Analitika

  • 53 280

Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV

image

Ulu Öndər Heydər Əliyevin siyasi dühası hər zaman və hər yerdə

Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayır. Belə ki, dünya şöhrətli siyasi xadim kimi, O, hər zaman xalq və dövlət amilini öz həyatından üstün tutmuşdur.Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır.Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə demişdir: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir".Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olan bir çox müəlliflər Ulu Öndəri XX əsrin siyasət nəhəngləri, mənsub olduqları xalqlar üçün əvəzsiz xidmətlər göstərmiş Şarl de Qoll, Corc Vaşinqton, Uinston Çörçill, Konrad Adenauer və digərləri ilə bir sıraya qoyurlar. Amma bu şəxsiyyətlərin hər birinə böyük hörmət hissi ilə qeyd etməliyik ki, onlar yaşadıqları bir ictimai-siyasi formasiyanın verdiyi imkanlardan məxsus olduqları xalq üçün maksimum istifadə etməyə çalışmış və buna nail olmuşlar. Heydər Əliyev isə həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün titanik əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazmışdır. Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu Öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır.Ümummilli Liderimizin keçmiş Sov.İKP MK Siyasi Bürosunun üzvləri arasında xüsusi yeri adi vətəndaşlar tərəfindən qürurla qeyd edilir, SSRİ-nin gələcək rəhbəri vəzifəsinə namizədlər sırasında birinci Heydər Əliyevin adı çəkilirdi. Hətta SSRİ dağıldıqdan sonra xalq arasında belə bir fikir dolaşırdı ki, əgər müəyyən məqamlarda SSRİ-nin hakimiyyət sükanı arxasında dahi Heydər Əliyev kimi güclü xarakterə malik insan olsaydı, bu qədər faciələr baş verməyəcəkdi. Bu, sovet imperiyası süquta uğrayandan sonra bütün postsovet məkanında daha çox səslənən ən populyar fikrlərdən biri idi. Çünki bu şəxsiyyətin nüfuzu, gücü və xalqın ona məhəbbəti hamıya məlum idi. Amma belə olmadı və Sovet İttifaqı dağıldı. Sovet respublikalarından ən çox zərər çəkəni isə məhz Azərbaycan oldu.Heydər Əliyevin böyük nüfuzu M.Qorbaçova və onun erməni əlaltılarına öz çirkin planlarını həyata keçirmədə mane olurdu. Heydər Əliyev Qorbaçovun haqsız təzyiqlərinə baxmayaraq, onun yeritdiyi siyasi xətti, xüsusilə Qafqazda apardığı milli siyasəti kəskin şəkildə tənqid edir, yetişməkdə olan Qarabağ problemi haqqında xəbərdarlıq edirdi. Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra hadisələr sürətlə cərəyan etməyə başladı. Minlərlə azərbaycanlı əzəli torpaqlarından, yurd-yuvalarından qovuldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakını işğal edib yüzlərlə insanı gülləbaran etdi. Bu ağır faciənin acısına dözməyən Heydər Əliyev heç bir təzyiq, təqib və təhdidə məhəl qoymadan, Moskvanın mərkəzində hiddət və qəzəbini bütün dünyaya bəyan etdi. Haqqın və ədalətin bərpası üçün isə tarixə elə böyük vaxt lazım gəlmədi. Azərbaycan xalqı öz sevimli oğlunu, böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı.
Ulu Öndərin qayıdışı müstəqil Azərbaycan dövlət qurluşu kimi tarixə düşdü
Ulu Öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi.Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli Liderimiz böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. Ulu Öndər Heydər Əliyev bu sahəni özü qədər inandığı ən yaxın silahdaşı İlham Əliyevə tapşırdı. Bundan sonra danışıqlarda əsas üstünlük "açıq qapılar" və "balanslaşdırılmış siyasət" prinsiplərinə verildi. Bir tərəfdən təmkin və səbri, yüksək intellekti və insani keyfiyyətləri ilə mütənasib olan praqmatizmi, digər tərəfdən böyük müəllimi Heydər Əliyev kimi fenomenin qiymətli tövsiyə və məsləhətləri gənc İlham Əliyevə bu mühüm tapşırığın öhdəsindən layiqincə gəlməyə imkan verdi.
"Əsrin müqaviləsi" ilə Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.Vaxtı ilə "Neft daşları"nın salınması Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin qətiyyətinin təntənəsi olan "Əsrin müqaviləsi" də müstəqil ölkəmizi dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi.Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri BTC 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: "BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi". Amma dünyanın enerji xəritəsini dəyişən BTC yox, onun yaradıcısı, Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu.Ümummilli Lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi. Postsovet məkanında ilk dəfə Azərbaycanda Heydər Əliyevin göstərişi ilə torpaq islahatına başlandı. Kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına çevrilməsi kənd təsərrüfatının inkişafında yeni üfüqlər açdı.Ulu Öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı. Böyük dövlət xadimi Heydər Əliyev yüksək diplomatik səviyyə nümayiş etdirərək, öz şəxsi nüfuzu sayəsində Azərbaycanı beynəlxalq siyasətin diqqət mərkəzinə çəkir, tanıdır və başqalarını ona inanmağa, hörmət etməyə, sözünü eşitməyə məcbur edirdi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı.
Ulu Öndər ideyalarınnı uğurlu davamçısı
Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Və əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev artıq iüçünsü dövr üçün dövlətimizin başçısı seçilərək Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

MUXTAR NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini

Digər xəbərlər