Analitika

  • 185 927

74-cü sessiya: Birləşmiş Millətlər Təşkilatı və bəşəriyyəti gözləyən təhlükələr

image

Dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatının Baş Assambleyasının 74-cü sessiyasına ekspertlər müəyyən mənada ümidlə baxırdılar. Yüksək tribunadan bəşəriyyəti "sakitləşdirə biləcək" nikbin tezislərin və çağırışların səsləndirilməsi gözlənilirdi. Lakin Baş katib Antonio Quterreş çıxışında dünyanı yeni müharibə təhlükəsinin gözlədiyini ifadə etməklə vəziyyətin mürəkkəbliyini vurğulamış oldu. Böyük dövlətlərin başçılarının da çıxışlarında yer almış fikirlər narahatlıq yaratdı. Onlar bəşəriyyəti təhdid edən problemlərdən danışdılar, lakin çıxış yollarından bəhs edən olmadı. Sanki böyük dövlətlərin hər biri dünyada mövcud olan risklərə öz maraqlarına uyğun tərzdə toxunurdular. Bu cür mövqedən isə ortaq yanaşma formalaşdırmaq çox çətindir. Bu kimi aktual məsələlərin fonunda BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi müzakirələrində irəli sürülən fikirlərin təhlilinə ehtiyac gördük.
Sadalanan problemlər: artan risklər fonunda
BMT-nin Baş Assambleyanın növbəti sessiyası qlobal geosiyasətin nəbzini tutmaq üçün maraqlı proseslərə səhnə oldu. Dünyanın bir çox dövlətlərinin başçılarının ali tribunadan ifadə etdikləri fikirlər dünyada vəziyyəti qiymətləndirmək üçün əhəmiyyətli istiqamətlər verdi. Etiraf edək ki, burada nikbinlikdən çox bədbinlik mövcuddur. Çünki natiqlərin demək olar ki, hamısı mövcud problemlərdən bəhs etdilər. Bundan başqa, liderlər həmin problemlərin həlli üçün ortaq mövqenin seçilməsi məsələsini də nəzərdən keçirmədilər. Hər kəs çətinliklərdən öz bildiyi kimi danışdı.Belə təəssürat yaranır ki, dünya bütövlükdə çətinliklər, risklər və təhdidlərlə doludur, lakin ona qarşı qüvvələri birləşdirmək iradəsi demək olar ki, yox dərəcəsindədir. Xüsusilə güclü dövlətlərin başçılarının nitqlərində belə bir ruh ancaq ümumi səviyyədə ifadə olunurdu. Onlar konkret təkliflər irəli sürməkdən sanki çəkinirdilər. Və ya hər böyük dövlət öz baxışlarını ifadə edir və digərlərini ona uyğun mövqe tutmağa səsləyirdi.Həmişə olduğu kimi, Baş Assambleyanın iştirakçıları ABŞ Prezidentinin hansı fikirləri söyləyəcəyini maraqla gözləyirdilər. Donald Tramp öz ampluasına uyğun olaraq sərt, kəskin, konkret və açıq fikirlər ifadə etdi. O, Amerikanın dünyanın ən qüdrətli dövləti olduğunu bəyan edib, milli maraqların təmin edilməsi üçün atılan addımlardan bəhs etdi. ABŞ-ın dövlət başçısı ölkəsinin dünyanın başqa dövlətlərindən daha qiymətli olduğunu da dolayısı ilə ifadə etməkdən çəkinmədi. Bunun üçün Amerikanın sosial, iqtisadi və hərbi inkişafının ön sırada dayandığını vurğuladı.D.Trampın dediyi tezislər içərisindən birinə ekspertlər ayrıca diqqət yetirirlər. ABŞ dövlət başçısı deyib ki, "Gələcək qlobalistlərin deyil, vətənpərvərlərindir. Gələcək öz vətəndaşlarını müdafiə edən, qonşularına hörmətlə yanaşan və hər bir ölkəni unikal edən, xüsusi edən fərqlərə hörmət göstərən suveren müstəqil dövlətlərindir".Amerika Prezidentinin bu fikirlərində Qərb siyasiləri üçün standart sayılan liberalizm, demokratiya kimi anlayışlar deyil, "vətənpərvərlik", "mili dövlətçilik", "qonşu ölkələrə hörmətlə yanaşma" kimi ifadələr yer alıb. Bunlar təsadüfi deyil, qlobal miqyasda müşahidə edilən trendlərin bir qismidir. Ancaq D.Trampın dediklərinə nə dərəcədə əməl etməsi məsələsi elə də aydın deyil. Məsələn, D.Tramp türk vətənpərvərliyinə necə baxır və ona qarşı olan qəsdlərə necə reaksiya verir?Bundan başqa, əgər qonşu ölkələrə hörməti ilk sırada görürsünüzsə, mütləq Ermənistanın qonşu Azərbaycanın ərazisinə və mədəniyyətinə olan təcavüzünün qarşısını real olaraq kəsməyə çalışmalısınız. Bunun əvəzində isə digər böyük dövlətlərin bir qismi kimi, Amerikanın təcavüzkar Ermənistana 100 milyonlarla ABŞ dolları həcmində yardım etdiyini görürük. Ziddiyyət haradadır: Amerika Prezidentinin məntiqində, yoxsa ikili standartlar siyasətində? Və belə bir vəziyyətin qaldığı vaxtda dünya geosiyasətində hansısa müsbət və köklü irəliləyiş ola bilərmi?
Sülhə dəstək və terrorla mübarizə: ikili standartların məngənəsində
Onun sonrakı fikirlərinin birində də nəzəri yanaşma ilə praktiki fəaliyyət arasında bir uyğunsuzluq özünü göstərir. D.Tramp sözlərinə davam edərək vurğulayır ki, "hər bir ölkənin öz sərhədlərini qorumaq hüququ vardır". Çox yaxşı. Bəs onda hansı səbəbə görə, Azərbaycana ərazi bütövlüyünü bərpa etməkdə maneələr yaradılır? Bu, üç istiqamətdə edilir. Birincisi, qadağan edirlər ki, hərbi əməliyyatlar olmaz. Yəni pozulmuş sərhədləri ancaq danışıqlar yolu ilə bərpa etmək mümkündür. İkincisi, danışıqlarda vasitəçi olan ATƏT-in Minsk qrupunun artıq 25 ildən çoxdur ki, süründürməçi, səmərəsiz, dişsiz, ikili standartlardan yanaşma siyasətini dəyişmirlər. Özü də bu quruma həmsədr ölkələr ABŞ, Rusiya və Fransadır. Deməli, sözdə hər bir suveren dövlətin öz sərhədini qorumaq hüququ vardır. Lakin bu, Amerika və ya Fransa, yaxud Rusiya üçün bütün vasitələrdən, o cümlədən hərbi əməliyyatlardan istifadə etməyi ehtiva edirsə (məs., Meksika ilə sərhəddə divar tikintisinə dair qərarın müəllifi Amerikadır, Suriyada milli təhlükəsizliyini qoruduğunu deyən ABŞ, Fransa və Rusiya aktiv şəkildə hərbi əməliyyatlar aparırlar), Azərbaycanın öz ərazisini işğaldan azad etmək üçün hərbi əməliyyat keçirməsinə qadağa qoyurlar. Bu, hansı prinsipə uyğundur: ədalətəmi, müasirliyəmi, demokratiyayamı, insan haqlarınamı…?Bu baxımdan Böyük Britaniya, Fransa, Rusiya, Almaniya və bir sıra başqa böyük dövlətlərin təmsilçilərinin mövqeləri ABŞ-dan elə də fərqlənmir. Onların BMT-dəki çıxışlarının məzmunu da bunu təsdiq edir. Həmin prosesin fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqi çox böyük maraq doğurdu. Türkiyənin dövlət başçısı tam obyektiv mövqedən dünya üçün aktual olan məsələləri analiz edərək yenə də "dünya beşdən böyükdür" tezisini xatırladı. O, dənizdə boğulan kürd uşağının cansız bədəninin fotosunu göstərərək müraciət etdi: bu ədalətsizliyin günahkarı kimdir?R.T.Ərdoğan müsəlman ölkələrə qarşı yürüdülən ikili standartlar siyasətinə etiraz edərək Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi zərurətini bir daha vurğuladı. Dünyanın müxtəlif regionlarında müsəlmanlara qarşı aparılan radikal siyasəti, silahlı təcavüzləri kəskin pislədi. Bununla nümayiş etdirdi ki, Türkiyə bütün dünyanı və insanlığı əhatə edən, problemlərin ədalətli həlli istiqamətində fəaliyyət göstərən bir dövlətdir. Türkiyə Prezidenti ifadə etdi ki, "ədalət, əxlaq və vicdan əsasında yenidən təşkilatlandırılacaq bir Birləşmiş Millətlər insanlığa yenidən ümid verəcəkdir".Bunların fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT ilə regional və subregional təşkilatlar arasında sülhə dəstək və terrorizmə qarşı mübarizə kontekstində nitq söyləməsi maraq doğurub. S.Lavrov dünyada mövcud olan bir sıra problemləri xarakterizə edərək, BMT ilə regional və subregional təşkilatların sülh uğrunda və terrorla mübarizədə ortaq hərəkət etməsi zəruriliyini əsaslandırdı. Bu zaman o, MDB, KTMT və ŞƏT-in adını çəkdi. Bunların ilk ikisi Rusiyanın Avrasiyada inteqrasiya modelinə, üçüncüsü isə Moskvanın aktiv iştirak etdiyi bir çox dövlətləri birləşdirən təşkilatdır. Əlbəttə, bu potensialdan istifadə etmək lazımlıdır. Lakin, nədənsə, S.Lavrov da Cənubi Qafqazda təcavüzkar siyasət yeridən və Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistana bu təşkilatların BMT ilə birgə təsir etməli olduğunu demədi. Konkret olaraq, S.Lavrovun arzuladığı sülhə dəstək və terrorla mübarizə çərçivəsində həmin təşkilatlar BMT ilə birlikdə Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin tələblərinin yerinə yetirilməsinə başlaya bilərlər. Lakin bu məsələdən heç söz belə açmırlar. Niyə?Onu da vurğulayaq ki, BMT-nin yüksək tribunasından dövlət başçıları İran məsələsi ilə də bağlı fikir bildiriblər. Məsələn, Fransa Prezidenti Emmanuel Makron Vaşinqton və Tehranı dialoqa səsləyib. Donald Tramp isə İranı böyük təhlükə hesab etdiyini deyib, ona qarşı mübarizəyə çağırıb. Bunlar, əslində, dünyanın yeni və uzunmüddətli müharibə təhlükəsi ilə üz-üzə dayandığını ifadə etmirmi? Bir tərəfdən əməkdaşlığa, sülhə, inkişafa səsləyir, digər tərəfdən isə BMT tribunasından müsəlman dövlətlərdən birini təhlükə kimi elan edib, ona qarşı müharibəyə çağırırlar. Bu da bir ziddiyyət deyilmi? BMT-nin geniş islahatlar həyata keçirməli olduğuna işarə deyilmi?Beləliklə, BMT Baş Assambleyasının 74-cü sessiyası bir daha dünyanın yeni nizamının formalaşması zərurətini ortaya qoydu. Onun reallaşması üçün bütün dövlətlərin gücü bir yerə toparlamasının lazımlığını nümayiş etdirdi. Ancaq praktikada konkret addımların atılması üzərində dayanılmadı.

Newtimes.az

Digər xəbərlər