Ermənistanda siyasi böhran dərinləşdi ANALİİTİK

Paşinyan istefa verərsə, yenidən baş nazir seçilməyə bilər

Ermənistanda siyasi böhran tam sürətlə davam edir və Nikol Paşinyanın ən geci növbədənkənar parlament seçkiləri ilə bağlı irəli sürdüyü tələbləri bu böhranın daha da dərinləşməsinə səbəb olmaqdadır. Paşinyanın ən gec, dekabr ayının sonlarına qədər keçirilməsini istədiyi növbədənkənar parlament seçkiləri ölkənin qanunverici orqanının digər təmsilçiləri tərəfindən qəbul olunmamaqdadır. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq, Ermənistan parlamentində “Ermənistanın milli məclisinin reqlamenti”nə edilən dəyişikliklərlə bağlı qanun layihəsi qəbul olunub və həmin layihə imzalaması üçün prezident Armen Sarkisyana göndərib. Baş nazir Nikol Paşinyan isə Armen Sarkisyana müraciət edərək, həmin qanunu imzalamamağa çağırıb.
Nikol mövcud reytinqini itirməmək üçün növbədənkənar parlament seçkilərini elə bu ilin sonlarına yaxın keçirilməsi tələbi ilə çıxış edir
Qeyd edək ki, Nikol Paşinyan baş nazir postunu ələ keçirərkən, seçkilərin gələn ilin aprel, yaxud may aylarında keçiriləcəyini bəyan etmişdi. Lakin onun baş nazirliyi dövründə ölkədə qalan problemlərin öhdəsindən gələ bilməməsi, eləcə də reytinqinin aşağı düşməsi həmin bəyanatını geri götürməyə vadar edib. Məhz bu baxımdan, mövcud reytinqini də itirməmək üçün o, növbədənkənar parlament seçkilərini elə bu ilin sonlarına yaxın keçirilməsi tələbi ilə çıxış edir.Ancaq məsələ həm də ondadır ki, bu gün parlamentdə təmsil olunan köhnə sistem komandası, daha dəqiq desək, Serj Sarkisyanın prezidentliyi dövründə seçilmiş deputatlar – Respublika, “Çiçəklənən Ermənistan”, Daşnaksyutun və s. partiyalarının nümayəndələri, o cümlədən, “Tsarukyan bloku” Nikol Paşinyanın tələblərinə qarşıdırlar. Belə ki, yeni parlament tərkibinin formalaşdırılması üçün qanunverici orqan buraxılarsa, Paşinyan istefa verib yenidən baş nazirlik postuna namizədliyini irəli sürərsə, köhnə sistemdən olanların yenidən deputat seçilmələri məsələsi birdəfəlik qapanacaq.
Baş nazir: “Mən istefa verəcəm və heç kim baş nazir postuna namizədliyini irəli sürməyəcək”
Ümumiyyətlə, Paşinyanın yenidən baş nazir seçilməsi bir sıra deputatları, oliqarxiya sistemini üçün arzuolunmaz məsələdir. Bu baxımdan, onlar seçkilər vasitəsilə baş nazir postuna öz namizədlərini irəli sürməyə çalışırlar.Yeri gəlmişkən, Paşinyanın tərəfdarları parlament binasının qarşısına toplaşaraq, liderlərinin tələbi əsasında mitinq keçirirlər. Lakin buna baxmayaraq, Nikol Paşinyan jurnalistlərlə söhbətində növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı deyib ki,. parlament gücləri ilə ümumi razılığa gələ biləcəyinə ümid edir. “Ümid edirəm ki, razılığa gələcəyik. Mən istefa verəcəm və heç kim baş nazir postuna namizədliyini irəli sürməyəcək. Ona da ümid edirəm ki, onlar vəziyyəti düzgün qiymətləndirəcəklər”, Paşinyan bildirib.
“Çiçəklənən Ermənistan”, Daşnaksyutun partiyaları, eləcə də “Tsarukyan” blokuna ultimatum xarakterli hədə
O, Ermənistan parlamentinin spikeri və parlament gücləri ilə görüşündə deyib ki, ölkədə siyasi böhrandır. Eyni zamanda, Paşinyan onun tələblərinin yerinə yetirilməyəcəyi halda, ultimatum dili ilə danışıb və sərt addımlara gedəcəyini istisna etməyib : “Bu böhranı aşmaq lazımdır. Belə hesab edirəm ki, Respublika, “Çiçəklənən Ermənistan”, Daşnaksyutun partiyaları, eləcə də “Tsarukyan” bloku bu vəziyyəti daha da gərginləşdirməyəcəklər. Onlar teoretik olaraq, öz namizədlərini irəli sürə və onu seçə bilərlər. Ancaq bununla yanaşı, anlamalıdırlar ki, onların bu seçimi yumşaq desək, neqativ reaksiyalara səbəb olacaq və bu düşünülmüş ssenari kimi qəbul edilməyəcək. Hesab edirəm ki, mənim istefam üçün gün müəyyənləşdiriləcək və onlar baş nazirliyə öz namizədlərini irəli sürməyəcəklər. Nəticədə dekabrda növbədənkənar seçkilər keçiriləcək”.Maraqlıdır ki, ortaq məxrəcə gəlinməməsinə, dəqiq qərarların verilməməsinə rəğmən, Paşinyan hər üç tərəfin namizəd irəli sürməyəcəklərini də bildirib.
Qanun dəyişikliyinə səs verən nazirləri keçirdiyi mitinqdəcə işdən çıxardı
Bu arada, digər maraqlı məqam da diqqətdən yayınmayıb. Sözügedən tələblərlə bağlı keçirilən mitinqdə Nikol Paşinyan elə oradaca Daşnaksyutundan və “Çiçəklənən Ermənistan” partiyasından olan nazirləri vəzifələrindən azad edib. O, bunu belə əsaslandırıb ki, o güclər ki, parlamentdə “Ermənistanın milli məclisinin reqlamenti” qanununda dəyişiklərin edilməsinə imza atıbsa, onlar əks-inqilabçılardır.Beləliklə, fakt budur ki, Ermənistandakı siyasi böhran məcradan çıxaraq, vəziyyətin daha da gərginləşməsinə doğru istiqamət alıb. Əgər Nikol Paşinyanın tələbləri yerinəm yetirilməzsə, ölkədə növbəti qiyam dalğasının baş qaldıracağını indidən proqnozlaşdırmaq olar.

sia.az