Bəlkə Müsavatı da Ərdoğan idarə eləsin?

Arada-bir ənənəvi müxalifət partiya sədrlərinin heç bir məntiqi əsası olmayan fikirlərlə "bəyanatlar" verməsi əslində, bir daha sübut edir ki, bunların meydan təfəkkürləri dəyişməyib. Hələ milli azadlıq mücadiləsi dövrlərində - 80-ci illərin axırlarında və 90-cı illərin əvvəllərində müxtəlif xarici kəşfiyyatların torlarına düşərək, ortaya çıxan bu meydançaların o vaxtlar ictimailəşdirməyə çalışdıqları şüarları bu gün də yadımdadır. Məsələn, o vaxtlar belə bir fikir ortaya atmışdılar ki, "İranın Azərbaycan ostanlıqları qiyama qalxıb Azərbaycana birləşsin, sonra da Azərbaycan Türkiyəyə birləşsin" (?). Halbuki, mitinqlərdə İranın bayraqları da dalğalandırılırdı. Yaxud "Türkiyə Ermənistana ordu yeritsin"... (?). Hələ bu harasıdır ki? AXC-Müsavat hakimiyyəti zamanı prezident olmuş Əbülfəz Elçibəy Türkiyəyə etdiyi rəsmi (!) səfərində bəyan etmişdi ki, "yaxın vaxtlarda Türkiyənin bayrağı Çində dalğalanacaq" (???!!!). Nəticədə, Çin Türkiyəyə nota göndərmişdi ki, həmin ölkədə belə bəyanatların səsləndirilməsi yolverilməzdir. Bu cür şüar və bəyanatların sayı çoxdur və zaman keçdikcə, dünyanın siyasi ab-havası dəyişdikcə, geopolitoloji fikirlər müasirləşdikcə, onlar daha da köhnəlir və tarixin arxivində özünə yer tapırlar.

Bu günlərdə Müsavat partiyasının başqanı Arif Hacılının məntiqsiz çağırışı sən demə həmin fikirlərin heç də arxivə gömülmədiyini göstərir. Yuxarıda da, qeyd etdiyim kimi, bunların meydan təfəkküründən kənara çıxa bilməmələri necədirsə, elə də qalmaqdadır. Yəqin ki, bir çoxları A.Hacılının öz feysbuk səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Dağlıq Qarabağı işğaldan azad etmək üçün türk ordusuna əmr verməyə çağırışını oxudu. Mən də oxudum və növbəti dəfə əmin oldum ki, bu adamlardan, necə ki, əvvəllər dövlət adamı çıxmadığı kimi, elə indi də, sonrakı illərdə də çıxmayacaq! Sən illərdir ki, müxalifətin "anası" olan bir partiyanın rəhbəri olduğunu iddia edəsən, hakimiyyətə yiyələnmək üçün siyasi mübarizə apardığını deyəsən, axırda da bir ölkənin siyasi təşkilatı adından digər bir ölkəyə ağız açasan ki, gəl mənim yerimə torpaqlarımı düşməndən azad et! Nə qədər məntiqsiz və sərsəm bir bəyanatdır! Allah eləməmiş, A.Hacılı hakimiyyətdə olsaydı, görün hansı həngamələrdən çıxmış olardı..!
Beləliklə, A.Hacılının bu çağırışı, nəinki rəqib düşərgədə,hətta müsavatçılar arasında da istehza doğurub. Partiya sədrinin başqa bir ölkənin prezidentindən əmr verməyi istəməsi qeyri-ciddi qarşılanıb. Bununla yanaşı, Müsavat başqanının gülünc bəyanatının özbaşına vermədiyini də iddia etmək olar. Yəni o, bu sərsəm fikirlərini işlətməmişdən öncə, heç də özündən fərqlənməyən sabiq başqan, yaxud Müsavatı A.Hacılının arxasından idarə edən İsa Qəmbər vasitəsi ilə hazırlayıb. Bu isə, bir daha təsdiq edir ki, qozbeli qəbir düzəltmədiyi kimi, onları da müasir dünya siyasəti düzlətməyəcək. Özlərini daim xalqdan təcrid edən, xalqı yalnız şəxsi abmisiyaları, maraqları üçün seçən, mitinq və piketlərinin rüsvayçı sonundan sonra yenə də özlərini deyil, məhz xalqı günahkar çıxaran bu ünsürlərin inkişaf, dərketmə səviyyələri elə 90-cı illərdə ilişib qalıb. Həm də o qədər xarici kəşfiyyatlara işləyiblər ki, indi də bənzər fikirləri ilə hansısa xarici təşkilatlar qarşısında xal toplayacaqlarını sanırlar.
Ancaq əsl reallıq, gerçəklik budur ki, Azərbaycan öz torpaqlarını şanlı silahlı qüvvələri ilə azad edəcək! Düzdür, Türkiyə də daxil olmaqla, Azərbaycan bir çox ölkələrlə hərbi əməkdaşlıq edir, silahlar alır, ordu potensialını daha da gücləndirir. Amma bu, o demək deyil ki, həmin ölkələr gəlib bizim yerimizə işğal olunmuş ərazilərimizi düşməndən azad edəcək. Bax, həqiqət də budur ki, A.Hacılı və onun kimi düşünənlər heç vaxt əsl həqiqəti dərk etməyiblər. Çünki həqiqəti dərk etmək üçün normal düşüncəyə sahib olmaq gərəkdir. Bu amil isə, göründüyü kimi, belə ünsürlərdə olmayıb və olmayacaq da. Ona görə də, Allah A.Hacılıya və onun kimi düşünənlərə normal ağıl versin...

P.S. Hə, unutmuşdum az qala, deyirəm, ay Arif bəy, bəlkə cənab Ərdoğandan xahiş edəsən ki, Müsavatı da o idarə eləsin?