Analitika

  • 23 926

Ermənistanın silahlanma balansı pozulub TƏHLİL

image

Rusiya Ermənistanın maraqlarına məhəl də qoymur

NATO-nun və xüsusən də ABŞ-ın narazılığına baxmayaraq, iyulun 12-də Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almağa başladı. Əslində, Türkiyə Şimali Atlantika Alyansının belə bir vacib və əsas Rusiya istehsalı olan hərbi texnikasını qəbul edən ilk ölkəsi oldu.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Moskva və Ankara arasında Rusiya hava hücumundan müdafiə sistemlərinin, S-400 silahlarının təchizatı ilə bağlı saziş, qlobal geosiyasi əhəmiyyət daşıyır və bənzərsizliyi ilə seçilir. Bu hadisə Ermənistan və Rusiya arasındakı müttəfiq münasibətləri, Qarabağ münaqişəsi və Türkiyənin mövqeyini nəzərə aldıqda, olduqca maraqlı regional bir kontekstə malikdir. Çünki, S-400 hava hücumundan müdafiə sistemlərinin əldə edilməsi regionda əvvəla silahlanma balansının pozulduğunu növbəti dəfə təsdiqləyir və işğalçılıq siyasəti yürüdənlərin hərbi imkanlarını sıfıra endirir. Digər tərəfdən də regionda nəzarət mexanizminin, mövqelərin gücləndirilməsini təmin etməklə proseslərə öz təsirini göstərir.
S-400 hədəflərin, hava hücumlarının aşkar edilməsi və məhv edilməsi üçün kifayət qədər effektiv, kifayət qədər güclü vasitədir
Rusiyanin "Almaz" Elmi-İstehsalat Birliyi tərəfindən yaradılan S-400 Triumph zenit-raket sistemləri dünyanın ən müasir və güclü zenit sistemlərindən biridir. Türkiyə ilə yanaşı, bu kompleksləri Çin və Belarus da əldə edib və Hindistan da gözləmə siyahısındadır.
ZRS S-400 "Triumf", təxminən 400 km məsafədəki aerodinamik və ballistik hava hədəflərini aşkar etmək və məhv etmək üçün hazırlanıb. Daha dəqiq desək, hava hücumundan müdafiə sistemləri geniş bir arealda təsir imkanlarına malikdir. Qeyd olunduğu kimi 400 km heç də az məsafə deyil və hədəflərin, hava hücumlarının aşkar edilməsi və məhv edilməsi üçün kifayət qədər effektiv, kifayət qədər güclü vasitədir.
Başqa sözlə, bu sistemlər həm düşmən təyyarələrini, həm də raketləri məhv etmək üçün hazırlanıb. Sistemin radiusu bu silahı nüfuzlu regional hərbi amilə çevirir. Məsələn, Türkiyənin S-400 hava hücumundan müdafiə raket sistemi Ermənistanla sərhəd yaxınlığında quraşdırılarsa, Ermənistanın bütün hava məkanını əhatə edə bilər və Ermənistan, eləcə də Dağlıq Qarabağ ərazisindəki hava hədəflərini vura bilər. Bu isə o deməkdir ki, Ermənistan tərəfi, işğalçı ölkə bu silahlar qarşısında acizdir.
Bir az daha ətraflı şəkildə ifadə etməli olsaq, Ermənistan tərəfi S-400 silahları ilə silahlanmış Türkiyənin təsir imkanları ilə, nüfuzu ilə hesablaşmaq məcburiyyətindədir. Nəzərə aldıqda ki, Azərbaycanla hərbi əməliyyatların başlayacağı təqdirdə Türkiyə öz müttəfiqi olan Azərbaycanın tərəfində olacaq, S-400 ermənilər üçün qorxulu yuxulara çevrilir desək yanılmarıq.
ABŞ Türkiyənin Rusiyadan S-400 silahlarını alması ilə əlaqədar narahatlıq keçirir
Türkiyə və ABŞ Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daxilindəki hərbi müttəfiqlərdir. Rusiya S-400 satın alınmadan əvvəl Türkiyə də Amerikanın oxşar "Patriot" sistemlərini əldə edə bilərdi, lakin bu əməliyyat Türkiyənin S-400 almaq niyyətində olduğunu bildirdikdən sonra baş tutmadı. Bununla yanaşı, Türkiyə və ABŞ yeni F-35 qırıcılarının verilməsi məsələsində əməkdaşlıq etdi, lakin saziş alınmadı və Türkiyə ən müasir Amerika qırıcılarını nə almayacaq, nə də onların istehsalında iştirak etməyəcək. Bütün bunlara baxmayaraq, ABŞ-ın mümkün sanksiyalarının fonunda, Ankara Rusiyanın S-400 sistemlərini əldə etməyi qərara aldı və bunu reallaşdırdı da.
Qeyd etmək yerinə düşərdi ki, Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə artan gərginliyə baxmayaraq, rəsmi Ankara NATO-dan çıxmaq və müdafiə sistemində köklü bir dəyişiklik etmək barədə bəyanat verməyib. Amma etiraf edilməlidir ki, S-400 ilə bağlı digər narahatlıqlar və ehtiyatlanmalar da var. Məsələn, ABŞ Türkiyənin Rusiyadan S-400 almasından narahatdır. Hətta ehtiyat da edir. Rusiya tərəfi də öz növbəsində NATO təhlükəsizlik sistemi və F-35 qırıcı təyyarələri ilə bağlı bəzi nüansların ortaya çıxmasından ehtiyatlanır.
Bütün bunlarla əlaqədar olaraq Türkiyə, mümkün problemlərin qarşısını almaq üçün əldə etdiyi sistemlərdə düzəlişlər etməyə hazır olduğunu da bildirib. Yəni, rəsmi Ankara ABŞ-ın narahatlığının fərqindədir. Fərqindədir ki, ABŞ Rusiyadan alınan S-400 silahlarına görə Türkiyə tərəfinə qarşı münasibətləri olduğu kimi qala bilməz. Çünki, ABŞ-ın "Patriot" sistemləri, həmçinin F-35 qırıcı təyyarələri ilə bağlı məsələlərin alınmaması, əvəzində Rusiya kimi bir dövlətdən silah alması Türkiyəyə qarşı ehtiyatlanma tələb edir və Birləşmiş Ştatları da məhz bu narahat edir. Həm də ona görə narahat edir ki, artıq bölgədə baş verən proseslərdə Rusiyanın həm silahlarının, həm də özünün iştirakı reallaşır və əvəzində ABŞ bu dəfə regionda müşahidəçi kimi itirak etmək məcburiyyətində qalır.
S-400 hava hücumundan müdafiə sistemini Türkiyəyə satmaqla Rusiya Ermənistanı çox çətin duruma salıb
Bəs Ermənistan necə, nə dərəcədə narahatdır? Ümumiyyətlə, narahat olmağa nə əsas var və narahat olmalıdırmı? Əslində, ermənilərin, ümumilikdə işğalçı ölkənin bu silahların, yəni S-400 qurğularının Türkiyəyə verilməsindən narahat olması tam normal və təbii haldır. Əvvəla ona görə ki, qeyd olunduğu kimi, Ermənistan işğalçı ölkədir və hələ də qonşu dövlətin, Azərbaycanın torpaqlarını işğal altında saxlayır və hər an müharibə qorxusu ilə yaşayır. Məhz müharibə qorxusu, zəbt etdikləri torpaqların geri qaytarılması istiqamətdə hərbi əməliyyatlar təhlükəsi bu işğalçı ölkənin yuxusunu ərşə çəkib. Ələlxüsus, Türkiyə ilə Azərbaycan arasında bir-birinin ardınca keçirilən hərbi təlimlərin fonunda indi Türkiyənin S-400 silahları əldə etməsindən ermənilərin narahatlıq keçirməsi başadüşüləndir. Çünki, işğalçılar çox yaxşı başa düşürlər ki, müharibə və hərbi əməliyyatların başlayacağı təqdirdə Türkiyə tərəfi laqeyid qalmayacaq və sözsüz ki, Azərbaycanın mövqelərini müdafiə edəcək. Belə olan təqdirdə isə S-400 silahları ermənilər üçün dəhşətli bir fəlakət və dərhal məğlubiyyət deməkdir. Hətta bir vaxtlar S-400 silahlarının Azərbaycan ərazisində yerləşdiriləcəyi barədə səs-küy qoparan ermənilər özləri də bunu çox yaxşı başa düşürdülər və bu səs-küy özü qorxunun, məğlubiyyətin öncədən etirafı kimi diqqəti cəlb etməyə bilməz.
Bəlkə də son illərdə Ermənistanın Rusiyadan əldə etdiyi ən əhəmiyyətli silahlar “İsgəndər” raket sistemləri və SU-30 qırıcılar olub. Sonuncu, yəni SU-30 qırıcılar isə, reallıqda hələ də Ermənistana çatdırılmayıb. Doğrudur, "İskəndər" taktiki raket sistemi əhəmiyyətli təsirə malik qurğudur və bu silah sayəsində Ermənistan Azərbaycanla silah yarışında tarazlığı qorumağa çalışır. Əslində, nəzərə alsaq ki, Azərbaycanın da "İskəndər" taktiki raket sistemi, eləcə də digər qurğuları var və daha geniş imkanlara malikdir, cəsarətlə demək olar ki, Ermənistan silah sahəsində tarazlığı qoruya bilməz və Azərbaycandan dəfələrlə geri qalır. Məhz bunu başa düşən iğalçı dövlətdə indi yaranan narahatlıq məhz S-400 silahlarının Türkiyəyə satılmasından sonra özünü biruzə verməyə bilməzdi. Belə bir təzahür isə deyilənləri təsdiq edir və bir daha isbatlayır ki, Ermənistan Azərbaycanla silah səhəsində tarazlığı qoruya bilməyib, tarazlıqda deyil və bu həyəcan, bu narahatlıq da elə ermənilərin geriləməsi səbəbindəndir.
İndi Ermənistan mətbuatı belə bar-bar bağırır və etiraf edir ki, S-400 hava hücumundan müdafiə sistemini Türkiyəyə satmaqla Rusiya faktiki olaraq Ermənistanı çox çətin duruma salıb. Ermənilər bir qədər əvvəl Rusiyanın Azərbaycana S-300 PMU2 hava hücumundan müdafiə sistemlərini satmasından da narahat olmuşdularsa da bu silahların əvəzinə onlarda "İskəndər" taktiki raket sistemi olduğunu deyərək müəyyən qədər təskinlik əldə etmək istəyirdilər. Amma indi etiraf edirlər ki, Türkiyə ilə Azərbaycan arasındakı müttəfiq münasibətləri və Ankaranın Qarabağ məsələsindəki mövqeyinin fonunda, Türk C-400-ləri Ermənistanla Azərbaycan arasındakı silah yarışındakı tarazlığı əhəmiyyətli dərəcədə pozur.
Ermənilər hazırda Türkiyə ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasından da narahatlıqlarını gizlətmirlər. Hətta tarixən dəyişən hadisələrə nəzər salaraq, istinad edərək bu münasibətlərin pozulmasını da arzuladıqlarını açıq-aşkar biruzə verirlər. Hazırda Ermənistan mətbuatında, məsələn lragir.am saytında qeyd olunur ki, tarixi təcrübəyə nəzər saldıqda Türkiyə Rusiya münasibətlərinin kəskin şəkildə dəyişməsinin mümkünlüyü də reallığa bənzəyir. Erməni mətbuatı eyni zamanda buna əsas olaraq Türkiyənin NATO tərkibində olduğunu və oradan çıxmaq niyyətində olmadığını da əsas gətirib erməni ictimaiyyətini inandırmağa çalışır. Amma ən azından, Rusiyanın Ermənistan ərazisi ilə birlikdə burada yerləşdirilən Rusiya hərbi bazasını əhatə edən və təhdid edən hava hücumundan müdafiə sistemini Türkiyəyə satması bütün bu təbliğatın puç olduğunu təsdiqləyir.

sia.az

Digər xəbərlər