Analitika

  • 15 833

Paşinyanın demokratiya kimi sırımaq istədiyi oxlokratiyadır TƏHLİL

image

Kütlənin xofu ilə yaradılan, xaosa səbəb olan idarəetmə mexanizminin ömrü heç də uzun olmur

Ermənistanda cərəyan edən hadisələri heç də demokratiya kimi qələmə vermək olmaz. İdarəedilməz kütlə yalnız qarışıqlıq yarada bilər və məhz buna görə də həmin ölkədə xaos hökm sürür. Halbuki, erməni baş nazir bunu dünya ictimaiyyətinə nəinki sırımaq istəyir, hətta bu xaosa demokratiya adı verməklə ondan silah kimi istifadə etməyə də çalışır.
Sanki kim Nikol Paşinyana, onun hakimiyyətinə qarşı çıxırsa, elə bil baş nazirə deyil, demokratiyaya qarşı çıxır. Yaxud Ermənistanla hətta rəqabət aparanlar belə sanki, demokratiyaya düşmən kəsilənlərdir. Hətta N.Paşinyan az qala bütün dünya ölkələri və demokratik institutlar qarşısında dilemma qoymağa çalışır və bir növ bütün dünyanı, özünü demokratik hesab edən ölkələri onun mövqeyini müdafiə etməyə borclu hesab edir. Elə bil ki, Ermənistanın rəqiblərinə qarşı çıxan demokratiyanın düşmənlərinə qarşı çıxır kimi bir fikir formalaşdırmağa çalışan baş nazir bunu borc kimi xatırlatmaq niyyətindədir və hətta az qala bunu onlardan tələb etmək xülyasına da düşüb. Halbuki, Ermənistanla demokratiya ifadəsi arasında böyük bir uçurum var və erməni cəmiyyətində insan azadlıqlarından, hüquqlardan, humanizmdən danışmaq belə absurddur. Tarixi faktlar təsdiq edir ki, hələ Dağlıq Qarabağ münaqişəsindən də öncə törədilən erməni terroru, vandallığı misli-bərabəri olmayan vəhşilikdən xəbər verir və bunun humanizmlə, ələlxüsus demokratiya ilə zərrə qədər əlaqəsi ola bilməz. Əslində, işğalçı ölkənin qeyri-humanist, antidemokratik siyasəti hələ də davam etdirilir və təsir mexanizmi kimi istifadə olunan küçə yürüşlərini, aksiyaları demokratiya kimi qələmə vermək yalnız erməni xislətinin təzahürüdür.
Ermənistanın baş naziri küçədən gəlməyib, elə meydanlarda qalıb və hələ də küçə ab-havası ilə yaşayır
Bir neçə ay bundan qabaq eks baş nazirə qarşı insanları küçə və meydanlara yığan Paşinyan bunun ardınca kütləni deputatlara qarşı aksiya keçirmək üçün toplayır. Baş nazir postuna oturdulsa da belə hələ də meydandan, küçədən yığışmaq bilmir ki, bilmir. Hətta istefası barəsində dediklərindən tutmuş, 6 nəfər nazirin vəzifəsindən azad edilməsi qərarını belə küçədə verir. Paşinyanın hakimiyyət çevrilişinin demokratiya olduğunu, küçə və meydanlardan hakimiyyətə gəldiyini iddia edən ermənilər görünür bərk yanılırlar. O hakimiyyətə gəlməyib, elə küçədəcə qalıb və hələ də küçə ab-havası ilə yaşayır. Hakimiyyət kürsüsündə oturandan sonra bacarıqsığlığının, idarəetmə qabiliyyətinin olmamasının fərqində olan Nikol özünü yalnız əvvəlki müstəvidə, yəni küçədə görür. Çünki, baş nazir postunda dalbadal uğursuzluqlarla qarşılaşandan sonra, heç bir nıticəyə ümidi qalmayandan sonra yenə də küçə və meydanlara toplaşanlar qarşısında populist çıxışlarla öz mövqeyini möhkəmləndirməyə ümid edir.
Parlamentdə müşahidə edilən məlum hadisələrə, proseslərə qanuni yolla təsir edə bilməyən, səriştəsizlik səbəbindən idarəetməni itirən, hətta mövqeyini, vəzifəsini belə itirmək təhlükəsi ilə üz-üzə qalan baş nazir yenə də küçə və meydanlara ehtiyac duyur. Daha dəqiq desək, eks baş nazirin başına endirmək üçün istifadə etdiyi kimi yenə də küçə və meydanları əlində dəyənək kimi saxlayır və bu dəfə də bir növ deputatları hədələyir. Paşinyan çox yaxşı başa düşür ki, özünün dediyi şəkildə istefa verdikdən sonra ona müxalif olan partiyalar fərqli bir namizədi dəstəkləsələr, o özü mütləq oyundankənar vəziyyətdə qalmalı olacaq. Məhz bunun qarşısını almaq niyyəti ilə bir növ indi də deputatları hədələyir və belə bir oyundankənar vəziyyətdən sığortalanmaq istəyir.
Qaraguruhu təmsil edən dövlət modeli Paşinyana sərf etsə də bilməlidir ki, belə bir modelin ömrünün uzun olmadığını tarix təsdiq edir
Əgər bir ölkədə siyasi proseslər hüquq müstəvisində yox, qanuni yolla deyil, kütlənin iradəsi ilə tənzimlənir, istiqamətləndirilirsə, bu demokratiya deyil, oxlokratiyadır. Belə çıxır ki, Paşinyan dəyənək kimi istifadə etdiyi kütlənin iradəsi ilə hökmranlığını qurubsa və məhz kütlənin xofu ilə idarəetmə müxanizmini tətbiq edirsə, deməli, Ermənistanın özündə də ermənilərin iddia etdikləri demokratiya yox, klassik bir oxlokratiya hökm sürür. Demokratiyanın təhrif olunmuş, eybəcərləşdirilmiş forması, rəzil ehtiraslarla ağlına gələni edən, zorakılıq və qanunsuzluğa əsaslanan qaraguruhun hökmranlığına demokratiya adı vermək olmaz və bu zamana qədər belə təzahürlər oxlokratiya kimi qiymətləndirilib ki, bu da hazırda məhz Ermənistanda müşahidə olunur.
Tarixdə belə faktlara çox rast gəlinib və məhz buna görə də mütəfəkkirlərin bir çoxu oxlokratiya haqqında nifrətlə danışır, onu demokratiya adı altında, nifaqın və vətəndaş müharibəsinin səbəbkarı hesab edirdi. Aristotelin fikrincə, idarəçinin hakimiyyətdən kənarlaşdırılması və onu kütlənin əvəzləməsi ölkədə sabitliyi pozur, dövlətdə xaosun artmasına səbəb olur. Amma görünür sabitliyi pozsa da, xaosun artmasına səbəb olsa da qaraguruhu təmsil edən dövlət modeli Paşinyana sərf edir. Görünən odur ki, şəriksiz hakimiyyət iddiasında olan baş nazir, öz hakimiyyətini qorumaq üçün nəyin bahasına olur-olsun kütlənin dəstəyindən faydalanmağa çalışır. Çalışır ki, parlamentdəki rəqiblərinə hədələrlə dolu bacardıqca çox mesajlar versin ki, rəqibləri kütlə dəyənəyindən daha çox qorxsunlar və rəqabət aparmağa zərrə qədər cürət etməsinlər. Bu isə oxlokratiya olsa belə nəticə etibarı ilə Paşinyan və onun komandasının hakimiyyətini qorumağa hesablanıb və baş nazirin atdığı bütün addımlar tam şəkildə nəzarətində olan parlament formalaşdırmaq məqsədi güdür.
Amma tarixi faktlar onu da deməyə əsas verir ki, oxlokratiyanın ömrü heç də uzun olmur. Hələ ki, küçə və meydanlarda olan kütlə öz tələblərini irəli sürür, öz iradəsini diqtə edir. Paşinyan da bundan məharətlə və sui istifadə edir. Lakin, tarixdən də göründüyü kimi bu mərhələ uzun sürə bilməz və heç uzun sürməyəcək də. Çünki, Paşinyan kütlədən hakimiyyətini mökəmləndirənə qədər istifadə edəcək. Tarix boyu hər zaman belə olub və qaraguruhdan istifadə edənlər hakimiyyətlərini təmin etdikdən sonra kütləni tamailə unudurlar. Təbii ki, hakimiyyəti öz əlində cəmləşdirdikdən sonra nə demokratiya, nə də Ermənistan, eləcə də ermənilər onu maraqlandırmayacaq. Beləliklə də yerini möhkəmləndirdiyinə əmin olan baş nazir öz səriştəsiz və məhvə sürükləyən siyasətini yürütməkdə davam edəcək. Nəticədə Paşinyanın oxlokratiya hakimiyyəti də, elə indi bu oxlokratiyanı demokratiya kimi sırımaq istəyən Ermənistan da tarixin arxivinə növbəti fakt kimi yollanacaq.

sia.az

Digər xəbərlər