Robert Koçaryan: “Ermənistanda diktator doğulur” TƏHLİL

Ermənistanda baş verən hadisələr ictimai rəylə yanaşı, bu ölkəni idarə etmiş bir sıra şəxslər tərəfindən də kəskin şəkildə qınanılmaqdadır. Məsələ həm də ondadır ki, istər yeni hökumətin, istərsə də köhnə hakimiyyət sisteminin arasında aparılan gizli və açıq savaş artıq vətəndaş qarşıdurmasına doğru irəliləməkdədir. Əbəs deyil ki, artıq bir çox yerli və xarici siyasi ekspertlər baş nazir Nikol Paşinyanın diplomatik uğursuzluqları barədə şərhlər və məqalələrlə çıxışlar edirlər. Xüsusilə, onun Rusiya səfəri uğursuzluğu ətrafında ciddi müzakirələr aparılmaqdadır. O cümlədən, Paşinyanın “korrupsiya ilə mübarizə” və “demokratiya” adı altında avtoritar idarəçilik sisteminə keçid etməsi erməni ictimaiyyətini narahat etməyə başlayıb. Əbəs deyil ki, son bir neçə ayda baş nazirin komandasını tərk edənlər də var.

Gizli telefon danışıqları ətrafında qoyulan tələblər
Bu arada, Ermənistanın ikinci prezidenti Robert Koçaryan ölkəsindəki mövcud vəziyyəti şərh edərkən bildirib ki, siyasi-iqtisadi və s. sahələri əhatə edən böhranın əsas baiskarı hazırkı baş nazir Nikol Paşinyandır. SİA xəbər verir ki, Robert Koçaryan bu sözləri Yerevan.Today informasiya agentliyinə verdiyi eksklüziv müsahibəsində deyib. Bütün bunlarla yanaşı, Ermənistanın ikinci prezidenti bir neçə gündür erməni ictimaiyyətini çalxalayan milli təhlükəsizlik xidməti ilə xüsusi istintaq idarəsinin rəisi arasında aparılan gizli telefon danışıqları barədə də münasibətini açıqlayıb və tələb edib ki, onların hər ikisi istefa verməli, eyni zamanda ondan və barələrində təhqirlərlə danışdıqları digər şəxslərdən üzr istəməlidirlər. O cümlədən, Robert Koçaryan sözügedən müsahibəsində Nikol Paşinyanı nəzərdə tutaraq, “Ermənistanda diktator doğulur” ifadəsini işlədib.
Paşinyanın arvadının saç ustası dövlət büdcəsindən köməkçi maaşı alacaq
Beləliklə, fakt budur ki, Nikol Paşinyanın öz idarəçilik sistemində ard-arda buraxdığı ciddi səhvlər yaxın zamanlarda ona baha başa gələcəyi proqnozunu verməkdədir. Misal üçün, baş nazirin arvadının saç ustasını özünə şəxsi köməkçi təyin etməsi, ingilis dili müəlliməsini təhsil naziri vəzifəsinə çəkməsi və s. kimi hallar erməni ictimai rəyini qıcıqlandırmağa başlayıb. Artıq bir çoxları onu da deyirlər ki, adi saç ustası baş nazirin şəxsi köməkçisi olaraq, dövlət büdcəsindən məvacib alacaq və heç bir ali təhsili olmayan, siyasi bilgidən məhrum birinin belə bir yüksək vəzifəyə təyin edilməsi əlbəttə, narazılıqlara səbəb olmaqdaqdır. Yəni bütün baş verənlər, elə Robert Koçaryanın da dediyi kimi, Ermənistanda yeni diktatorun doğulması prosesinin tərkib hissəsi olaraq görünməkdədir.

sia.az