Köşə

  • 28 962

Mişel Obama mənə "hello" yazdı

image

Amerika Birləşmiş Ştatlarının keçmiş birinci ledisi Mişel Obama məni qonaq çağırıb. Yəqin ki, bu sözləri oxuyanların bəziləri dodaq büzdü, təəccüblə kölgəni qılınclayanlar və atmaca atanlar da oldu. Məsxərə tipli fikirlər deyib, qəşş edib, uğunub gedənlər də oldu. Deyən lazımdır, qardaşım, anam, bacım, niyə? Bəyəm, bizə halva yemək haramdır? Yoxsa motal yağı yesək, qarnımız ağrıyar? Bəyəm, bizlər böyük-böyük zadlarla bir masa arxasında oturub, söhbət edə bilmərik? Bir də ki, axı Mişel Obama artıq ABŞ-ın birinci ledisi deyil. Artıq o, eks-prezident Barak Obama ilə birlikdə Havay adalarında yaşayırlar.

O günləri marağa faacebuk vasitəsi ilə, xarici ölkələrdəki şan-şöhrətli və vəzifə sahibi olan bir neçə şəxsə dostluq mesajı atmışdım. Dostluq mesajı göndərdiyim şəxslərdən biri də Mişel Obama idi. Dərhal qəbul etdi. Yazdı ki, "hello". Bu sözdən çox təsirləndim, yazı-pozu içində başımı qaldırıb, bir xeyli fikrə-xəyala daldım. Deməli, irəliləyiş var. Yadıma tanıdığım qonşu kənddəki dəyirmançı Bahadurun oğlu Nicat düşdü. Deməli, bu adam qoyundan-quzudan satıb, Kanadaya getmişdi. Metronun yanından keçəndə, görür ki, baş nazir Kastin Trudo velosipeddən düşüb, metroya minmək üçün pilləkənlərə doğru addımlayır. Nicat da vaxtı fövtə verməyib, qaçıb baş naziri haqlayıb. Səmimi söhbətdən sonra, yeni tanışlar selfi çəkdiriblər. İnanın, hal-hazırda dəyirmançının oğlu Nicat kəndin ən sayılıb-seçilən tanınmış simalarındandır. Heç işləyib eləmir də. K.Trudo ilə çəkdirdiyi şəklini evinin girişindən asdığından, tanıyan-bilənlər, küçədən gəlib keçənlər ona beşdən-üçdən verirlər. O günləri dostlardan bir deyir ki, Nicat özünə maşın alıb.
Başqa bir misal da çəkim. Həyatımızın ayrılmaz hissəsi olan sosial şəbəkələrdən oxuyuram ki, bəzi diribaş ictimai fəallar Böyük Britaniyanın baş naziri Devid Kemeronla, Hollandiyanın baş naziri Mark Ryutte, Norveçin baş naziri və Mühafizəkarlar Partiyasının sədri Ema Sorbeqlə görüşüb, söhbət ediblər. Hətta Mövsüm adlı sosial şəbəkə istifadəçisi iddia edirdi ki, Ema Sorbeqlə restorana gedib yeyib-içiblər də. Ən maraqlı və diqqətçəkən görüş isə Rüstəm adlı soydaşımızın Amerikanın tanınmış modelyeri Kim Kardaşyanla görüşüdür. Rüstəm iddia edir ki, Vaşinqtonda barların birində Kim Kardaşyanla birbaşa ünsiyyət qurub, içki içib və rəqs ediblər. Erməni haxçi necə Rüstəmin ünsiyyətcil olmasına vurğun olubsa, Koçaryan o yana dursun, Sarkisyanın bütün əcdadını söyüb-təhqir edib. Deyilənə görə, hal-hazırda erməni haxçi açıq şəkildə bəyan edir ki, iti görüm-qurdu görüm, amma erməni nəslindən olan bir kimsəni görməyim. Açığı Rüstəm soydaşımızın gedişini təkrarlamaq kasıb və imkansız birisi olan mənim kimilər üçün çox çətindir. Ancaq nəzərə almaq lazımdır ki, Kim Kardaşyan bir növ bizim şou mütrübləri kimi bir şeydir. Yəni onun üçün əsas yeyib-içib şellənməkdir, amma Mişel Obama çox ciddi və sərt adamdır. Düzdür, hərdən o da Barak Obamanın razılığı ilə tanqo rəqsi oynayır. Amma bu, davamlı olmadığından, ona şübhəli nəzərlərlə baxmaq olmaz. Bir sözlə, mənim qonaq qismində Mişel Obama tərəfindən Amerikaya dəvət olunmağıma təbii yanaşmaq lazımdır. Yəqin ki, Barak Obama Donald Tramp kimi dəli-dolu olmadığından, bu qonaqlığa heç də etiraz etməyəcək. Ehtimal var ki, Barak Obama düzənlənəcək məclisdə yuxarı başda oturub, bir tost da deyəcək. Bu, bir ümiddir, bəzən deyirlər ki, yeməkdənsə, ümid yaxşıdır.

Digər xəbərlər