Mədəniyyət

  • 6 047

Azərbaycan kinosu yeni inkişaf mərhələsində

image

Azərbaycan kino sənəti müasir dövrümüzdə yeni mərhələsini yaşayır. Zəngin irsi əsasında inkişafda olan milli kinomuz dünya ölkələrində layiqli şəkildə təmsil olunur, mükafat və diplomlarla təltif edilir. Bu, Azərbaycan kinosunun dünyada özünün təsdiqi dövrünü yaşaması deməkdir. Bu filmlər sırasında "Salnamə" kinostudiyasının istehsalı olan filmlərin də yeri var. Xronikal-sənədli, elmi-kütləvi və tədris filmləri birliyinin bazasında yaradılan "Salnamə" kinostudiyası "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Studiya bu günə qədər saysız filmlərə ekran həyatı bəxş edib. Belə ki, burada "100 ilin astanasında", "Ağ saçların işığında", "Ağdam bu gün, sabah", "Heydər Əliyev. Dünyaya pəncərə", "Heydər Əliyev vətənin keşiyində" və s. filmləri istehsal edilib. Belə yaradıcılıq yoluna malik studiyanın kollektivi ilə təmasda olub uğur və nailiyyətlərini qələmə aldıq.

"Salnamə" kinostudiyasını direktoru, əməkdar incəsənət xadimi Böyükağa Məmmədov:

- Ötən əsrin 90-cı illərinin əvvəllərindən fəaliyyətdə olan "Salnamə" studiyası qısa zamanda bir sıra filmləri istehsal edərək, uğurlar qazanıb. Studiyanın əsas məqsədi dövlət əhəmiyyətli tədbirləri kinolentə köçürməkdir. Bu günə kimi postsovet məkanında yaşanılan xrnonikanı lentə alıb və zəngin arxivə malikdir. Studiyanın əməkdaşları tərəfindən Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən bütün dövlət əhəmiyyətli tədbirlər lentə alınır. Belə kinostudiyaya rəhbərlik etmək mənim üçün qürürlandırıcıdır. Studiyada yaradıcı potensiala, zəngin təcrübəyə və istedada malik kollektiv çalışır. Yaradıcı heyətin birgə fəaliyyəti nəticəsində uğurlar bizi müşayiət edir. Onların fəaliyyətinin şaxələnməsi, effektli ekran əsərlərinin ərsəyə gəlməsi üçün burada lazımi şərait mövcuddur. Bildiyiniz kimi, ölkə başçısı tərəfindən mədəniyyət və incəsənətimiz böyük diqqət və qayğı ilə əhatə olunub. Mədəniyyət ocaqlarının tikintisi, bərpa və təmir etdirilməsi sahəsində böyük işlərə imza atılıb. Dövlət Film Fondu dünya standartlarına uyğun müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verildi. Müxtəlif ölkələrdən gələn nümayəndələr Dövlət Film Fondunun qonağı olarkən təəccübünü gizlədə bilməyərək belə müasir tələblərə cavab verən müəssisəyə hələ təsadüf etmədiklərini söyləyiblər. Bu, reallıqdır. Bildiyimiz kimi, kinostudiya da təmir olunacaq və müasir, dünya standartlarına uyğun avadanlıqlarla təchiz ediləcək. Bu gün dünya kinosunun necə imkanlara malik olması bizlərə bəllidir. Bu baxımdan bizim kinostudiya da dünya standartlarına uyğun olan şirkət kimi fəaliyyətə başlayacaq.

"Salnamə" studiyası mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin köməyi sayəsində təmir edilib, lazımi avadanlıqlarla təchiz olunub. Belə diqqətin nəticəsi olaraq, üzərimizə düşən məsuliyyət bizi daha da böyük potensial və tələbkarlıqla işləməyə sövq edir. Təkcə son iki il ərzində "Salnamə" kinostudiyası tərəfindən 25-26 sənədli film istehsal olunub. Bu filmlər Tofiq İsmayılovun, Ziya Şıxlınskinin, Mehriban Ələkbərzadənin, Tahir Əliyevin və başqa tanınmış rejissorların əməyi nəticəsində uğurlu ekran həyatı yaşayır. Bu gün ölkəmizdə kadr islahatları aparılır. Gənclərə geniş imkanlar yaradılır və biz də istedadlı gəncləri birgə fəaliyyətə dəvət edirik. Ölkə başçısı İlham Əliyevin Azərbaycan kinosunun inkişafı ilə bağlı məlum Sərəncamının bir bəndi kadrların xaricdə təhsil alması ilə bağlıdır. Artıq bu, reallaşmaq üzrədir. Bu il iki gənc Rusiyada təhsil almağa göndərilib. Bütün bu nailiyyətlərlə yanaşı, son illər studiyada müştərək filmlərin istehsalına da üstünlük verilib. Rusiyanın çox nüfuzlu studiyası olan Sankt-Peterburqun "Lennauçfilm"studiyası ilə birgə iki beynəlxalq müştərək filmə imza atmışıq. Onlardan biri azərbaycanlı qəhrəman Hüseynbala Əliyev haqqında "Qafqaz qartalının uçuşu" və digəri isə Sankt-Peterburqda fəaliyyət göstərən səs rejissoru Ələkbər Həsənzadəyə həsr olunmuş "Səsin izi ilə" sənədli filmidir. Bununla yanaşı, Almaniya və İspaniya ilə beynəlxalq əməkdaşlıqla bağlı birgə layihələrimiz var. "Almanlar Azərbaycanda" sənədli filmi müştərək layihə əsasında gerçəkləşib. İspanlarla da bir filmin istehsalı baş tutub. Belə ki, "15 ispaniyalı Bakıda" filmi üzərində hazırda montaj işləri aparılır. Film İkinci Dünya müharibəsi zamanı Bakıda 15 ispaniyalının neft yataqlarını necə qorumasından bəhs edir. Çəkilişlər İspaniyada, Bakıda və Gəncədə aparılıb. Film ilin sonuna qədər tamaşaçıların ixtiyarına veriləcək. Artıq studiyada bədii filmlər istehsal olunmağa başlayıb. Mədəniyyət və turizm nazirliyi tərəfindən bizə etimad göstərilərək bədii filmlərin çəkilişinə icazə verilib. Bu il iki filmin istehsalına başlanılıb. Bu, "Mən evə qayıdıram" və "Qırmızı bağ" filmidir. "Mən evə qayıdıram" filminin çəkilişləri tamamlanıb, ilin sonuna təhvil veriləcək. İkinci filmin isə çəkilişləri davam edir. Yaradıcılıq işlərimiz plana uyğun olaraq davam etdirilir. Layihələrimiz, planlarımız kifayət qədərdir.


"Kino musiqidir, kino teatrdır, kino ədəbiyyatdır, kino aləmdir. Lakin bütün bunlar ayrı-ayrılıqda bir-birinə biganə olaraq qalmır, birləşərək filmə axıb gəlir. Hər biri onun orqanik üzvü olur."

Abbas Mirzə Şərifzadə


Kinossenarist, əməkdar mədəniyyət işçisi Rəfiqə Məsud:

- Sənədli filmlər olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Sənədli filmlərin yaradılması bilavasitə kinematoqrafiyanın tarixi ilə bağlıdır. Çünki bu kinosüjetlər sənədli kino kadrlarından ibarətdir. Sənədli filmin əhəmiyyəti təkcə həyatı hadisələri birbaşa təhlil etməkdən ibarət deyil. Sənədli filmlər konkret faktlar və hadisələri müqayisə və təhlil etmək üçün də geniş imkanlara malikdir. Bir sözlə, sənədli film reallığın yaradıcı şəkildə təsviri deməkdir. Gerçəkliyə nə qədər yaxınlaşırsansa, o qədər də təsirli və keyfiyyətli əsər yarada bilərsən. Kino yaradıcılığı mənim həyatıma, qanıma hopub. Uzun illərdir kino sənəti ilə, yaradıcılıqla məşğulam və onlarla filmin ssenari müəllifiyəm. "Salnamə" kinostudiyasında istehsal olunan bir neçə filmin də ssenari müəllifiyəm. Belə ki, kinostudiyada Azərbaycanın milli qəhrəmanları silsiləsindən olan Koroğlu İsmayıl oğlu Rəhimov haqqında qısametrajlı sənədli filmi, daha sonra ssenari müəllifi olduğum Bakıda keçirilmiş Dünya Din Liderlərini Bakı Sammiti haqqında "Tarixin yaddaşı. Bakı sammiti" adlı 41 dəqiqəlik filmi ərsəyə gəlib. Dünya din liderlərinin iştirak etdiyi Bakı sammiti haqqında film hazırlamaq mənə həvalə edildi. Dünya Din Liderlərinin Bakı Sammitində Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da iştirak edirdi. Bu, əlamətdar tarixi hadisə idi. Dünyanın müxtəlif ölkələrindən dünya dinlərini təmsil edən nümayəndələrin qatıldığı sammitə ev sahibliyi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə edirdi. Rusiya, İSESKO, İran, Küveyt, Kabardin-balkar, Hindistan, Türkiyə, Vatikan və başqa dövlətlərin iştirak etdiyi sammitdə liderlərlə görüşüb, dünyada gedən qloballaşma prosesində görüləcək işlərdən, sammitin əhəmiyyəti ilə bağlı fikirlərini öyrəndim. Film çox uğurlu alınmaqla əks-səda doğurdu. Filmin montaj rejissoru Fərid Axundov, operatorları Elşən Əliyev, Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədovdur. Film nazirliyin əməkdaşları tərəfindən yüksək qiymətləndirildi. Şeyx həzrətləri Allahşükür Paşazadə filmi çox bəyəndiyi üçün mədəniyyət və turizm nazirinə rəsmi təşəkkür məktubu göndərdi. Şeyx həzrətləri filmin dünyaya yayılması üçün rus, ingilis və ərəb dillərinə çevrilməsini sifariş etdi. Dörd dildə yayımlanan film əks-səda doğurdu. Film Azərbaycanda fəaliyyət göstərən səfirliklərə, dünya ölkələrinin din liderlərinə, Rusiyanın pravoslav kilsə nümayəndəsi Kiril həzrətlərinə təqdim edildi. "Tarixin yaddaşı. Bakı sammiti" filmi bu gün dünyanın, demək olar ki, bütün ölkələrində nümayiş olunur.

Digər film - Prezident İlham Əliyevin "Korrupsiya ilə mübarizə haqqında" Fərmanından irəli gələrək "Korrupsiyaya qarşı hamılıqla mübarizə" adlı film ərsəyə gəldi. 31 dəqiqəlik film Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya İdarəsi ilə birgə hazırlanıb. Filmdə Azərbaycanda baş verən korrupsiyanın qarşısının alınması istiqamətində mübarizə əksini tapıb. Korrupsiya ilə bağlı süjetlər əks olunub. Filmdə, eyni zamanda, korrupsiyanın yaranma tarixinə də diqqət yetirilib. Belə ki, eramızdan əvvəl III minillikdə hələ Şumer şahı Urukağının dövründə korrupsiyanın qarşısının alınması qeyd edilir. Belə tarixlə filmə keçid olunur. Bu film də uğurlu ekran həyatı yaşadı və nazirliyin əməkdaşları tərəfindən ona yüksək qiymət verildi. Respublikanın Baş prokuroru Zakir Qaralov belə filmin ərsəyə gəlməsinə görə yaradıcı heyətə, həm də ssenarisinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə rəsmi təşəkkür məktubu ünvanlayıb. Filmin uğurlu alınmasında Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya İdarəsinin rəisi, üçüncü dərəcəli ədliyyə müşaviri Kamran Əliyev, eləcə də, "Salnamə" studiyasının rəhbərliyinin köməyi xüsusi olub. Yaxşı film ərsəyə gətirmək üçün, ilk növbədə, gözəl yaradıcılıq imkanı olmalıdır. Filmlərin uğurlu alınmasında "Salnamə" kinostudiyasında yaradıcılıq üçün tam şərait mövcuddur. Ən əsası isə mövcud olan əhvali-ruhiyyədir. Təmiz ab-havanın mövcudluğu belə filmlərin yaradılmasına şərait yaradır. Filmi işlərkən uğurun olacağı səni düşündürmür. Əsas tamaşaçını qane edə biləcəksənmi sualı ətrafında düşünürsən. Bu baxımdan çalışıram ki, yaratdığım, qələmə aldığım filmlərin ssenarisi təsirli və baxımlı olsun. Kinemotoqrafiyanın ən xırda imkanlarından belə istifadə edim. Buna nə qədər nail olmağımı isə filmlərə baxan tamaşaçılar deyə bilər. Kino mənim uğurum, sabahım, həyatımdır.

Direktor müavini Kamil Məmmədov:

- Təvazökarlıqdan kənar olsa da, etiraf edək ki, qısa zamanda studiyada böyük sıçrayış əmələ gəlib. Filmlərin keyfiyyətcə yüksək səviyyədə alınması, onların mövzularının seçilməsi, eləcə də, normativlərə diqqət yetirmə əsas məsələlərdən biridir. Sənədli filmlər istehsal edərkən bu və digər amillərə, o cümlədən, büdcəyə uyğunluğuna diqqət yetirilir. Filmlərin çəkilişi zamanı yaranan çətinlik kadr çatışmazlığıdır. Əvvəllər kinemotoqrafiya sahəsində çalışan ixtisaslı kadrlar Moskva və Sankt-Peterburq şəhərlərində təhsil alırdılar. Bu da filmin keyfiyyətinin yüksəkliyinə dəlalət edirdi. Artıq bu məsələ həllini tapmaqdadır və studiyasının rejissoru Tahir Əliyev Türkiyədə akademik təhsilini davam etdirməyə göndərilir.

Redaktor Nadir Bədəlov:

- Müxtəlif səpkidə olan filmlərin redaktoru kimi 2010-cu ildən studiyada fəaliyyətdə olduğum dövrdə bir sıra istehsal edilən sənədli və bədii filmlərdə əməyim olub. Bir-birinin ardınca sənədli və bədii filmlərin istehsalına başlanıldı. Qarabağ savaşında şəhid olmuş vətən övladlarına həsr edilmiş silsilə filmlər istehsal edilib. Belə ki, "İz...qala", "Mart qırğınları", "Qara oyunlar" sənədli filmləri ictimai-siyasi məzmun daşıyır. Qarabağ hadisələrindən bəhs edən silsilə filmlərdən biri də mənim redaktorluğumla olan "Mən evə qayıdıram" sənədli filmidir. Filmin ssenari müəllifi İsmayıl Səfərəliyev, rejissoru Samir Kərimoğludur. Yaxın zamanda tamaşaçıların ixtiyarına veriləcək. Hazırda studiyada daha bir filmin - "Qırmızı bağ" bədii filminin istehsalına başlanılıb. Filmin çəkilişlərinə 2010-cu ilin ortalarından başlanılıb və çəkilişlər Şəkinin şəhər və kəndlərində aparılır. Sənədli filmlərin çox hissəsi burada istehsal edilir. Studiyada yaradıcılıq işlərimiz uğurla davam edir.

Direktor müavini Nazim Hüseynov:

- Studiyada işimizin uğurlu və rəngarəngliyi məqsədilə kənardan yaradıcı heyət də dəvət edirik. Belə ki, Mədəniyyət və İncəsənət Universitetinin məzunları üçün burada təcrübə mübadiləsi aparmağa şərait yaradılıb. Universitetin məzunu olan Mahmud Məmmədovu cəlb etdik və 20 Yanvar faciəsinə həsr olunmuş filmin çəkilişləri uğurla yekunlaşdı. Studiyanın xarici dövlətlərlə yaradıcılıq layihələri də uğur gətirir. Yaxın günlərdə xalq yazıçısı Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanı əsasında eyniadlı bədii filmin çəkilişinə başlanılacaq. Film "Salnamə" studiyası ilə Türkiyənin "24 KR" studiyasının müştərək işidir. Qeyd edim ki, film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında istehsal ediləcək. Filmin əsası, 80-90 %-i Azərbaycanda, digər hissəsi isə Türkiyədə və Ərzurumda çəkiləcək. Artıq Türkiyədən gəlmiş yaradıcı qrup Azərbaycandadır. Hadisələr iki ölkədə baş verdiyindən, layihəyə imza atılıb.

"24 KR" şirkətinin rəhbəri Sevda Kayqısız:

- "Mahmud və Məryəm" filminə baş prodüserlik mənə həvalə olunub. Filmin rejissoru Metin Hüseyndir. Azərbaycanla Türkiyə arasında olan bu layihə məni çox sevindirir. Romanı mütaliə edərkən, çəkilişinə məmnunluqla imza atdım. Tarixi və fantastik əsərdə insan sevgisi də özünü büruzə verir. Burada Çaldıran döyüşü də əksini tapıb. Döyüşə siyasi cəhətdən deyil, məhəbbət və insani dəyərlər baxımından yanaşılır. Bu, Azərbaycan və Türkiyə arasında olan ilk müştərək layihədir və çəkilişlərə oktyabr ayında başlanılacaq. Bizim şirkətin Avropa, Türkiyə, Amerika və İran kimi dövlətlərlə birgə layihələri əsasında filmlər istehsal olunub. İnanıram ki, bizim Azərbaycanla layihəmiz böyük əks-səda doğuracaq.

Rejissor Tahir Əliyev:

- 2007-ci ildən studiyada çalışıram. Son iki ildə studiyanın fəaliyyəti genişlənərək gənclərə meydan verilib və 10-na qədər film istehsal olunub. Azərbaycan milli qəhrəmanları silsiləsindən gənc rejissorlar 3 film istehsal ediblər. Çəkdiyimiz filmlər son iki ildə 15-ə yaxın kino festivalı və müsabiqələrdə iştirak edib, mükafatlara layiq görülüblər. Hər il studiyaya nüfuzlu kinofestivallardan mükafatlar təqdim olunur. Son illərdə studiya 4-5 beynəlxalq layihəyə imza atır. Hazırda yeni filmlər üzərində işləyirik. Polşa, Rusiya və Bolqarıstanla danışıqlar gedir. Gələn il üçün yeni layihəmiz təsdiqlənib. Bu Sloveniya ilə müştərək işimiz olacaq. Yaradıcılıq işimiz davam edir.

Digər xəbərlər