Analitika

  • 28 645

"Avropa Parlamentinin diqqət yetirməli olduğu proseslər" ÖZƏL-ŞƏRH

image

Avropa İttifaqı ölkələrində hər gün yaşanan media insidentləri və ya Mehman Hüseynovu Avropa Parlamenti üçün hollandiyalı fotobloqqerlərdən fərqli edən nədir? Məsələ ilə bağlı SİA-ya açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, Arxiv axtarmağa ehtiyac yoxdur.

Avropa Parlamentinin diqqət yetirməli olduğu proseslər
Avropa İttifaqı ölkələrində “media azadlığı”nın durumu barədə təsəvvür formalaşdırmaq üçün gündəlik yaşanan hadisələrə nəzər salmaq bəs edir. 2019-cu ilin ilk 18 günündə baş verənləri ciddiyə almaq kifayət edir ki, Avro Parlamentinin üzvləri təşvişə düşsünlər, həyəcan təbili çalsınlar, öz ərazilərində peşəkar medianın xilası üçün addımlar atsınlar.Yanvarın 15-də Berlində radikal sağçı qrupun üzvləri ölkənin aparıcı KİV-lərindən “Tageszeitung” (TAZ), “Frankfurter Rundschau”, və “ARD Hauptstadt”ın jurnalistlərinə hücum ediblər. Hücumlar son dövrlər intensiv xarakter aldığı üçün ciddi narahatlıq yaradıb. Almaniya Jurnalistlər Birliyinin (DJU) rəhbəri xanım Kornelia Berger bildirib ki , bu hücumlar Almaniyada jurnalistlərin hansı vəziyyətdə işlədiklərinin real göstəricisidir: “Bu, Almaniyadakı media azadlığının durumunun göstəricisi və azadlığa qarşı olan basqıların göstəricisidir. Dövlət qurumlarının biganəliyi belə insidentləri stimullaşdırır. Dövlət qurumları bu hücuma öz etirazlarını bildirməli və belə hallara artıq son verilməsi üçün əllərindən gələni etməldirlər”. Təşkilat təmsilçisi təəssüflə qeyd edib ki, oxşar hücumlar Almaniyadan əvvəl İtaliya və Fransada da qeydə alınıb və getdikcə ağır bir prosesə çevrilir.Yanvarın 14-də isə Hollandiyada müstəqil fotojurnalistlər və fotobloqqerlər (yəni, Mehman Hüseynovun bənzərləri) özlərinə qarşı olan neqativ münasibətə etiraz olaraq bəyanat yayıblar. Onlar işləmək üçün şərait yaradılmasını, həmçinin, normal əməkhaqqı ilə təmin olunmalarını istəyirlər. Müstəqil fotojurnalistlərin və fotobloqqerlərin hüquqlarını müdafiə edən həmkarlar təşkilatları (NVF və NVJ) Hollandiyanin müvafiq qurumlarına müraciət edərək müstəqil fotojurnalistlərin heç olmasa ciddiyə alınmalarını, onlarla dialoq şəraiti yaradılmasını, dinlənilmələrini istəyiblər.İttifaq özlərinə qarşı laqeyd, sayğısız münasibətə etiraz olaraq yanvarın 25-də aksiya keçirməyi planlayırlar. Artıq 300 yaxın media nümayəndəsi bu aksiyalarda iştirak edəcəyini təsdiqləyib.Yanvarın 11-də isə Myanmarda “Reuters”in 2 jurnalistindən hər birinə 7 illik həbs cəzası verilib. Onlar araşdırma apardıqları üçün şərlənərək tutulublar.Yanvarın 5-də 20 nəfər fransalı jurnalist məhkəməyə müraciət edərək haqlarının qorunmasında yardım istəyiblər. Bəlli olub ki, 2018-ci il dekabrın 8-də Parisdə “Sarı jiletlilər”in aksiyasını izləyib report hazırlamaq, güc strukturlarının insanlara qarşı vəhşiliklərini lentə almaq istəyərkən, onların imkanları məhdudlaşdırılıb; polis çəkiliş aparan jurnalistlərin nadir çəkilişlərini zorla əllərindən alaraq məhv edib, özlərinə fiziki xəsarət yetirib”. Fransa Jurnalistlər Sendikası dekabrda aksiya keçirərək “jurnalistlərin vəzifələrini yerinə yetirmək üçün bütün imkanlarının məhdudlaşdırıldığını” elan etmişdi.
Gözardı edildiyi üçün təhlükəli hal alan proseslər
Avropa jurnalist təşkilatları tərəfindən hazırlanan statistik məlumatlar göstərir ki, medianın durumu Avropanın mərkəzində, xüsusən, Fransada, Almaniyada, Hollandiyada, Avstriyada, Polşada son illər pisləşməyə doğru gedir. Avropa İttifaqına daxil olan ölkələrdə son 5 il müddətində 13 nəfər jurnalist qətlə yetirilib ki, bunlardan 8 nəfəri Fransanın payına düşür (1 nəfər Bolqarıstan, 1 nəfər Slovakiya, 1 nəfər Danimarka, 1 nəfər Malta, 1 nəfər Polşa, 8 nəfər Fransa).
Bununla paralel olaraq, media mühitini ağırlaşdıran, jurnalist imkanlarını məhdudlaşdıran yeni qanunlar yaradılır. 2018-ci ildə Avropanın əksər ölkələrində xəbər istehsalçılarının kütləvi aksiyaları keçirilib. Polşada, Avstriyada bəyanatlar formasında ictimailəşdirilən problem Macarıstan, Litva, Serbiada kütləvi aksiyalar formasında təzahür edib. 2019-cu ilin ilk günlərində də davam etdirilən bu aksiyaları avropalı həmkarlarımız “Qul qanunu”na etiraz şüarları ilə keçirirlər. Onlar “İctimai yayım” haqqında qanuna son dəyişiklikləri belə dəyərləndirirlər. Media təmsilçiləri hesab edirlər ki, hakimiyyətlər ictimai yayım sektorunu inhisara alır, ifadə azadlığını məhdudlaşdırırlar. Redaksiya müstəqilliyi, jurnalist toxunulmazlığı, ifadə azadlığı meyarları məhdudlaşdırılır.
Bənzər faktlar kifayət qədər olsa da, əlavə sıralamaya lüzum yoxdur. Normalda Avropa Parlamenti bunlardan hər birinə diqqət yetirməli, müzakirələr açmalı, aradan qaldırılması üçün addımlar atmalı idi. Çünki, redaksiya müstəqilliyi, jurnalist toxunulmazlığı, ifadə azadlığı “Avropa dəyərləri” üçün meyardırlar. “Avropa dəyərləri” sırasında ilk yeri söz azadlığı tutur və ifadə azadlığının indiki məhdudlaşdırılması demokratik azadlıqların sürətlə itirilməsi kimi assosiasiya olunur. Beynəlxalq təşkilatların ümumi rəyi budur ki, “Avropada mətbuat azadlığının səviyyəsi son 13 ildə ən aşağı həddə düşüb”.
Maraqlıdır, Avropa Parlamentinin üzvləri bu qədər hadisəni, bu qədər bəyanatı, çağırışı görmürlərmi? Nədən bu hadisələrdən heç birini ciddiyə almır, hər hansı müzakirə keçirilmir, mövqeyini açıqlamır?
Paradokslar
Paradoksal haldır ki, Avropa İttifaqının strukturları, Avropa Parlamenti öz tərkibində olan ölkələrdə baş verən bu proseslərdən heç birinə reaksiya verməyib, müzakirə keçirməyib, problemlərin aradan qaldırılması üçün hər hansı addım atmayıb. Əvəzində AP, nə qədər qəribə olsa da, Azərbaycana “diqqət yetirib”, yanvarın 17-də fotobloqqer Mehman Hüseynovun məsələsini müzakirəyə çıxarıb, Azərbaycan hökumətindən onun dərhal azad olunmasını tələb edən qətnamə qəbul edib.
Növbəti paradoks budur ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu kontekstdə Azərbaycan üzrə müzakirə aparmaq Avropa Parlamentinin səlahiyyətləri çərçivəsində deyil. Əgər Azərbaycan Aİ üzvü deyilsə, Avropa Parlamentinin deputatlarının müstəqil bir ölkənin hakimiyyət orqanlarından kiminsə dərhal azadlığa buraxılmasını tələb etmək hüquqları varmı? Görünən bu ki, Avropa Parlamentinin deputatları öz səlahiyyət çərçivələrini aşırlar.
Diqqət çəkən digər bir məqam Aİ ticarət üzrə komissarı Cecilia Malmströmun müzakirələrdəki çıxışıdır. O, Aİ ölkələri səfirlərinin Mehman Hüseynovla görüşlərinə şərait yaradıldığını bildirib, real duruma aydınlıq gətirmək istəyib, narahatlıqların dialoq yolu ilə aradan qaldırılacağına inandıqlarını da qeyd edib. Amma AP-nin “maxinator deputatları” üçün bu, “yetərli olmayıb”.
Avropa parlamentinin marağı nədir?
Deputat Miguel Urban Crespo “media azadlığı və insan hüquqlarının durumunu nəzərə alaraq” Aİ-nin Azərbaycanla apardığı assosiasiya danışıqlarının dayandırılmasını tələb edib. Bununla da işarə verib ki, Mehman Hüseynov da, media azadlığı da, insan hüquqları da yalnız bəhanədir. Məqsəd bu cür vasitələrdən istifadə edib Azərbaycana təzyiq göstərmək, assosiasiya danışıqları prosesində öz maraqlarının təmin edilməsinə nail olmaqdır. Bu, bir metoddur: Azərbaycan planlaşdırdığı qlobal və regional layihələrin hər biri üzərində müzakirələr apararkən, bənzər proseslərlə üzləşib; “küçədən bir it ölüsü tapılıb”, bu tapıntı insan haqları kontekstində dəyərləndirilib, şişirdilib, qlobal aksiyaya çevrilib, nəticə etibarilə Azərbaycana qarşı təzyiq göstərilməsi, hansısa layihədə aparıcı dövlətlərin maraqlarının təmin edilməsi üçün vasitəyə çevrilib. Bu gün də bənzər hadisə baş verir. Sadəcə bəyanat vermək üçün quraşdırılan bəhanə “ölü it cəmdəyi” deyil, Mehman Hüseynov mövzusudur".

sia.az

Digər xəbərlər