Köşə

  • 15 724

Arxı keçməmiş "hop" demək...

image

Qrant bataqlığında boğulan, parçalanmalardan və didişmələrdən başı ayılmayan, sosial bazasını tamam itirən və seçkiqabağı gücsüz duruma düşən müxalifət düşərgəsi yenidən fəallaşıblar. Necə deyərlər, onların uzun illərdir ki, pas atmış və kiflənmiş bu metodlarını 2018-ci ildə keçiriləcək prezident "seçkisinə hazırlaşmaq" imitasiyası da adlandırmaq olar. Hətta düşərgə daxilində "çay gəlməmiş çırmanan". "Arxı hop" deməmiş hoppanan partiyalar da var.

Bu arada, ortaya atılan birgə fəaliyyət ideyaları da özünə tərəfdar tapmayıb. Bir sıra müxalifət partiyalar hələ bir neçə ay öncədən heç bir birliyə qoşulmayacaqlarını bəyan ediblər. Bəzi partiyalar birliklərə qoşulacaqlarını desələr də, daxillərində ciddi inamsızlıq hökm sürür. Məsələn, Müsavat partiyası, davamlı olaraq, ortalığa müxalifətin birliyi ilə bağlı ideyalar irəli sürür. Uzun müddətdir ki, başı daxili qarşıdurmalardan açılmayan Müsavat əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də ayılıb görəcək ki, artıq seçkilərə az vaxt qalıb, amma partiyanın ortalıqda heç bir hazırlıq kampaniyası və ya platforması yoxdur.
Azərbaycan Milli İstiqlal Partiyasının mərkəzi şurasının üzvü Əli Orucov bildirib ki, bütün seçkilərdə qabaqcadan özünü "qalib" kimi qələmə verir, daha doğrusu, arxı keçməmiş "hop" deyənlər seçki məqamında biabırçı hala düşürlər: Müxalifət seçkiyə dağınıq və pərakəndə halda gedir, bu seçkidə də belə olacaq. 10-11 aya belə ağır prosesə hazırlaşmaq və uğur qazanmaq müşkül məslədəir. Çünki qeyri-iqtidar düşərgəsinin bütün resursları tükənməkdədir".
Düüşərgədə Müsavatın 2018-ci il seçkilərinə hazırlıq işləri ilə bağlı partiyanın funksionerlərinin seçki məsələsində fərqli mövqe nümayiş etdirəcəkləri də bildirilir. Bəziləri Müsavatın seçkilərdə iştirak etməsini istəyir, digərləri isə bu addımın partiyanın tamam rüsvay olacağına gətirib çıxaracağını düşündüklərindən bunun əleyhinə çıxırlar.
Amma məsələ belədir ki, Müsavat başqan A.Hacılının özü də, hələ ki, tərəddüd edir. O, bu günə qədər seçki mövzusunda bir neçə dəfə fərqli fikirlər söyləyib. Buna baxmayaraq, Müsavat böyük ehtimalla seçkilərə qatılacaq.
Amma ənənəvi müxalifət düşərgəsində gedən proseslər də göstərir ki, buna ümid etməyə dəyməz. Ə.Orucovun dediyi kimi, seçkilərdə müxalifətin dağınıq halda iştirakı indidən görünür. Belə olan halda, radikalların kiçik elektoratı daha çox yerə parçalanacaq və "bir nəfərin payı, iki nəfəri ac qoyacaq".
Hazırda əksər müxalifət partiyaların seçkilərdə iştirak edəcəyi bəyan olunub. Bu partiyalar hazırda ölkədə maddi-texniki imkanlarını və sosial bazalarını saf-çürük etməklə məşğuldurlar. Seçkidə iştirakı sual altında olan partiyalar isə, hələ ki, ortalıqda döyükə-döyükə qalmaqda davam edirlər.
Bir para partiyalar da var ki, seçkilərlə bağlı hərdənbir bəyanatdan-zaddan guppuldadırlar. Amma onları ciddiyə almaq olmaz.
Beləliklə, hazırda müxalifət düşərgəsində yaranmış durumu nəzərdən keçirdikdə, aydın olur ki, siyasi partiya və blokların heç birinin seçkidə YAP-a rəqib olacaq gücdə namizədləri və siyasi reytinqləri yoxdur. Bu səbəbdən də, seçki prosesi müxalifət və onların liderləri üçün ancaq gündəmdə qalmaq və özünü reklam etmək imkanı qazanmaqdan başqa heç nəyə xidmət etməyəcək.

RƏFİQƏ

Digər xəbərlər