Mədəniyyət

  • 9 617

Azərbaycan muğamı miniatürlərdə

image

AMEA-nın Mərkəzi-Elmi Kitabxanasında M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tanınmış rəssam Fəxrəddin Əlinin "Bir kitabın izi ilə. Azərbaycan muğamı miniatürlərdə" kitabının təqdimat mərasimi keçirilib.

MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova qeyd edib ki, muğamlarla bağlı düşüncələrin əks olunduğu bu kitab milli musiqimizin inkişafına töhfədir.

Tədbirdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxanada Azərbaycanın təbliğinə xidmət edən çoxsaylı işlər görüldüyünü qeyd edib. MEK-in Milli Rəqəmsal Yaddaş bazası haqqında məlumat verən direktor bildirib ki, məqsəd Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək və oxucuların istifadəsinə verməkdir.

Təqdimat mərasimində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, əməkdar artist Teyyub Aslanov, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Sevil Fərhadova, A.Zeynallı adına Musiqi Kollecinin müəllimi Məhərrəm Dövlətov və başqaları kitabın təqdimatı münasibətilə müəllifi təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda kitabın müəllifi, tanınmış rəssam Fəxrəddin Əli tədbirin təşkilatçılarına və iştirakçılarına və kitabın işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib.

Tədbir xalq artisti Mənsum İbrahimovun tələbələrinin, o cümlədən, MEK əməkdaşı Səddam Əliyevin muğam ifaları ilə davam edib.

NƏZAKƏT

Digər xəbərlər