiz sayıla bilməz. Ələlxüsus, bu assambleyanın, məhz BMT Baş Assambleyasının məlumatsızlığından danışmaq sadəlövhlük olardı.Dünya miqyasında ən mötəbər təşkilatın qətnamələrinin pozulmasına rəvac verən bir dövlətin, özü də işğalçı dövlətin hərbçilərinin təmas xəttində hər gün dəfələrlə atəşkəsi pozması, odlu silahlardan, nəinki əsgərlər olan hərbi hissələrə, eyni zamanda, sərhəd rayonlarında yerləşən dinc əhaliyə atəş açması sülh və təhlükəsizliyin pozulması demək deyilmi? Yaxud silahsızlaşdırma məsələlərini gündəmə salan qurum dinc əhalinin, xüsusən, zəhmətkeş insanların özlərinə məxsus olan yaşadıqları ərazidə, şəxsi təsərrüfatlarında atəşə məruz qalmalarından xəbərsizdirmi və bunun odlu silahlarla törədildiyi barədə məlumatsızdırmı? Bəlkə adıçəkilən qurum bu məsələlərin gündəliyə daxil edilən, məhz silahsızlaşdırma məsələlərinə aid olduğunun fərqində deyil?
Əgər erməni vandallarına terrorçu adı verilməyəcəksə, bəs kimə veriləcək?
Qeyd etdiyimiz kimi, hər il sentyabr ayında assambleya öz sessiyasını keçirir və hər dəfə də eyni mövzunu, terrorçuluqla mübarizə mövzusunu gündəmə gətirir, qarşısının alınmasını müzakirəyə çıxarır. Halbuki 30 ilə yaxındır ki, ermənilərin törətdikləri terrorçuluq əməlləri öz layiqli qiymətini almır və qətiyyətli qərarlar, eyni zamanda, sanksiya xarakterli tədbirlər ortaya qoyulmur. Yoxsa mötəbər beynəlxalq təşkilatlar, şəxsən assambleya özü qonşu ölkənin torpaqlarını silahlı hücumlarla zəbt edən, işğal edən, qarət edən, insanlıq normalarına sığmayan hərəkətlərə yol verən, qətllər törədən, soyqırımlara imza atan əməlləri terror hesab etmir? Bəlkə Xocalı soyqırımını, dünya miqyasında misli-bərabəri olmayan bu faciəni törədənləri terrorçu adlandırmaqdan çəkinirlər? Silahlılara deyil, dinc əhaliyə silahlı hücum edən, yaşlı, qoca, cavan, uşaq, ya da körpə nəzərə almadan vəhşicəsinə qətlə yetirən, hətta cəsədlər üzərində təhqiramiz hərəkətlərə yol verən, vandallıqda tayı- bərabəri olmayan erməni silahlılarına terrorçudan başqa nə ad qoymaq fikrində ola bilər hər hansı mötəbər beynəlxalq qurum? Niyə bu vaxta qədər uzanıb bu qiymət qoymaq məsələsi ki, indi gündəmə gəlib və ümumiyyətlə, əgər həmin erməni vandallarına terrorçu adı verilməyəcəksə, bəs kimə veriləcək? Ya da bu mötəbər qurumlar bu boyda faciəyə, bu miqyasda vəhşiliyə terror adı vermirlərsə, terrorçuluqla mübarizə mövzusunu niyə gündəmə gətirirlər və ümumiyyətlə, terrorçuluqla mübarizə dedikdə, hansı işi görməyi nəzərdə tuturlar? Əgər dinc əhaliyə hücum edən, ixtiyar qocaları işgəncə ilə qətlə yetirən, diri-diri körpələrin gözünü çıxaran və sonra tələf edən, hamilə qadınları süngüdən keçirən öz layiq olduğu adı, terrorçu adını adını almayacaqsa, terrorçuluqla mübarizənin hansısa effekt verəcəyinə beynəlxalq təşkilatlar, şəxsən BMT Baş Assambleyası özü inanırmı?
Haqqın və ədalətin tərəfində olmayan təşkilatlar, ikili standartlar siyasəti yürüdən qurumlar öz mövcudluqlarını şübhə altına alırlar
Erməni terrorçularının İŞİD kimi terror təşkilatından, onların imkanlarından istifadə etmə faktları da indi bütün dünya ictimaiyyətinə, ələlxüsus, beynəlxalq təşkilatlara bəllidir. Hətta İŞİD döyüşçülərinin yetişdirilməsində də dırnaqarası müstəsna xidmətləri də heç kimə gizli deyil. Tam azad şəkildə fəaliyyət göstərə bildikləri və işğal etdikləri torpaqlarda erməni işğalçılarının narkotik vasitələri becərmələri, dövriyyəsini təşkil etmələri heç bir qurum, heç bir təşkilat üçün müəmmalı sayıla bilməz. Belə bir şəraitdə, nəzarətsiz bir zonada həmin terrorçuların insan alveri də, xüsusən, istisna edilə bilməz. Bu halda haqq və hüquqları müdafiə edən qurumlar və beynəlxalq təşkilatlar hansı təhlükəsizlik prinsplərindən dəm vura bilər? Əgər bu terror ocağının kökü kəsilməzsə, ən azından, sanksiya xarakterli tədbirlər həyata keçirilməzsə, təhlükəsizliyin təmin edilməsi mümkün ola bilərmi? Doğrudan da, gündəliyə salınan məsələlər qurumu maraqlandırırsa, erməni terrorunun, işğalın, təcavüzün, ədalətsizliyin dərhal qarşısı alınmalı və müvafiq tədbirlər planı işlənib-hazırlanmalıdır.Erməni lobbisi, təbii ki, bu assambleyanın da gündəliyində duran məsələlərə kölgə salmaq niyyətindədir və görünən odur ki, bu vaxta qədər də buna nail ola bilib. Hazırda yenə də bu istiqamətdə fəaliyyəti istisna edilə bilməz. Lakin BMT Baş Assambleyası heç olmasa bundan sonra ədalət prizmasından yanaşaraq, terrorçuların əməllərinə layiqli hüquqi qiymət verməli, munasib qərarlar qəbul etməli, sanksiya xarakterli tədbirlər işləyib-hazırlamalıdır. Ədalətli qərarlar verməlidir ki, beynəlxalq miqyasda terrorçuluğun qarşısı alınsın, sülh və əmin-amanlıq təmin olunsun, narkotik vasitələrin dövriyyəsi dayandırılsın və təhlükəsizlik təmin olunsun. Bir sözlə, dünya nizamında bir intizam, bir düzən qurulması naminə ədalətli qərarlar qəbul edilməlidir. Əks-halda, terrorçuluğun baş alıb gedəcəyi, sülhün bərqərar olmayacağı, təhlükəsizliyin təmin olunmayacağı labüddür. Bu isə, təkcə Azərbaycanın deyil, bütövlükdə, dünya ictimaiyyətinin problemi hesab olunur.Digər tərəfdən, BMT Baş Assambleyası kimi mötəbət təşkilatlar və beynəlxalq qurumlar ədalətsiz qərarlar qəbul etdikləri zaman öz müqəddəratlarını təhlükə altına alırlar. Hər hansı beynəlxalq təşkilat ədalətsiz qərar qəbul etdiyi zaman öz imicini zərbə altında qoyur və quruma qarşı inamsızlıq qazanmaqdan başqa heç nəyə nail ola bilmir. Hazırkı dövrə qədər dünya ictimaiyyəti bir çox beynəlxalq təşkilatın ikili standartlarının şahidi olub və bu, heç də həmin təşkilatların imicinə müsbət təsir göstərə bilməz. Əksinə, həmin təşkilatlara olan etibarın azalması üzv dövlətlərin təşkilatı tərk etməsi ilə nəticələnə və yekunda, həmin təşkilatın özünün tamamilə süqutuna səbəb ola bilər. Ən azından, həmin beynəlxalq təşkilatlar bütün bunları, yəni öz reputasiyalarını nəzərə almalıdırlar. Onsuz da, ölkəmiz və bizimlə eyni statusda olan ölkələr haqlı hesab etdikləri mübarizədən çəkinən deyil və başda Azərbaycan olmaqla, hər biri öz ədalətli mübarizəsində qələbə qazanmalıdır. Çünki haqq və ədalət, sözsüz ki, gec-tez qalib gəlir. Lakin bu haqqın, ədalətin tərəfində olmayan təşkilatlar, ikili standartlar siyasəti yürüdən qurumlar öz mövcudluqlarını şübhə altına alırlar və bu da, nəticə etibarı ilə özlərinin sonunu labüd edir. Azərbaycan öz haqlarını, torpaqlarını, ərazi bütövlüyünü müdafiə etmək əzmindədir və beynəlxalq təşkilatlar da bu ədalətli mübarizədə, bu yolda ölkəmizə kömək etməyə, beynəlxalq institutlar, insan haqq və hüquqlarını müdafiə edən təşkilatlar bizim qanuni və haqlı tələblərimizi müdafiə etməyə borcludurlar.

sia.az

Digər xəbərlər