Analitika

  • 26 815

2019-cu ilin “narahat geosiyasi mühiti”: “Stratfor”un proqnozlarından əsas məqamlar

image

Dünyanın tanınmış analitik mərkəzləri, bir qayda olaraq, hər ilin sonunda növbəti il üçün əsas saydıqları problemlər üzrə proqnozlar verirlər. Bu aspektdə “Stratfor”un analizləri və təxminləri ayrıca diqqət tələb edir. Çünki bu təşkilatın ABŞ-ın xüsusi xidmət orqanları ilə yaxınlığı haqqında informasiyalar vardır. Amerikanın bu tanınmış beyin mərkəzi 2019-cu ildə qlobal geosiyasi trendləri səciyyələndirən proseslərin analizi və proqnozları ilə yenidən diqqəti özünə cəlb edib. Burada hər bir əhəmiyyətli proses haqqında konkret mövqe ifadə edilib. Konkret olaraq, beyin mərkəzinin məntiqi Amerikanın dünya liderliyi uğrunda mübarizəsini davam etdirəcəyi üzərində qurulub. Bu çərçivədə ABŞ-ın Çin və Rusiya ilə savaşı təhlil olunub. Eyni zamanda, dünyanın digər böyük dövlətlərinin bu savaşın xarakterinə uyğun zərər görəcəyi və ya qazanacağı barədə də proqnozlar verilir. Bütövlükdə “Stratfor” dünya üçün hazırda aktual olan bütün problemlərə toxuna bilib. Həmin bağlılıqda analitik mərkəzin irəli sürdüyü tezislərin təhlili üzərində geniş dayanmaq istərdik.

Qlobal trendlər: istiqamətləri və yeni məzmun çalarları
2019-cu ildə dünya miqyasında baş verə biləcək əsas hadisələri insanlar maraqla gözləyirlər. Bu, başqa səbəblərlə yanaşı, 2018-ci ilin gərgin geosiyasi proseslərə, böyük dövlətlər arasında ixtilaflara, regional miqyasda çəkişmələrə və münaqişələrin aradan qaldırılmamasına səhnə olması ilə bağlıdır. Bu proses 2019-cu ildə səngiyə bilərmi? İlk sıraya hansı istiqamətdə cərəyan edən hadisələr çıxa bilər? Bu kimi suallara nüfuzlu beyin mərkəzlərindən olan "Stratfor"un 2019-cu il üçün verdiyi proqnozlarda cavablar axtarılır.Ümumi olaraq, "Stratfor" 2019-cu ildə qlobal miqyasda gərginliyin daha da artacağını qeyd edib, bunu böyük güclər arasında rəqabətin artması ilə əlaqələndirir (bax: 2019 Annual Forecast / worldview.stratfor.com, 3 dekabr 2018). Həmin rəqabətin təməlində isə Amerikanın öz diktəsini davam etdirməsinin dayanacağı proqnozlaşdırılır. Vaşinqtonun bütün istiqamətlərdə planlarının dünya liderliyini təmin etməklə bağlı olduğu iddia edilir. Bu o deməkdir ki, bir sıra məsələlərdə geri çəkilməsinə baxmayaraq, Amerika bütövlükdə daha güclü həmlələr etməyə hazırlaşır. Təbii ki, onun üçün başlıca hədəflər də ilk olaraq Çin və Rusiyadır.Vaşinqton Çinlə olan münasibətlərdə ona hücumları strateji məzmunlu hesab edir. Yəni 2019-cu ildə Pekinə qarşı tətbiq olunacaq vergilər, sanksiyalar, yeni texnologiyalara norma baryerləri qısa müddət üçün deyil, uzun müddətdə Çinin irəli çıxmaq planlarını pozmaq üçündür. "Stratfor" hesab edir ki, bu məsələdə ABŞ Tayvana daha çox dəstək verəcək və Cənubi Çin dənizində daha inadkar olacaq (bax: əvvəlki mənbəyə).Bu xətt bütövlükdə dünya miqyasında yeni silahlanma yarışına təkan verəcək. Onun əsas iştirakçıları ABŞ, Rusiya və Çin olacaq. Eyni zamanda, strateji təyinatlı silahlarla bağlı imzalanmış sazişlər qüvvəsini itirə bilər. Yekun mənzərə isə aşağıdakı kimi təqdim olunur: qlobal geosiyasi narahat mühit yaranacaq! Bu cür gərgin geosiyasi mühit böyük dövlətlərin və sivilizasiyaların sərhədində yerləşən orta səviyyəli güclər üçün həm yeni şanslar verə, həm də onlara daha fərqli problemlər yarada bilər. Əgər bu güclər arasında bitərəf mövqe tutmağa can atanlar olacaqsa, onlar qarşısında daha çox maneələr yaradıla bilər. Bu keyfiyyətdə "Stratfor" Polşa, Tayvan, Türkiyə, Vyetnam və Hindistanın adını çəkir (bax: əvvəlki mənbəyə).Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "kölgə" strukturu hesab edilən beyin mərkəzinin qlobal geosiyasi dinamikanı bu cür qiymətləndirməsi hansı faktorları aktuallaşdırır? Həm də nəzərə almaq lazımdır ki, "Stratfor" əksər hallarda baş verəcəkləri deyil, Vaşinqtonun istədiklərini dolayısı ilə ifadə edir. Hər şeydən öncə, aydındır ki, Amerikanın siyasi və ekspert dairələri 2018-ci ildə cərəyan edən geosiyasi proseslərdən elə də razı deyillər. Onlar bu cür gedişata Donald Trampın sərt reaksiya verməsinə üstüörtülü haqq qazandırırlar. Çünki proqnozlarda da Vaşinqtonun öz iradəsini yeritmək qərarında olacağını aksiom kimi qəbul edirlər. Deməli, bununla D.Trampın haqlı olduğunu bildirir və bu xəttin 2019-cu ildə daha sərt məzmun kəsb edəcəyi barədə xəbərdarlıq edirlər.Bu xəttin başlıca istiqamətləri də təqdim olunur: Pekin və Moskva! Digər dövlətlərə bunun kölgəsində az və ya çox dərəcədə təsirə məruz qalacaq obyekt olaraq baxırlar. Məsələn, Hindistan özünə sərf edən mövqeni deyil, supergüclərdən birinə sərf edən mövqe tutmalıdır. Və Dehlinin hərəkətlərinə də buna uyğun qiymət veriləcək.Təsəvvür edək ki, Dehli yuxarıda təqdim edilən ssenariyə uyğun deyil, müstəqil bir mövqe seçir. Onda dünya siyasətində nələr baş verə bilər? Məsələnin bu tərəfi "Stratfor"da sistemli araşdırılmır. Bu isə o deməkdir ki, Qərbin siyasi və analitik dairələrində "orta səviyyəli" adlandırdıqları dövlətlərin 2019-cu ildə də müstəqil kurs yeritməsini arzulamırlar. Yəni, faktiki olaraq həmin xətti seçənlərə qarşı xüsusi təzyiq mexanizmləri hazırlanır. Onda 2019-cu ili həm də sanksiyalar və məhdudiyyətlər ili adlandıra bilərik. Çünki ən azından Türkiyə, Hindistan və İran öz müstəqil mövqelərindən çətin ki, imtina etsinlər. Düşündürücüsü odur ki, supergüclər hələ də dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarına deyil, öz maraqlarının təmin olunmasına üstünlük verirlər.Yuxarıda vurğulanan müddəalar prizmasından 2019-cu ildə ABŞ, Rusiya və Çin arasında münasibətlərin məzmunu məsələsinin "Stratfor"un proqnozlarında yerinə nəzər salaq. Vaşinqton hər iki rəqibinə qarşı bütün cəbhələrdə sıxışdırma taktikasını inkişaf etdirəcək. Buraya siyasət, iqtisadiyyat, informasiya sistemləri, ticarət, enerji və hərbi sferalar daxildir. ABŞ rəhbərliyi biznes üçün geosiyasi risklərin güclənməsinə əsaslanaraq bir sıra dövlətlərə qarşı təzyiqləri daha da artıra bilər.Onların sırasında Avropa ölkələri, Yaponiya, Avstraliya, Kanada, Cənubi Koreya və Tayvan vardır. Bu dövlətlərdən Amerika Çin sərmayələrinə daha çox maneə törətmələrini tələb edə bilər. Nəticədə, strateji sahələrdəki ticarətə əngəllər meydana gələr. Məsələn, süni intellekt və G5 şəbəkəsinin yaradılması istiqamətlərində aparılan elmi tədqiqatlar yavaşıyar. Bir sıra şirkətlərin işində fasilələr yaranar və s. (bax: əvvəlki mənbəyə).Onda belə çıxır ki, Amerika Rusiya və Çinə görə bir neçə dövlətə qarşı da addımlar ata bilər. Vaşinqton anlayır ki, Çinin iddiaları o qədər böyükdür ki, ona qarşı təsirli olmaq üçün ümumən dünya sistemini silkələmək lazımdır. O cümlədən yeni texnologiyalar sahəsində Pekinin potensial imkanlarını reallaşdırmağa əngəllər yaratmaq gərəkdir. Bu isə, məsələn, Yaponiya kimi yaxın müttəfiqlərlə də müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Məntiqi olaraq bu dairəni genişləndirsək, ABŞ dünyanın bir neçə dövləti ilə toqquşmalı olur. Buna Vaşinqtonun gücü çatarmı? Məlum deyil və "Stratfor" bu barədə konkret mövqe bildirmir.
İqtisadi-ticari savaş: yeni ssenarilərə doğru
Həmin aspektdə ABŞ-ın Rusiya və Çini saxlamaq taktikası qlobal iqtisadiyyatda ticarət dövriyyəsinin dinamikasına da ciddi təsir göstərə bilər. Hər halda "Stratfor" bu sferadakı prosesləri də vacib qlobal hadisələr sırasında göstərir. Belə ki, ABŞ-la Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasında qarşıdurma güclənə bilər. Bu təşkilatda mövcud olan mübahisələrin həllini bu məqam dalana sala bilər. Nəticədə, ölkələr ticarət mübahisələrinin qarşısını almaq üçün daha çox ikitərəfli müqavilələrə üstünlük verərlər. Burada "Stratfor" bir məqamı ayrıca vurğulayır.Analitik mərkəz hesab edir ki, avtomobillərə olan vergidə Kanada, Meksika, Yaponiya və Cənubi Koreyanın özünə müəyyən kvota almaq imkanı digərlərindən çoxdur. Ancaq Avropa İttifaqı (Aİ) ölkələri üçün bu, çox çətindir. Hətta "Stratfor" yazır: " ... Aİ ilə ABŞ arasında ticarət danışıqları uğursuzluğa məhkumdur" (bax: əvvəlki mənbəyə).Bu, qlobal ticarət dövriyyəsinə ciddi təsir edə biləcək bir iddiadır. Xüsusilə Almaniya ondan daha çox zərər görə bilər. Onun Almaniya iqtisadiyyatına təsiri hiss ediləcək səviyyəyə yüksələ bilər. Bundan çətin ki, Berlin ciddi narahat olsun, ancaq iş yerlərini itirən insanların hansı sosial problem yaradacaqlarını öncədən proqnozlaşdırmaq da asan deyil. "Sarı jiletlilər" prosesi göstərdi ki, qəfildən sakit yerdə çaxnaşma yarana bilər.Bunlara baxmayaraq, "Stratfor"un proqnozuna görə, "Çinə qarşı Amerikanın əlavə vergi siyasətini tətbiq etməsi ticarətdə qeyri-müəyyənliyi gücləndirməsinə baxmayaraq, bütövlükdə qlobal iqtisadiyyat üçün ticarət siyasətinin fəsadları kifayət qədər az olacaq" (bax: əvvəlki mənbəyə). Doğrusu, bu proqnoza inanmaq çətindir. Çünki Çinlə ticari savaşa onlarla dövlət də daxil olursa, bu prosesin qlobal iqtisadiyyata təsiri çox ola bilər.Digər tərəfdən, hətta orta səviyyəli dövlətlər arasında belə iqtisadi-ticari rəqabət sərtdir. Onlar öz maraqlarının təmini naminə daha radikal addımlar ata bilərlər. Deyək ki, Yaxın Şərqdə və Qafqazda "Bir Qurşaq, Bir Yol" layihəsində iştirak üçün ölkələr arasında ciddi yarışma gedir. Bu proses ABŞ-ın ticarət savaşı ilə daha da şiddətlənə bilər. Bu halda qlobal ticarətin ciddi zərər görməyəcəyi haqqında danışmaq nə dərəcədə əsaslıdır?Burada "Stratfor"un proqnozlarında yer almış bir məqamı da xatırlamaq yerinə düşərdi. Analitik mərkəz 2019-cu ildə İtaliya və "Breksit" üçün qorxulu proqnozlar verir. Avrozona üçün 2019-cu ildə ən qorxulu faktorun İtaliyanın populist hökumətinin olacağı proqnozlaşdırılır. Çünki bu ölkənin borclarının artacağı və kövrək bank sisteminin qalacağı təxmin edilir. Roma üçün daha təsirli olan Brüsselin hədələri deyil, maliyyə bazarlarıdır (bax: əvvəlki mənbəyə). Bununla paralel olaraq Brüssel London ilə "Breksit"ə yol verməmək istiqamətində danışıqları intensivləşdirmək niyyətindədir. Lakin Britaniya parlamentinin vetosu bu yolda ən böyük əngəl olaraq qalır.Bu gedişatın qlobal ticarətin dinamikasına təsiri olacaqmı? Bunu nəzərə almamaq sadəlövhlük olardı. Çünki Aİ dünyanın ən böyük iqtisadi güclərindəndir. İtaliya və Böyük Britaniya da "Böyük yeddiliyə" daxildir. Bu iki dövlətin iqtisadi sistemi ayrılıqda deyil, Aİ kontekstində problemlərlə qarşılaşacaqsa, onların dünya ticarətinə təsirinin olmayacağını iddia etmək konstruktiv yanaşma kimi görünmür. Əksinə, yuxarıda vurğulanan məqamlar bütövlükdə 2019-cu ildə Aİ-nin taleyində qeyri-müəyyənliyi artıra bilər.Əgər bu təşkilat növbəti dəfə iqtisadi-maliyyə sisteminin böhranına düşsə, onun təsirlərində risklər həddən çox olacaq. Həm də ona görə ki, proqnozlara görə, silkələnmə prosesi İtaliya və Böyük Britaniya ilə məhdudlaşmayacaq. Zəncirvari olaraq İspaniya, Yunanıstan, Portuqaliya və Şərqi Avropa ölkələri də oxşar vəziyyətlə qarşılaşa bilərlər. Bu halda qlobal iqtisadiyyat və ticarətin aqibətinin qeyri-müəyyən və risklərlə dolu olacağını təxmin etmək çətin deyil.Vurğulanan proqnozların fonunda "Stratfor"un Amerikanın antiiran kampaniyası və enerji ehtiyatlarına dünya bazarında tələbatın artması ilə bağlı irəli sürdüyü təxminlər də düşündürücüdür. Beyin mərkəzi hesab edir ki, 2019-cu ildə ABŞ İranın təcridi siyasətini daha da gücləndirəcək. Eyni zamanda, onu daxildən zəiflətmək xəttini davam etdirəcək. Bununla da Tehran iki istiqamətdən – xaricdən və daxildən təzyiqlər altına alınacaq. Bunu həyata keçirmək üçün, şübhəsiz, Vaşinqton çoxlu sayda ölkələri əhatə edən siyasətini daha da gücləndirməlidir. Məsələn, İranla yaxın əlaqələri olan Rusiya, Çin, Türkiyə və digərlərinə qarşı addımlar atmalıdır.Bu proseslə Səudiyyə Ərəbistanı, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Yaxın Şərqin digər ölkələri də müəyyən dərəcədə təsirlər (o cümlədən təzyiqlər) görə bilərlər. "Stratfor" bu bağlılıqda yazır: "İrana qarşı mövqedə ümumi maraqların mövcudluğu ABŞ ilə Səudiyyə Ərəbistanı arasında yüksək səviyyədə strateji əlaqələri möhkəmləndirə bilər" (bax: əvvəlki mənbəyə). Özü də bu, kral ailəsi daxilində fikir ayrılığı və Camal Qaşıqçı cinayətində şahzadə Məhəmməd bin Salmanın əlinin olması faktının inandırıcı olması fonunda baş verər.İrana qarşı sanksiya və təcrid siyasətinin gücləndirilməsi dünyanın siyasi mühitinə çox ciddi təsir edə bilər. Bu qarşıdurma, şübhəsiz ki, qlobal geosiyasi proseslərdə radikallığı artıracaq. ABŞ-ın Yaxın Şərqin ən güclü dövlətlərindən birinə qarşı sərt və güzəştsiz mövqe tutmaqda davam etməsi Vaşinqtonun ikili standartlar siyasətindən imtina etmədiyi anlamına gəlir. Bunun fonunda Amerikanın hər bir konstruktiv addımı tam olaraq müsbət nəticə verə bilməz. Yəni İrana qarşı sanksiya və təcrid siyasəti tətbiq edildiyi halda Vaşinqton özünün obyektiv, sülhpərvər və barışcıl mövqedə olduğunu kimsəyə sübut edə bilməz. Bu isə 2019-cu ildə qlobal səviyyədə risk məqamının kifayət qədər yüksək olduğunu göstərir. Hətta dünyanın bir sıra dövlətləri bu məsələdə Amerikaya qarşı birləşə bilərlər.Antiiran kampaniyasının fonunda enerji ehtiyatlarına tələbatın artması da kifayət qədər həssas məsələdir. "Stratfor"un fikrinə görə, "Rusiya və Səudiyyə Ərəbistanı enerji bazarında qiymətin aşağı düşməsindən qaçmaq üçün neft hasilatının həcmini diqqətlə izləyəcək, həmçinin İranın icazə olandan çox ixracının verəcəyi nəticələri müşahidə edəcəklər" (bax: əvvəlki mənbəyə).Buna baxmayaraq, İraq və Liviya istehsalı artıra bilərlər. Lakin ABŞ 2019-cu ildə sıxılmış qaz ixracı üzrə ilk üçlüyə daxil olanda, qlobal enerji bazarında əhəmiyyətli dəyişiklik baş verəcək. Bu proses tədricən dünya enerji bazarında qüvvələr nisbətini Amerikanın xeyrinə yeniləşdirər. Bu tendensiyanı İranın təcridi siyasəti ilə birləşdirdikdə, belə nəticə alınır ki, ABŞ Tehran məsələsinə geniş aspektdə yanaşır. Və bu dalğa çoxlu sayda ölkələr üçün yeni problemlər yaradar.
Orta səviyyəli dövlətlər: iki supergücün arasında
“Stratfor”un analitiklərinin Yaxın Şərq kontekstində Türkiyə ilə bağlı 2019-cu il proqnozları da maraqlıdır. Hiss olunur ki, artıq Ankara müstəqil güc kimi qəbul edilir. Lakin onu "orta səviyyəli dövlət" kateqoriyasına aid etməklə supergüclərdən hansının tərəfində olmasından asılı olaraq təkamül yolu seçəcəyini də vurğulayırlar. "Stratfor" bu kontekstdə 2019-cu ildə Rəcəb Tayyib Ərdoğanın daha çox türk iqtisadiyyatının zəif tərəflərini bərpa etməklə məşğul olacağını proqnozlaşdırır.Ankara inflyasiya, işsizliklə mübarizəyə və maliyyə sistemini möhkəmləndirməyə enerji sərf edəcək. Bütövlükdə Türkiyə Polşa və Tayvanla bərabər, siyasi mühitin sərtləşməsindən uyğun strateji mühit yaratmaq imkanı əldə etməyə yaxın olacaq. Bu, daha çox hərbi alyanslar formalaşdırmağa və daha güclü dövlətlərdən xüsusi iqtisadi səmərə almağa yardım göstərə bilər.Maraqlıdır ki, "Stratfor" geosiyasi baxımdan dağıdıcı proseslərin həm də Latın Amerikası qitəsində gedəcəyini proqnozlaşdırır. Burada ABŞ-ın müttəfiqləri və Braziliya ilə Kolumbiyanın timsalında sərt kursun tərəfdarları Venesuela böhranının fəsadlarını müəyyən dərəcədə yumşaldırlar (bax: əvvəlki mənbəyə). Ancaq Argentina bu "ansambldakı ritmi poza bilər". Argentina düşdüyü çətin siyasi vəziyyətdən çıxmaq üçün Braziliya və Kolumbiya ilə eyni mövqedə olmaya bilər. Meksikada da aqressiv-populist mövqedə olanların güclənməsi ilə sərmayə riski artar. Bu halda Amerika qitəsində parçalanma tendensiyası güclənə bilər.Bunun qarşısını ABŞ-ın nə dərəcədə ala biləcəyi aydın deyil. Çünki Amerika qitəsində artıq Çin, Fransa, Türkiyə, Rusiya fəaldırlar. Onların hər birinin öz maraqları var. Xüsusilə Pekin həmin regiona milyardlarla sərmayə qoymaqdadır. Bu vəziyyət həmin qitədə nüfuz bölgüsünü gücləndirir. Belə bir vəziyyətdə ABŞ-ın 2019-cu ildə Latın Amerikası istiqamətində hansı uğurları əldə edə biləcəyi qeyri-müəyyəndir. "Stratfor" məsələnin bu tərəfini xüsusi vurğulayır.Afrika da "Stratfor"un diqqətindən kənarda qalmayıb. Analitik mərkəzin mütəxəssisləri hesab edirlər ki, Efiopiya həmin qitədə aparıcı olmaq potensialına malikdir. Xarici sərmayəçilər həmin ölkəyə axın edə bilərlər. Lakin Əddis-Əbəbənin gücünü daxili çəkişmələr zəiflədə bilər. Orada etniklərarası münaqişələr hökm sürür.Beləliklə, "Stratfor"un proqnozlarına görə, 2019-cu ildə qlobal miqyasda əsas mübarizə Amerika ilə Çin arasında gedəcək. Həmin müddət Vaşinqton üçün Çinə üstün olmaqda son şans kimi qəbul edilə bilər. Obrazlı deyilsə, 2019-cu il ABŞ üçün həm özünün liderliyinin təmini, həm də müttəfiqlərinin maraqlarının qorunması baxımından "imkanların son həddi" kimi xarakterizə edilə bilər (bax: əvvəlki mənbəyə). Bununla yanaşı, proqnozlardan görünür ki, 2019-cu ildə geosiyasi dinamika kifayət qədər mürəkkəb və ziddiyyətli olacaq. Meydana çıxa biləcək yeni məqamlardan biri də supergüclərlə “orta səviyyəli dövlətlər” arasında münasibətlərin fərqli kontekst kəsb etməsi olacaq.Burada başlıca faktorlar kimi iqtisadi-ticari inkişaf xətti ilə yanaşı, siyasi, enerji və hərbi təhlükəsizliklə də əlaqədar fikir ayrılığı özünü göstərə bilər. Ancaq "Stratfor" bu ziddiyyətlərdən çıxış yolundan bəhs etməyib, əvəzində ABŞ-ın öz maraqlarını təmin etmək istiqamətində daha sərt və güzəştsiz mövqe tuta biləcəyindən bəhs edir.Nəhayət, proqnozlarda 2019-cu ili ABŞ-Çin qarşıdurmasında həlledici müddət kimi göstərməklə, əslində, "Stratfor" maraqlı bir tezis ortaya atıb. Onun mənası ondan ibarətdir ki, 2019-cu ildə dünyanın iki ən böyük gücə sahib dövləti qlobal təhlükəsizliyin və beynəlxalq hüquq normalarının təmini üçün deyil, kimin daha güclü olduğunu müəyyənləşdirmək üçün yarışacaqlar. Bu isə dünya siyasətinə xüsusi dinamika verəcək. Təəssüf ki, həmin dinamikada risklər və qeyri-müəyyənliklər daha çox yer tutmağa başlayır. Deməli, bəşəriyyət doğrudan da 2019-cu ildə "narahat geosiyasi mühitdə" gərginlik içində olacaq!P.S. Biz "Stratfor"un Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı proqnozlarını ayrıca məqalədə təhlil edəcəyik.

Newtimes.az

Digər xəbərlər